İKİ MƏQALƏYƏ BİR CAVAB – “Rafael Hüseynov, kişi ədavət saxlayar, lakin 30 ildən sonra...”
Aslan KƏNAN Hörmətli Rafael müəllim (Rafael Hüseynov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini. - red.), sizin “525-ci qəzetdə” Xalq artisti Habil Əliyevə həsr olunan məqalənizi (“Erməni qoşununu təkbaşına məğlub edən”, “Kamança Habil”) oxudum. Yazıdan aydın olur ki, məqsədiniz ustad sənətkarı üzünüzə tutub köhnə boxçanı töküb-töküşdürməkdir. Məlum olur ki, töküb-töküşdürdüyünüz boxçanın içindən illər uzunu daxilinizdə tuğyan edən köhnə ədavəti xırdalamaq olub. Həmin ədavətinizin ünvanı isə görkəmli musiqişünas, ömrünün 30-40 ilini musiqi tədqiqatına həsr etmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir. Sözüm yoxdur, kişi ədavət saxlayar, lakin nə az, nə çox, 30 ildən sonra dünyasını dəyişmiş bir musiqi tədqiqatçısı ilə münasibətinizi qabartmağı, özü də bir tərəfli şəkildə, sizin kimi alim və ictimai xadimə yaraşdırmıram. Mənə elə gəlir ki, F.Şuşinskinin 1983-cü ildə dərc etdirdiyi “Hazır kökə “xəstəsi”" məqaləsində sizi uzun-uzadı tənqid etdiyinə görə onun ruhundan əl çəkə bilmirsiniz. Bu nifrətiniz musiqidən xəbərsiz, yalnız ailə ansamblında çalmağa layiq olanlara da sirayət edib. Məqalənizdə qeyd edirsiniz ki, “bir axşam unudulmaz müğənnimiz Əlibaba Məmmədov mənə zəng vurdu ki, xoşagəlməz bir hadisə baş verib, bir kitab çıxır, o yayılsa, milli musiqimizə ağır həqarət olacaq, söyülməyən, təhqir edilməyən bircə də olsa tanınmış sənətkarımız qalmayıb, köməyinə ehtiyacımız var...” “Musiqişünasın düşüncələri” kitabında söyüş, təhqir ifadələri kimi qiymətləndirilənlərə Əməkdar elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdullanın cavabı daha maraqlıdır: “Mən bu kitabda təhqiredici sözə rast gəlmədim. Təhqir sözünün semantikasından çıxış etsək, ilk növbədə, onu deməliyik ki, təhqir senzuradan kənarda olan ifadəyə deyilir. Təhqir söyüş deməkdir. Bu kitabda isə ədəbi dil senzurasından kənarda olan heç bir ifadəyə rast gəlmədim. Əgər hər hansı bir müğənni və ya ifaçının sənəti qəribə bənzəmələr assosiasiyası yaradırsa, bu, sadəcə olaraq müəllifin bədii zövqünün səviyyəsini göstərir. ...Azərbaycanın musiqi tarixində adlarını eşidib, haqqında bilmədiyimiz adamlar, onların sənəti, ifa tərzi barədə bu kitabda sistemli şəkildə verilmiş məlumat olduqca gərəklidir. Kitabın ikinci əhəmiyyəti ondan ibarətdir ki, o bizim indiyə qədər alışdığımız trafaretləri sökür və bizi bir çox halda çılpaq həqiqətlərlə üzbəüz qoyur. Müğənnilər haqqında deyilən sözlər peşəkar olmayan musiqisevərlər üçün çox böyük və gözlənilməz kəşflərdir. Biz təəssüf ki, hətta günümüzün bu çağında da subyektiv qiymətlərə o qədər də alışmamışıq. Bizə elə gəlir ki, kiməsə qiymət veririksə, onun bir az yaxşı, bir az pis tərəflərini qeyd etməklə kifayətlənə bilərik. Amma unuduruq ki, əsl həyatda belə olmur. Həyat müxtəlif rənglərin, müxtəlif səciyyələrin qaynayıb-qarışmasından yaranan rəngli televizor kimidir. Subyektiv fikrə hörmət lazımdır”. Belə görünür ki, sizdən kömək istənildikdən sonra 40 il bundan əvvəl haqqınızda yazılan tənqidi məqalə müəllifinə qarşı qəlbinizdə nifrət hissi yenidən alovlanıb və əlinizə girəvə düşdüyünü anlayıb, böyük sənətkarlarımızı sakitləşdirmək əvəzinə onlara bu yolda başçılıq etməyi qərara alıbsınız. Yazınıza davam edərək göstərirsiniz ki, “Habil Əliyev, Canəli Əkbərov, Rəhilə Həsənova, Niyaməddin Musayev, Novruz Feyzullayev, Ramiz Quliyev və digərləri Nizami muzeyindəki otağımda toplaşdılar. Artıq siqnal nüsxələri buraxılmış kitabdan birini də tapıb gətirmişdilər. Vərəqlədim, doğrudan da, dəhşət idi. Bu müəllif - uzun illər heç bir musiqi savadı olmadığı halda "Şuşinski" təxəllüsü ilə özünü musiqişünas kimi qələmə vermiş, işi-peşəsi Azərbaycan muğam ifaçılığının ermənilərin üzərində qurulduğunu şüurlara yeritməkdən ibarət olmuş, bütün yazdıqları ortadaykən həqiqi simasından hətta bu gün də çoxlarının dürüstlüyü ilə anlamadığı Firidun Həsənov "Musiqişünasın düşüncələri" adlı irihəcmli kitabını "Gənclik" nəşriyyatı xətti ilə nəşr etdirməyi bacarmışdı...” Rafael müəllim, F.Şuşinski “Musiqişünasın düşüncələri” kitabında bir erməninin belə adını çəkmədiyi halda onu ermənipərəstlikdə suçlandırırsınız. Qeyd edək ki, F.Şuşinski yeganə musiqi tədqiqatçılardandır ki, onun amalı yalan tərif yox, doğru tənqid idi. Tənqid etdiyi şəxsin kimliyindən asılı olmayaraq, ona qarşı qələmini itiləyərdi. Onun üçün pisi-pis, yaxşını-yaxşı demək müqəddəs iş idi. Buna görə də böyük sənətkarlardan tutmuş sadə muğamsevərlər onu sevirdi. Uzun müddət Azərbaycan Televiziyasında “İfaçılıq sənəti”, radioda “Muğam konserti” rubrikası ilə verilişlərin müəllifi və aparıcısı olmuşdu. Tamaşaçı və dinləyicilər muğamlarımızın tarixi və onun ifaçıları haqqında maraqlı məlumatları dinləməkdən həzz alırdılar. Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun aşağıdakı fikirləri ilə razılaşmamaq olmur. O yazır: “Firidun Şuşinski, heç şübhəsiz, XX əsrin ikinci yarısı Azərbaycan ziyalılığının klassik nümayəndələrindən biridir. Onun yaradıcılığı, ümumən dünyagörüşü, hər şeydən əvvəl milli təəssübkeşlik hadisəsi olmaqla, öz mənbəyini bilavasitə mənsub olduğu xalqın ideallarından alır. İstər “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri”, “Musiqişünasın düşüncələri” və s. kitabları, istər ardıcıl olaraq radio və televiziyada apardığı “Muğam axşamı”, “İfaçılıq sənəti” verilişləri, istərsə də uzun illər ərzində Azərbaycan xalq musiqisi tarixinə aid topladığı (və bütöv bir muzey təşkil edəcək qədər zəngin) eksponatlar Firidun bəyin yaradıcılığı barədə yetərincə mükəmməl təsəvvür yaratmaqdadır. Və bu da təsadüfi deyil ki, ölkənin Fikrət Əmirov, Niyazi, Ziya Bünyadov, Əkrəm Cəfər, Aslan Aslanov, Tahir Salahov, Tofiq Quliyev, Xəlil Rza Ulutürk... kimi vətənpərvər ziyalıları vaxtında onun həm yaradıcılığını, həm də şəxsiyyətini yüksək qiymətləndirmişlər”. Qeyd etmək lazımdır ki, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Heydər Əliyev mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov sənətşünas-alim Firidun Şuşinskinin əsərlərinə yüksək qiymət vermiş və onun silsilə portlərini yaratmışdı. Siz yazınızda qeyd olunur ki, Habilin “ad-sanı artıq 1960-1970-ci illərdən respublikanın sərhədlərini aşmışdı”, canlı klassik hesab edildiyi bir zamanda F.Şuşinski tərəfindən onun yaradıcılığı bir dəfə də olsun işıqlandırılmayıb. Sizə xatırlatmaq istərdim ki, F.Şuşinski 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan H.Əliyev tez bir zamanda şöhrət tapmışdı. Həmin ilin iyun ayında H.Əliyevə “Əməkdar artist” fəxri adı verilir. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu. F.Şuşinski kamançaçalan Habil Əliyevin yaradıcılığına yüksək qiymət verəndən sonra 1979-cu ildə “Çalğı musiqimiz” adlı məqalə dərc etdirir. Məqalə müəllifi Habil Əliyevin son vaxtlar üzərində işləmədiyini qeyd edərək yazır: “... Öz şirin və yaradıcılıq fantaziyası ilə xüsusi bir məharətlə çaldığı “Segah”ı (“Habil Segahı”nı) belə, yadırğamışdır. Artıq Habilin çaldığı “Segah” 5-10 il bundan əvvəl çaldığı “Segah”a bənzəmir. Bunu yəqin Habil özü hiss edir. Habil geniş diapozonlu sənətkardır. O bütün muğamları sərbəst və asanlıqla çala bilir. Ondan yeni-yeni sənət nümunələri tələb etməyə haqqımız var. Qüdrətli sənətkarın öz məktəbi olmalıdır”. Firudin Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı nəinki siz, musiqidən piyada insanlar belə bu üsula əl atırlar. Onu əsərlərində erməniləri “təbliğ” etməkdə günahlandırırlar. Bu azmış kimi şəxsiyyətinə toxunan “ibarə”lər işlətməkdən xəcalət çəkmirlər. Halbuki, Firidun bəyin muğam tariximizə verdiyi töhfələri heç bir sənətşünas verə bilməyib. Sual olunur: erməniləri yuxarı başa çəkən kimlər olub? Xatırladım ki, ermənilər mənafeləri naminə məqamı gəldikdə bizim sadəlövlüyümüzdən ustalıqla istifadə etmiş və hal-hazırda da etməkdədirlər. Bununla da nəinki mədəniyyətimizə, incəsənətimizə, hətta adət-ənənələrmizə də hakim kəsildilər. Bu şərəfsizlər, xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, hökumət konsertlərimizi musiqiçilərimizlə birgə aparmaqla varlandılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edirdilər. Bizim korifey sənətkarlarımızla şəkil çəkdirməkdən qürur duyurdular. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər. Unutmayaq ki, respublikamızın televiziya ekranlarında hər hansı bir klassik sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orada kamança, balaban çalan, ya da dəf vuran erməni olur. Elə bir musiqi üçlüyü yoxdur ki, orada tarzən, ya kamançaçı, dəf vuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yoxdur ki, orada erməni millətindən olmasın. Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkillərini də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam edib. Deyildiyinə görə, Azərbaycanda 50 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, oynaşları bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamança çalanları, dəf, bəzən nağara vuranları müşayiət edib. Bu da Firidun bəyin günahıdır? Toylara, məclislərə, dövlət tədbirlərinə azərbaycanlı sənətkarı siyahıdan silib, yerinə erməninin adını yazanda fikirləşdilərmi ki, hansı bir günahın sahibidirlər? Bəlkə bu da Firidun bəyin günahıdır? Vaxtilə ermənilərlə qucaqlaşıb şəkil çəkdirən sənətkarlar, keçmiş günlərini bir daha vərəqləsin! Kimin haqlı, kimin haqsız olduğunu özləri müəyyənləşdirsinlər. F.Şuşinskinin kölgəsini qılınclayanlar vaxtilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa Firidun Şuşinski? Unutmayaq ki, erməniləri siz də unutmamısınız… Şuşinskinin 1962-ci ildə yazdığı “Şuşa” kitabı 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra kitabın bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak A.İ.Mikoyana verilir. Daşnak əsəri oxuyandan sonra Moskvada vəzifədə oturan bir qrup erməni ilə birgə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Njde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur. Bu əsərə görə F.Şuşinski uzun müddət təqiblərə, tənqidlərə, iftiralara məruz qalanda onların qarşısını Ümumilli Lider Heydər Əliyev aldı.“Qətiyyətin təntənəsi” əsərində Ulu Öndərin 1968-ci ildə nəşr olunmuş “Şuşa” kitabı haqqında fikri daha maraqlıdır: “...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı”. Beləliklə, Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tədqiqatçı-alimin təqib olunmasına son qoyuldu. Sonralar Firidun bəy etiraf edirdi ki, Heydər Əliyev olmasaydı bu qarğa-quzğunlar, az qala onun dərisini soyacaqdılar. Ermənipərəst kimi F.Şuşinskini suçlandıranlar, nə səbəbdən “Şuşa” əsəri haqqında yazmır və Ulu Öndərin bu qayğıkeşliyindən söhbət açmırsınız?! 2014-cü il aprelin ayının 28-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında Azərbaycanın Xalq artisti, gözəl tarzən Sərvər İbrahimov haqqında veriliş nümayiş olunurdu. Verilişdə tarzən Sərvər İbrahimovla lentə alınan üçlüyün əksəriyyəti naxələf qonşuların nümayəndələrindən idi. Ümumiyyətlə, tarzənlərimizin əksər kamançaçalanı, dəfvuranı yuxarıda qeyd etdiyim kimi, həmin naxələflər olublar. O dövrdə çəkilmiş şəkillərə nəzər saldıqda mütləq bu qeyrətini itirmiş nəslin nümayəndələrinə rast gəlmək olur. Niyə televiziya ekranında bu görüntülərin, şəkillərin kökünü kəsmirlər. Çünki həmin sənədləri məhv etməli olsalar, Azərbaycan xalqının dahi sənətkarları haqqında gələcək nəsil məlumatsız qalacaq. Məgər buna da F.Şuşinski günahkardır? O zaman həmin görüntünü nümayiş etdirənə niyə etiraz bildirilmirdi? İstedadlı kamança ustası, Azərbaycanın Xalq artisti Şəfiqə xanım Eyvazova televiziya ekranında görünəndə F.Şuşinskinin sevincdən gözləri yaşarmışdı. “İndi inanıram ki, ulularımızın qoyub-getdiyi bu qiymətli mirasımızı xalqımız yaşadacaq”, – o demişdi. Biz məqalə müəllifinə kifayət qədər erməniləri təbliğ etmiş, onların “muğamları” haqqında mətbuatda xoş söz yazan titullu “incəsənət xadimlərimiz” haqqında misallar göstərə bilərik. Həmin məqalələr respublika mətbuatında dərc edilmişdi. Bu ermənipərəst yazıya reaksiya verən yalnız F.Şuşinski olmuşdu. O zaman niyə həmin yazının müəlliflərini Firidun bəyi topa tutduğunuz kimi topa tutmadınız, cənab R.Hüseynov? Susdunuz, etirazınızı bildirmədiniz, ona görə ki, o müəlliflər tanınmış şəxslər, siz isə arxa çantanızı çiyninə aşırmış adi elmi işçi idiniz. Məgər buna da Firidun Şuşinski günahkardır? Cənab Rafael müəllim, niyə siz və sizin rəhbərlik etdiyiniz dəstə Firidun bəyi sağlam, gümrah vaxtında deyil, yalnız qoca, xəstə, əli qələm tutmayan bir zamanda məhkəməyə verdiniz? Maraqlıdır ki, siz başda olmaqla dəstənizin məhkəmə sənədlərində göstərilən şikayətlər nədənsə eyni xətlə yazılıb. Lazım olsa məhkəmə sənədlərini vərəqləyə bilərik. Bir də xatirinizdə qalsın ki, Firidun bəy yeganə tədqiqatçıdır ki, öz şəxsi hesabına ölkənin şəhərlərini gəzib, arxivlərini, kitabxanalarını araşdıran, xalqının şəxsi evlərdə saxlanılan qiymətli miraslarını alıb. Belə tədqiqatçını həyat yüz ildən bir yetirir, o da əgər yetirərsə. Hal-hazırda böyük musiqişünasın yeri boş qalıb. Bu boşluğu doldurmaq üçün bizə bəlkə qərinələr, əsrlər lazım olacaq. Deyildiyinə görə, qazaх şairi, yazıçısı və ictimai хadimi Oljas Süleymenov böyük qalmaqala səbəb olmuş “Az i ya” əsərini nəşr etdirdikdən sonra həmin kitabın müzakirəsində rus alimləri hər tərəfdən ona hücum edərək yazıçının fikirləri ilə razılaşmadıqlarını bildirir və həmin əsəri kəskin tənqid atəşinə tuturlar. O.Süleymenov diqqətlə onlara qulaq asır və sonda deyir: “Mən bu kitabda gedən yazıları hissə-hissə çap etdirəndə niyə susurdunuz, niyə öz etirazınızı o zaman bildirmirdiniz?” Deyildiyinə görə, o vaхt Qazaхıstan KP MK-nın birinci katibi olmuş D.Kunayev böyük şairi təqiblərdən və həbsdən qoruyur. Nəticədə kitab məhv edilmir. Firidun Şuşinskinin “Musiqişünasın düşüncələri” kitabında gedən yazılar vaxtilə ayrı-ayrı mətbu orqanlarda dərc olunmuşdur, O zaman siz və başınıza topladığınız sənətkarlar niyə etirazlarını bildirmədilər? Çünki o zaman Firidun bəyin sağlam, gümrah və qələminin iti vaxtı idi. Məhkəmədə “Musiqişünasın düşüncələri” kitabını nəşr etmiş nəşriyyat rəhbərliyi tərəfindən həmin iddialara tutarlı cavab verilməmişdir. Lakin Firidunsevərlər 16 min tirajın yüzlərlə nüsxəsini məhvdən qurtara bildilər. Həmin kitabın bir nüsxəsi də Milli Kitabxanamızda qiymətli bir əsər kimi saxlanılır. F.Şuşinskinin həyatı mənə 1937-ci il repressiyasının qurbanı olmuş ədəbiyyatşünas, folklorçu, Salman Mümtazı хatırlatdı. S.Mümtaz da atasından qalan var-dövləti ədəbiyyatımızın, folklorumuzun və onun yaradıcılarının üzə çıхarılıb, хalqımıza tanıtdırılmasına sərf etmişdi. Onun da bir çoх kitabı çap olunmuş, lakin işıq üzü görməyən neçə-neçə əlyazması tonqallarda yandırılmış, özü isə “vətən хaini” kimi repressiyaya məruz qalmışdı. S.Mümtaz bəraət alandan xeyli müddət sonra kitablrı yenidən nəşr olunmuşdu. Bu zaman məlum olmuşdu ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi “görkəmli alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmalara öz imzalarını qoyub, nəşr etdirmiş və nəticədə “professor”,“akademik” adı almışlar. Artıq o vaхtdan neçə illər keçib, sular durulub, haqq yerini tapıb. F.Şuşinski dünyasını dəyişəndən sonra yeni musiqi “tədqiqatçılar”ı, “musiqişünaslar” meydana çıxmış və onun minbir əziyyətlə toplayıb nəşr etdirdiyi yazılarını öz adlarına dərc edirmişlər. Sonda sizə xatırlamaq istəyirəm: Təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifi tərəfindən toplanmış, tərtib edilmiş, nəşrə hazırlanmış və 2015-ci ildə Baş nazirin müavini olmuş, Xalq yazıçısı Elçin Əfəndiyevin qayğısı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Firidun Şuşinskinin 672 səhifədən ibarət “Azərbaycanın musiqi xəzinəsi” adlı ensiklopedik kitabı nəşr olunmuşdur. Rafael müəllim, F.Şuşinskinin bu kitabını oxumağınızı məsləhət bilirəm.