“Azərbaycan Dəmir Yolları”nda kütləvi İXTİSAR – 35 nəfərin işinə niyə XİTAM VERİLDİ?

Bakı Xəbər - İctimai Siyasi Qəzet

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kütləvi ixtisarlar başlayıb. Quruma iki ay əvvəl təyin edilmiş yeni sədr ömrünü Azərbaycan Dəmir Yollarına həsr etmiş köhnə kadrları işdən çıxarmağa başlayıb.

Bu iddia ilə Bizim.Media-ya 31 il “Azərbaycan Dəmir Yolları” QSC-də Təsərrüfat Departamentinin sədr müavini kimi çalışan, hazırda isə işdən çıxarılan Mehman Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edib.

O, qeyd edib ki, qurumun Təsərrüfat Departamentinin 35 nəfərinə müqavilə müddətinin bitməsi səbəbindən işlərinə xitam veriləcəyi ilə bağlı onlara xəbərdarlıq edilib:

“Yoldaşım ömrünü Azərbaycan Dəmir Yollarına həsr edib və 8 rəhbər dəyişib. Bu illər ərzində problemsiz işləyib və bir dəfə də olsun töhmət almayıb. Yeni rəhbər gələndən bütün düzən pozulub. Əsassız yerə işdən kənarlaşdırıldığı üçün yoldaşımın səhhəti pisləşib və hazırda xəstəxanadadır. İlin günün bu vaxtı biz nə edək? Özümüz isə məcburi köçkünlər evimizi zəbt etdiyi üçün kirayədə qalırıq. Mehman 27 ildir “Azərbaycan Dəmir Yolları” nda ev növbəsində dayanıb. Cavid Qurbanovun vaxtında evlər aidiyyəti olmayan şəxslərə verildi, gözlədik. Bu gün isə 27 illik ev həsrətinə də son qoyuldu.

İndi kirayə haqqını necə ödəyəcəyik, nəylə dolanacağıq?”

Elnarə Əliyeva qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbəri Rövşən Rüstəmov qurumun Təsərrüfat Departamentinin rəisini işdən çıxararaq, yerinə Fərid Hüseynovu təyin edib:

“Köhnə kadrları işdən çıxarırlar. Yoldaşım kirayədə qaldığını, başqa dolanacaq yeri olmadığını Fərid Hüseynova izah edib. O, isə “əmr belədir, bizə dəxli yoxdur” deyə cavab verib. Bayramqabağı idarədə aləm bir-birinə qarışıb. İşlərinə xitam verilənlər təşvişə düşüb, nə edəcəklərini bilmirlər. Qurumun elə işdən çıxarılanları var ki, deyir, özümə qəsd edəcəyəm. 31 ilin kadrını çölə atmaq nə deməkdir? Bundan sonra 55 yaşında olan adam harda, necə işləsin?”

Şikayətçi hüquqi baxımdan köhnə kadrın müqaviləyə görə işdən çıxarılmasının qanunsuz olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəklərini bildirib.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik.

Qurumun mətbuat katibi Sənubər Nəzərova sorğunu rəsmi email ünvanlarına göndərməli olduğumuzu bildirib.

Xatırladaq ki, oktyabrın 26-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Rövşən Mürvət oğlu Rüstəmov sədr təyin edilib. 

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - YENİ TƏYİNAT » Heqiqet.Az


Dekabrın 2-də isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

 






Fikirlər