Dəhşətli statistika: Azərbaycanda qız uşağına görə ABORT FACİƏSİ...

Dəhşətli statistika: Azərbaycanda qız uşağına görə abort faciəsi…

Qız uşağına görə abort məsələsi hələ də problem olaraq qalır.

Azərbaycanda hələ də bir çox ailələr qız uşağının dünyaya gəlməsinə faciə kimi baxır, bu məsələdə birmənalı şəkildə olaraq qadını günahkar hesab edirlər. Bu günlərdə Lənkəranın Darquba kəndində baş verən dəhşətli qətl də dediklərimizin bariz nümunəsidir.

Beşgünlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qayınana və körpənin atası da olub. Oğurlanan körpənin cəsədi quyudan tapılıb.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır. Qeyd edək ki, M. Nurullayeva ailənin ikinci qız övladı olub. Bu amil isə belə düşünməyə əsas verir ki, körpənin günahı onun məhz qız uşağı olmasıdır.

Olduqca dəhşətli mənzərədir. Və bir çox manyak təfəkkürlü insanların ailədə yaratdığı söz-söhbətin nəticəsidir ki, Azərbaycanda hələ də bir çox atalar qız uşağının dünyaya gəlməsini istəməyərək, qadınlarını aborta göndərirlər. Statistik göstəricilərə əsasən, Azərbaycanda abortların sayı durmadan artır. Belə ki, 2014-cü ildə 27220, 2015-ci ildə 27452 abort qeydə alındığı halda, keçən il bu rəqəm 34569-a çatıb. Onu da vurğulayaq ki, abortların sayının artmasına birbaşa təsir edən başlıca amil qız uşaqlarının dünyaya gəlməsini əvvəlcədən öyrənmək imkanının əldə edilməsidir. Belə ki, müasir texnologiya dünyaya gələcək uşağın cinsiyyətini əvvəlcədən müəyyən etməyə imkan verdiyindən bəzi valideynlər qız uşağından “yaxa” qurtarmaq üçün aborta üstünlük verirlər. Buradan belə məlum olur ki, qız uşaqlarının abort olunmasında əsas məsuliyyət həkimlərin üzərinə düşür. Müqəddəs dinimiz olan İslamda da hamiləliyin dayandırılması böyük günah və qətl hesab edilir. Abort, xüsusən də qız uşağına görə bu günaha batmaq qadın psixologiyasına ciddi şəkildə mənfi təsir göstərir. Qız uşaqlarının abort edilməsi tendensiyası ən başlıcası ölkənin demoqrafiq vəziyyətinə mənfi təsir göstərir. Bir vaxtlar ölkə əhalisinin 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil etdiyi halda, indi bu nisbət təxminən tam bərabər həddə qədər düşüb. Xüsusən də son 20 ilin statistikasını araşdırsaq, burada doğulan uşaqlar arasında oğlanların sayının çox olduğu üzə çıxar. Bir neçə il öncə Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, eyni zamanda müvafiq olaraq “Cinayət və İnzibati Xətalar” məcəlləsinə əlavə maddələrin salınması ilə Azərbaycanda uşağın ana bətnində cinsiyyəti məlum olduqdan sonra cinsinə görə abortlar qadağan edildi. Bununla belə, qız uşağına görə abort edilməsi məsələsi hələ də problem olaraq qalmaqdadır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla qız uşağına görə abort hallarının azalmağa doğru getdiyini söyləsə də, abortların ümumi sayında onun xüsusi çəkisi olduğunu da bildirdi:

“Abortlar zamanı birinci növbədə uşaq deyil, ana əsas götürülür. Ananın sağlamlığına təhlükə yarandığı təqdirdə uşağı götürmək olar. Amma bütün situasiyalarda qeyri-qanuni abortlar kriminal abortlar hesab olunur. Təəssüf ki, qız uşağına görə abort olunması hallarının əksəriyyəti qeydiyyatdan keçmir. Ümumiyyətlə, bu barədə dəqiq statistika olmasa da, düşünürəm ki, baş verən abort hallarının əksər hissəsi məhz qız uşağının dünyaya gəlişini əngəlləmək məqsədilə edilir. Azərbaycanda qız uşağına görə abort hallarının geniş yayılması mentalitetə bağlı bir məsələdir. Düşünürəm ki, heç də yaxşı mental hal deyil. Onu da qeyd edim ki, qız uşağına görə abort halları baş versə də, tendensiya heç də əvvəlki səviyyədə deyil. Hər halda tendensiya azalmağa doğru gedir”.

Məsələnin sosioloji tərəfinə toxunan sosioloq Əhməd Qəşəmoğlu isə oğlan uşaqlarının çox olmasını mənəvi cəhətdən mənfi hal kimi dəyərləndirsə də, demoqrafiq cəhətdən onun təhlükəli olmadığını dedi:

“Qədimdən yaşadığımız ərazidə oğlan uşağının dünyaya gəlməsinə daha yaxşı hal kimi baxıblar. Yəni oğlan uşaqlarının dünyaya gəlməsinə üstünlük vermək tendensiyası qədim zamanlardan özünü göstərir. Amma o dövrlər dünyaya gələn uşağın oğlan və yaxud qız olacağı əvvəlcədən bilinmirdi. İndi isə UZİ-nin ortaya çıxması ilə uşağın cinsini əvvəlcədən müəyyən etmək olar. İndiki dövrdə həmçinin cəmiyyətimizin günü-gündən mürəkkəbləşməsi, iqtisadi cətinliklər də qız uşaqlarının abort edilməsi hallarına rəvac verir. Bu fonda atalar adətən, oğlan övladının olmasını istəyir ki, böyüyəndə ona iqtisadi baxımdan da kömək edə bilsin. Hazırda qız uşağının saxlanılması xərci çox, onun işə düzəlmə imkanları azdır.

Qız uşağı ilə bağlı sosial-iqtisadi problemlər daha çoxdur. Həmçinin, cəmiyyətimizdə əxlaqi, mənəvi cəhətdən baş verən proseslər də valideynlərin qız uşağı arzulamamasına aparan amillərdəndir. Bir çoxları oğlan uşaqlarının çox olmasının demoqrafiq partlayışa səbəb olacağını düşünür. Amma bu arqumenti bölüşmürəm. Qız uşağına görə abort edilməsi fikrimcə, demoqrafiq deyil, mənəvi faciədir. Uşağını ana bətnində məhv etməyə qərar verən valideyndə istər-istəməz bir qəddarlıq yaranır. Bu mənfi neqativ enerji onun davranış və hərəkətlərində də özünü göstərməyə başlayır. Oğlan uşaqlarının qızlarla müqayisədə 10 faizə qədər artıq doğulmasının heç bir qorxusu yoxdur. Çünki oğlanlarla qızlar eyni sayda doğulanda sonradan çoxlu problemlər yaranır. Ona görə ki, oğlanlar ölkədən çıxıb gedir, müharibədə həlak olurlar. Belədə 20 yaşa çatanda oğlanla qızların nisbəti doğulduğu dövrdə olduğu kimi qalmır. Bunun nəticəsidir ki, keçən əsrin 70-ci illərində ölkədə ailə qura bilməyən qızların sayı çox olub”.Yenicag.az

 

 






Fikirlər