Ev və maşınlara dəyən zərəri kim ödəyəcək? - AÇIQLAMA

Ev və maşınlara dəyən zərəri kim ödəyəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gündən başlayan və bu gün gündüz saatlarınadək davam edən yağışlar nəticəsində paytaxt bakıda bir çox küçə və prospektləri su basıb.

Ökə.Az xəbər verir ki, bir sıra ərazilərdə avtobuslar, minik avtomobilləri, eləcə də yaşayış evləri sel sularının altında qalıb.
Belə olan halda baş vermiş vəziyyətə görə zərərçəkənlərə hər hansı kompensasiyanın ödənilib-ödənilməməsi məsələsi meydana çıxır.

Ad - 00:14

 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki,yağış altında qalan maşınlara görə dəyən zərəri kasko sığortası olanlar ala bilər:

“Könüllü növ kasko sığorta müqaviləsi şərtlərində təbii fəlakət və s. qeyd olunubsa, hər hansı bir problem yoxdur, nəqliyyat vasitəsi təminata düşür. Yəni sığorta şirkəti sığortalanan avtomobillərə dəymiş zərərin qarşılığını ödəyəcək. 

Amma bəzən olur ki, avtomobili dəyərindən az, məsələn, 50-75% sığortalıayırlar. sığortalayırlar ki, az həcmdə sığorta haqqı ödəsinlər.  Bu zaman artıq onlar üçün ciddi sürpriz olacaq”.
Ekspert su basan evlərlə bağlı  da danışıb:

“İcbari sığortaları varsa, orada da qanunvericilikdə nəzərdə tutulmuş formada təbii fəlakət və s. qeyd olunur. Bu şərtlər çərçivəsində ödəniş təminata daxil olur. 
Əfsuslar olsun ki, bu gün Azərbaycanda çox adam evini sığortalamır. 
Bir şeyi də qeyd etmək lazımdır ki, Bakı şəhərində evlərin icbari sığortasının rüsumu 50 manatdır və sığorta şirkəti tərəfindən ödənilən maksimum məbləğ 25 min manat təşkil edir. İcbari növ sığortada 25 min manatdan çox dəyən zərər təminata daxil deyil”. 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, bəzi hallarda dövlət tərəfindən sığorta olmayan evlərə görə də ödəniş edilir:

“Əmlakın sığortalanması üçün onun çıxarışı olmalıdır. Çıxarış olmasa, mümkün deyil. Azərbaycanda daşınmaz əmlakların sığortalanmasına maraq qazdır. Ən çox məcburi sığortalanan əmlaklar ipoteka kreditində olan, yəni kreditli şərtlərlə satılan əmlaklardır. Banklar öz pullarını sığortalamaq üçün həmin əmlakları sığortalamaq məcburiyyəti qoyurlar. 

İnsanlarda sığorta ilə maaariflənmə az olduğuna və bu sahədə məcburiyyət olmadığına görə hər hansı bir təbii fəlakət, yanğın və ya subasma zamanı dəymiş zərərin kim tərəfindən ödəniləcəyi sual altında qalır. Əgər bir əmlakın sığortası yoxdursa, dəymiş zərər vətəndaşın özü tərəfindən törədilibsə, həmin əmlak sığorta predmetinə çevrilə bilmir. 

Amma biz təcrübıyə baxsaq, görərik ki, ölkədə ayrı-ayrı illərdə torpaq sürüşməsi, zəlzələ, subasma hadisələri zamanı vətəndaşların sığortası olmasa belə hansısa bir formada dövlət tərəfindən vətəndaşlara dəymiş zərər kompnsasiya olunub. Əgər həmin əmlak yaşayış üçün yararsızdırsa, sel subasma nəticəsində tamamilə sıradan çıxıbsa, dövlət tərəfindən o əmlaklara dəymiş zərər qarşılanır. Amma sadəcə su basıb quruduğu zaman və əmlakın sığortası yoxdursa, təbii ki, vətəndaşa həmin halda kompensasiya ödənilmir. 
Əgər vətəndaşın mənzilinin çıxarışı varsa və o öz əmlakını sığortalamayıbsa, vətəndaşın hansısa qurumlardan tələbinin olması doğru deyil. Çünki qanunvericilikdə sığorta predmetləri var və dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır. Amma bu hal məcburiyyət ola bilmir. Çünki ölkədə xüsusən paytaxt Bakı şəhərində və Abşeron ərazisində daşınmaz əmlakların bir hissəsi çıxarışlı olsa da, bir hissəsi çıxarışsızdır. Çıxarışsız əmlakların sayı çox olduğuna görə bunu məcburi etmək mümkün deyil. Əmlakın sığortalanması məcburi olsa, çıxarışsız ev sahibləri də istəyəcək ki, evi sığortalansın, amma qanun çıxarışsız evin sığortalanmasına imkan vermir”. 

E.Fərzəliyev bu gün baş vermiş hadisəyə görə aidiyyəti qurumların məsuliyyət daşıdığını söyləyib:

“Vətəndaşa dəymiş zərər bir var, zəlzələ torpaq sürüşməsi və s. səbəblərdən olsun. Bir də var ki, deyirlər yağış normadan çox yağıb. Bunda günahkar nə vətəndaşdır, nə də yağış. Burada məsələ yolların düzgün qurulmaması kanalizasiya xətlərinin düzgün işləməməsidir. Nəzər almalıyıq ki, Bakı amfibiya şəhərdir, sular yuxarıdan aşağı axır. Digər tərəfdən ölkədə son 30 ildə minlərlə daşınmaz əmlak  tikilməsinə baxmayaraq yeni kanalizasiya xətlərinin çəkilməməsi və bütün yeni 
əmlakların köhnə kanalizasiya xətlərinə qoşulması səbəbindən o xətlər də belə güclü yağışlar olanda suları daşıya bilmir. Yəni burada təkcə əmlakını sığortalamadığı üçün vətəndaş günahkar deyil. Burada müxtəlif qurumlar da məsuliyyət daşıyır. 
Əgər təbii fəakətdirsə, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara dəymiş zərərin qiymətləndirilməsini aparır. 
İstənilən qurum təbii fəlakətlərə hazırlıqlı olmalıdır. Yağış sadəcə bir sutka yağdı və bu cür hadisələr oldu. Bu yağışın müddəti daha çox ola bilərdi. Belə çıxır ki, şəhər iflic halına düşcəkdi”.






Fikirlər