Çinin paytaxtında yenidən koronavirus HƏYƏCANI...

Çinin paytaxtında yenidən koronavirus həyəcanı

Çinin paytaxtı Pekin şəhərində “Sinfadi” topdansatış bazarından qaynaqlanan koronavirusa yoluxma hallarının artması səbəbindən fövqəladə hazırlıq dərəcəsi yenidən 2-ci pilləyə qaldırılıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, şəhərdə bütün tədris müəssisələri fəaliyyətini yenidən dayandırıb, tələbələrin təhsillərinə onlayn şəkildə davam edəcəyi bildirilib. Həmçinin fövqəladə hazırlıq dərəcəsinin səviyyəsinin artırılmasına görə əyalətlərarası uçuşlar dayandırılıb, xüsusilə yoluxmaların mənşəyi sayılan topdansatış bazarının ətrafında yaşayan insanların şəhəri tərk etməsi qadağan olunub.

“Sinfadi” bazarı ilə bağlı görülən tədbirlərlə əlaqədar olaraq bir çox sahədə evdən işləmək təşviq edilib, istehsalın isə dayandırılmayacağı qeyd olunub. Pekini tərk etməli olan sakinlərin isə son 7 gün ərzində COVID-19 testinin nəticələrinin neqativ olmalı olduğu bildirilib.

Qeyd edək ki, Pekində 12 iyundan etibarən aşkar edilən yeni yolyuxma faktlarının sayı 106-ya çatıb. Ümumilikdə isə Çində bu günə qədər 83 265 nəfər koronavirusa yoluxub, 4 634 nəfər xəstəlik səbəbindən həyatını itirib.






Fikirlər