Çəmbərək Rayon İcması İdarə heyətinin toplantısı keçirilib...

15 Fevral 2024-cü il tarixində Çəmbərək rayonu Toxluca kənd Icmasinin iclas zalında “Qərbi Azərbaycan İcması” Çəmbərək Rayon İcması İdarə heyətinin toplantısı keçirilib.

Bu barədə AzerTaym.az-a Çəmbərək rayon icmasının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Çəmbərək rayon İcmasının sədri Professor Əvəz Ələkbərov toplantıda çıxış edərək, öncə 7 fevral növbədənkənar prezident seçkilərində möhtəşəm qələbə münasibətilə ölkə başçısı cənab İlham Əliyevi Çəmbərək rayon icmasının bütün üzvləri adından təbrik edib, daha qüdrətli Azərbaycan naminə atacağı hər bir addımda müzəffər Ali Baş Komandana böyük uğurlar arzulayıb.

Ölkəmizin ilk dəfə bütün ərazisində, o cümlədən azad edilmiş doğma torpaqlarımızda keçirilmiş şəffaf, azad və demokratik seçkilərdə dövlət başçısının inamlı qələbə qazanaraq yenidən ölkə başçısı seçilməsinin xalqımızın öz liderinə sarsılmaz inamının və sonsuz məhəbbətinin, ötən 20 ildə qüdrətli, qalib dövlətə çevrilən müstəqil Azərbaycanımızın firavan gələcəyinə, hərtərəfli inkişafın və zəfərlərin davamına yüksək dəstəyinin təzahürü olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Qərbi Azərbaycan İcması”na diqqətindən və qurumun fəaliyyətinə etdiyi töhfələrdən, ölkəmizin lider bir ölkəyə çevrilməsindən danışıb. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımız sürətlə bərpa olunur, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində məcburi köçkün düşmüş minlərlə vətəndaş öz doğma yurdlarına qayıdır. Həmçinin “Qərbi Azərbaycan İcması”nın səmərəli fəaliyyətindən söz açıb.

Qərbi Azərbaycan İçması (QAİ) hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin hüquqi varisidir. 2022-ci ilin 3 avqustunda keçirilən ümumi yığıncaqda təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.

Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda Çəmbərək rayon icması kimi bizim də üzərimizə böyük tarixi məsuliyyət düşür. Unutmamalıyıq ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi. Lakin qazandığımız qələbə bizi tarixi torpaqlarımıza, qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər birimiz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməliyik.

İcma sədri rayonun kəndlər üzrə məlumatların, fotoşəkillərin, tarixinin, toponimlərinin, folklorunun, sistemli şəkildə araşdırılmasının önəmindən bəhs etdi. Əvəz Ələkbərov öz çıxışında vurğuladı ki, Qərbi Azərbaycanın bütün guşələri kimi Çəmbərək də özünün zəngin irsi ilə seçilir, təəssüf ki, ötən əsrdə baş verən deportasiyalar maddi və mədəni irsimizə öz ağır təsirini göstərib. O qeyd edib ki, insanların acı qaçqınlıq taleyi mədəni həyatımızdan yan keçməmiş, mədəniyyətimiz itkilər və ermənilər tərəfindən törədilən vandallıq əməlləri ilə üzləşmişdir. Daha sonra İcma sədri rayonun elm adamlarına, onların elmi araşdırmalarına xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayıb.

İdarə heyətinin sədri filologiya elmləri doktoru professor İbrahim Bayramovu 70 yaşı münasibətilə Çəmbərək rayon idarə heyətinin üzvləri və öz adından təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılığında yeni uğurlar arzuladı, Çəmbərək rayonunun Fəxri Fərmanını təqdim edib.

Sonda Çəmbərək rayon icmasının 2024-cü il üçün iş planı və mart ayının tədbirlər proqramı müzakirə olunub.

İclasda Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon icması üzrə koordinatoru İman Məmmədov iştirak edib.

 

 

 

 






Fikirlər