BMT-dən Azərbaycana XƏBƏRDARLIQ – QIZ uşaqlarını qoruyun…

Azərbaycanda qız və oğlan uşaqlarının sayında balansın pozulması halı əsasən ötən əsrin 90-cı illərindən daha qabarıq müşahidə olunmağa başlayıb. İllər öncə Azərbaycan cəmiyyətinə "oğul düşmən çəpəridir” kimi bir stereotip hakim kəsilsə də, bu mənfi tendensiya bu gün də yaşanır.

Xatırladaq ki, ötən əsrin 90-cı illərindən başlayaraq dölün cinsini 12 həftəlik hamiləlikdən sonra müəyyən edə bilən tibbi cihazların kəşfi valideynlərə gələcək övladları ilə bağlı "seçim” etməyə şərait yaratdı. O zamandan etibarən selektiv abortlar geniş yayılmağa başladı. Oğlan uşaqlarına olan ənənəvi sevgi qız uşaqlarının ana bətnindəcə məhv olmasına səbəb olur. Belə davam edərsə, gələcəkdə oğlanlar ailə qurmaq üçün qız tapmaqda çətinlik çəkəcək.

Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: "Çində cins nisbətinin pozulması prosesi Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin pozulmasının "pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər 100 oğlana 120 qız düşürdü. Lakin indi artıq qızların sayı azalmağa başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki, xarici qızlarla ailə həyatı qursunlar”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb. O qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub:

"Lakin Çinlə müqayisədə Azərbaycanda problemin "pik dövrü” çox qısa olub. İndi Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı salasınız”.

M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100 qıza təxminən 114 oğlan uşağı düşür: "Əgər müvafiq tədbirlər görülməsə, mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta bilər”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin rastlaşacağı problem Çindəki kimi olmaya bilər: "Çin çox böyük dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan, evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz millətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.

Onu da qeyd edək ki, selektiv abortların qarşısının alınması istiqamətində müvafiq işlər görülsə də, nəticə dəyişməz olaraq qalır.

Demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Guptanın Azərbaycanın gələcəkdə demoqrafik çətinlik yaşayacağı fikrilə yerli mütəxəssislər də razılaşırlar.

Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, qız və ya oğlan uşaqlarının birinin digəri üzərində üstünlüyü və ya birinin digəri qarşısında naqisliyi kimi anlam olmamalıdır: "Biz bu gün qız uşaqlarının üstünlüyü şüarı ilə işə başlasaq, yeni bir ayrıseçkilik yarada bilərik. Dünyaya gələn uşağa cins anlamı kimi deyil, övlad, insan anlamı kimi yanaşmaq lazımdır. Stereotiplər və mental düşüncəyə görə, oğlan valideynin gələcəyinin təminatçısıdır. Lakin gündəlik həyatda əksər qız övladlarının öz valideynlərinin ahıl çağlarında onlara daha çox dəstək olduqlarını görürük. Belə yaxşı nümunələrin təbliği ilə qız uşaqlarının ana bətnində öldürülməsi faktı ilə bağlı ictimai şüurda dəyişiklik etmək mümkündür. Qız uşaqlarının ana bətnində öldürülməsi iqtisadi məsələ deyil, bu daha çox əxlaqi-mənəvi məsələlərdən irəli gəlir”.

Həmsöhbətimizin sözlərinə görə, qız uşaqlarına qarşı ayrıseçkiliyə son qoyulmasa, Azərbaycan demoqrafik gərginliklə üz-üzə qalacaq: "Əgər proses bu şəkildə davam etsə, Azərbaycanda qız çatışmazlığı, əhalinin say tərkibində ciddi fərqlər müşahidə ediləcək. Qızların sayının azalması gələcəkdə anaların sayının azalmasına gətirib çıxaracaq. Bu düşüncə tərzinin formalaşmasında elmin, mədəniyyətin, dünyagörüşün öz təsiri olur. Dünyəvi, bəşəri dəyərləri bilən insanlar bu cür düşüncə tərzindən uzaq olurlar. Bu sahədə də ciddi maarifləndirmə işlərinə ehtiyac duyulur. Düzgün maarifləndirmə işlərindən sonra bu düşüncənin dəyişəcəyinə ümid edirik”.

 






Fikirlər