MƏRDANOV CABBAROVA: “TƏRBİYƏLİ OĞLANDIR”! – “Belə bir ifadə işlətmək ədəbsizlikdir”
Keçmiş təhsil naziri Misir Mərdanov APA-ya verdiyi geniş müsahibəsində hazırkı nazir Mikayıl Cabbarov haqqında maraqlı açıqlamalar verib. Keçmiş nazir deyib: “Bu yaxınlarda mən bir mərasimdə idim. Gördüm ki, indiki nazirimiz gəlib dayanıb. Dəvət elədim. Yanaşı oturduq. Və bizim yanaşı oturmağımızı çoxları qısqanclıqla qarşıladı. Biz çox yaxşı söhbət elədik. Tez-tez görüşürük. Mən ona öz övladım kimi baxıram. Çox tərbiyəli bir oğlandır”. Keçmiş nazirin sonrakı fikirləri isə “çoxbaşlıdır”. Bu fikirlə M.Mərdanov Cabbarovun 3 il ərzində gördüyü işləri, demək olar ki, heçə endirib. Sitat: “Üç il ərzində ona demək ki, təhsil sahəsində ciddi bir yenilik elə, onu gözləmək doğru bir şey deyil”. Keçmiş təhsil nazirinin müsahibəsini şərh etmək üçün təhsil eksperti Etibar Əliyevə müraciət etdik. “Mənə belə gəlir ki, onun yeni naziri tərifləməkdə məqsədi var. Mikayıl Cabbarov onun əməllərinin araşdırılması barədə heç bir iş aparmadı. Ümumiyyətlə, Misir Mərdanovun təhsildən danışmağa mənəvi haqqı yoxdur. Onun işlədiyi 15 ilin hər günü təhsilin ziyanına olub. Bu adam özünü yenidən cəmiyyətə təqdim edir. Uşaqlarından, bacı qardaşlarından, dədəsindən danışır. Onun nə qədər qeyri-səmimi adam olmasını Beynəlxalq Universitetlə bağlı verilən suala cavabından görmək olur: “Mən bu cür məsələlərə cavab vermək istəmirəm”- deyir. Necə yəni cavab vermək istəmirsən? Beynəlxalq universitetə qəbul olunan tələbələrin təxminən yarısından çoxu onun razılığı əsasında olub. Bu Universitetin rəhbəri bir tələbəni Mərdanovun razılığı olmadan qəbul edə bilməzdi. Araşdırma aparsanız görərsiniz ki, minlərlə qansuz yolla tələbə adını almış adamlar dövlət ali məktəblərinin dəbdə olan ixtisaslarına köçürülüb. Bu köçürmələrə imzanı Elmira Süleymanova yox, Misir Mərdanov atıb.” Təhsil eksperti Mərdanovun Mikayıl Cabbarovun işinə verdiyi qiymətə də münasibət bildirib. “Mərdanov əslində işlətdiyi “Üç il ərzində ona demək ki, təhsil sahəsində ciddi bir yenilik elə, onu gözləmək doğru bir şey deyil” fikri ilə onun işlərini heçə endirir. O, işlədiyi 15 ildə həmişə deyirdi ki, təhsildə yenilik üçün uzun illər lazımdır. 15 ilin içərisində məktəb direktorunun, təhsil şöbəsi müdirlərinin təyinatı üçün qiymətlər müəyyənləşdi, tələbə köçürmələrinin qiymətini hamı dəqiq bildi, Dünya Bankının vəsaiti göz görə-görə talan olundu, zay dərsliklər üçün milyonlar mənimsənildi, kolleclərdən semestrlərdə milyonlarla pullar yığıldı və s. İndi qoca Mərdanov Cabbarova demək istəyir ki, vaxta fikir vermə, vaxt təhsil üçün önəmli faktor deyil, təkamül yolu ilə get.Bəli, 15 ilin dağıdıcılıq fəaliyyəti hüquqi qiymət almadığından onun tövsiyyələr verməsini təbii qəbul etmək olar”.
Etibar Əliyev bildirdi ki, təhsil nazirinə “tərbiyəli oğlan” ifadəsi işlətmək etik prinsiplərə ziddir. 40 yaşında və nazir vəzifəsini tutan şəxsə qarşı belə ifadə işlətmək ədəbsizlikdir.