“Şagird Səməd Vurğunu tanımır, amma Pərviz Bülbülənin meyxanalarını əzbər bilir”

“Şagird Səməd Vurğunu tanımır, amma Pərviz Bülbülənin meyxanalarını əzbər bilir”

Müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmayıb. 

Tez-tez sosial şəbəkələrdə, müxtəlif ekspertlər tərəfindən bu problemlər qabardılır. Cəmiyyət bu məsələdə daha çox Elm və Təhsil Nazirliyini günahlandırır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə aparıcı auditor, ekspert Asif İbrahimov bildirib ki, mövcud şəraitdə təhsil sahəsində ciddi problemlər var və onların həlli vacibdir: 

“Uzun illər ki, təhsil məsələsi müzakirə edilir. Bu gün Azərbaycan Elm və Təhsil Nazirliyinində ciddi sistem xətaları var, düzdür, ancaq Azərbaycanda təhsil siteminin bu vəziyyətdə olması təkcə nazirliklə əlaqəli deyil, digər sahələrin də burada rolu var. Bu həm də cəmiyyətlə bağlı məsələdir. Məsələn, biz meyxananı, bayağı mahnıları efirə çıxarırıq, bunu cəmiyyətə təqdim edirik, sonra da deyirik ki, təhsil yoxdur. 8-ci sinif uşağının Pifaqor teoremini öyrənməyə həvəsi olmur, amma meyxananı əzbər bilir, bilir ki, “Şir həmişə şirdir”. Problem bax, bundadır. 

Biz cəmiyyət olaraq bu məsələyə yanaşmalıyıq, burada həqiqətən təhlükəli problemdir, bizim ideologiyamız pozulub sonra da deyirik ki, təhsil yoxdur. Bundan sonra da Elm və Təhsil Nazirliyini günahlandırırıq”. 

Ekspertin sözlərinə görə, biz cəmiyyət olaraq məsələyə kompleks yanaşmalı, günahı yalnız bir qurumun üstünə yıxmamalıyıq: 

“Nazirliyin təhsillə bağlı problemləri çoxdur. Dünyanın qabaqcıl təhsil standartları olan ölkələr təhsil müəssisələrinin də operativ idarəedilməsini təmin etmək məqsədilə İSO 21001 standartını tətbiq edirlər. Amma biz bunu etmirik. Bundan başqa, dünya ölkələrində bir sıra müsbət praktikalar var, amma biz bunu tətbiq etmirik. 

Yeni məktəblər tikilir, gedib baxırsan heç birinin laboratoriyası yoxdur. İstər kadr seçilməsində, istər təhsilə yanaşmada problemlər var, ancaq ən böyük problem ideoloji problemdir. Biz ümumi olaraq bu problemə aydınlıq gətirməliyik, bunu kimlərinsə üstünə atmamalıyıq. 

Çadır toyunda oxunanlar orada qalmalıdır, 6-8-ci sinif uşağı bunu əzbər bilməməlidir, biz uşaqları bunlardan təcrid etməliyik. Biz bunu cəmiyyət olaraq həll etməliyik, məsələyə kompleks yanaşmaq lazımdır. Məktəbli uşaq Pərviz Bülbülənin oxuduğu meyxananın sözlərini əzbər bilir, amma Səməd Vurğunudan sual verirsən, baxırsan ki, heç nə bilmir. Diqqəti bu yönə çəkməliyik”. 






Fikirlər