Əgər evi sığorta etsək, zəlzələdə dağılarsa: “100-150 minə mənzil alır, amma...”
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın çox az hissəsi istifadə olunur. Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, mülkiyyət hüququ olan, yəni özbaşına tikilməyən və haqqında sökülmək barədə qərar olmayan bütün əmlakları sığortalamaq mümkündür. Bəs görəsən, bunun səbəbi nədir? İnsanlar niyə əmlaklarını sığortalamaq istəmirlər? Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Əli Əhmədov bunu insanların məsuliyyətsizliyi ilə əlaqələndirib: “Bizdə mənzillərin, həyət evlərinin böyük əksəriyyəti sığortalanmayıb. Bunun birinci və ən böyük səbəbi məsuliyyətsizlikdir. Buna başqa bəhanə tapmaq çətin məsələdir. Çünki sığortanın nə qədər vacib olduğunu zəlzələ də bizə göstərdi. İnsanlar 100-150 min verib aldıqları mənzilləri 50-60 manat verib sığortalamırlar. İldə bu qədər pul verməklə hadisə zamanı evə dəyən ziyanın təxminən 25 min manatını qarşılama mümkündür. Bölgələrdə sığorta qiymətləri daha ucuzdur. Gəncə və digər böyük şəhərlərdə bu qiymət illik 40 manat, kəndlərdə isə 30 manatdır. Bu da 15 min manatlıq zərəri qarşılayır. Bu qədər zərər limiti evlərin bərpasına kifayət edir. 100 min manatlıq evi tam sığortalamaq üçün təxminən 150 manat pul lazımdır. Bu zaman evə nə olsa, zərər tam qarşılanır. 50 manatlıq sığorta isə tam yox, zərərin bir qismini qarşılayır”. Ekspert bildirib ki, vətəndaşların evlərini sığortalamaqda qaçmasının digər səbəbi sığorta şirkətlərinə inamın olmamasıdır: “İnsanların evlərini sığortalamamasında sığorta şirkətlərinə inamsızlığın da öz təsiri var. Uzun illər elə hadisələr olub ki, avtomobillərini sığortalayan şəxslər qəza zamanı şirkətdən pulu ala bilmədiklərinə görə sığorta şirkətlərinə inam azalıb. Amma indi sığorta şirkətləri işləyirlər, avtomobillərə də, evlərə də dəyən ziyanı ödəyirlər. Bu məsələ "pulumuz çatmır" məsələsi deyil. İldə 30 manat verməklə bölgələrdəki istənilən şəxs evini sığortalada bilər. Bu insanların gücünün çatmayacağı məbləğ deyil. Evini sığortalatmaq istəyən şəxs şirkətə yaxınlaşsa, evin qismən və tam sığortalanmasının şərtlərini ətraflı izah edirlər. Hətta bu gün həm evi, həm də içindəki əşyaları sığortalamaq olur. Təqribən 300-350 manat xərcləməklə evi və içindəki əşyaları müəyyən limit daxilində sığortalatmaq mümkündür. Bəziləri deyir ki, sığorta şirkətləri sonra ödəniş etmirlər. Xeyr, bu belə deyil. Şirkətlər bəzən ləngitsələr də ödənişi mütləq edirlər. Məsələ zərərin necə hesablanmasıdır. Amma onlar zərəri az hesablasalar belə, əmin olun ki, ödədiyiniz məbləğdən qat-qat çox olacaq”.