“HƏBSXANA İÇİNDƏ HƏBSXANADAYAM” - Navalnı cəsarətli azərbaycanlıya TƏŞƏKKÜR etdi...
Məlum olduğu kimi, Rusiya müxalifətinin lideri Aleksey Navalnı 10 aya yaxındır ki, həbsdədir. Hazırda siyasətçi Pokrov şəhərindəki islah müəssisəsində sərt nəzarət rejimində saxlanılır. Bir neçə gün əvvəl isə həbsxanada müxalifətçiyə qarşı qeyri-insani davranış barədə sensasion məlumatlar üzə çıxıb. Bununla bağlı Navalnı ilə birlikdə həbsdə yatmış azərbaycanlı Nəriman Osmanov Rusiyanın müxalifyönlü “Dojd” kanalına müsahibə verib. Həmin müsahibədə Osmanov Navalnıya qarşı mənəvi basqı və işgəncələrdən, həbsxanada ona dözülməz şərait yaradılmasından bəhs edib. Rusiyadakı mövcud hakimiyyətin bu cür müsahibələri qətiyyən bağışlamamasına baxmayaraq, hazırda azadlıqda olan Osmanov telekanala çıxıb və həbsxanada Navalnı ilə bağlı gördüklərini danışmaqdan çəkinməyib. N.Osmanovun dediyinə görə, sözügedən cəzaçəkmə müəssisəsində hamıya müxalifətçi ilə ünsiyyət qadağan olunub. Bununla da onun ətrafında təcrid mühiti yaratmağa çalışıblar: “Təbii ki, biz də onunla birlikdə əziyyət çəkirdik. Düzü, psixoloji cəhətdən hələ də bərpa olunmamışam”, - deyə Nəriman Osmanov bildirib. Sabiq məhbusun dediyinə görə, məsələn, Navalnı aclıq aksiyası keçirəndə, nəzarətçilər bilərəkdən yaxınlıqda kolbasa qızardırmışlar ki, müxalifətçi dözməyib aksiyanı dayandırsın. Yaxud, müxalifətçinin yanına bir məhbus yerləşdirərərk, onun ağır vərəm xəstəsi olduğuna dair saxta məlumat yayıblar ki, Navalnı ağır xəstəliyə yoluxacağından qorxsun və bu qorxuyla yaşasın. Həmin məhbusa isə tapşırılıb ki, xəstəliyi yaymaq görüntüsü yaratsın. Amma Osmanov Navalnıya bütün bunların qurama olduğunu deməyə imkan tapıb. Navalnını “sındırmaq” üçün digər çoxsaylı üsullara da əl atılıb, günlərlə yatmasına imkan verilməyib və hətta onun guya cinsi azlıqlara mənsub olduğuna dair digər məhbuslara film də göstərilib. Lakin bütün bunlardan “sınmaması” üçün N.Osmanov Navalnıya dəstək göstərib. O, həbsxana yoldaşına azadlığa çıxan kimi burada gördüyü hər şeyi danışacağına söz verib və vədinə də əməl edib. Hansı ki, Navalnının buna ümidi az olub... Ötən gün isə baş verənlərlə bağlı A.Navalnının özünün adından onun şəxsi sosial şəbəkə profilində yaşadığı işgəncələr və N.Osmanovla bağlı paylaşım edilib. Müxalifət lideri Osmanova təşəkkür edib və ona “Sagol, qardaş!” deyə hisslərini ifadəı edib. Navalnının yayımladığı yazıda qeyd olunur ki, məhbus yoldaşının dediklərinin hamısı həqiqətdir. “Həbsxana içində həbsxanadayam” deyən Navalnı ona qarşı hər cür mənəvi işgəncə metodlarından istifadə olunduğunu qeyd edib. Buna baxmayaraq, siyasətçinin özü bu barədə indiyə qədər ona görə şikayət etməyib ki, Rusiyada zatən hamı həbsxanalarda nələrin baş verdiyini yaxşı bilir. Azərbaycanlı məhbus yoldaşı ilə bağlı isə yazıb: “Mənim “zonaya qaldırıldığım” ilk günlərdə bir qafqazlı yaxınlaşdı. Geyimindəki lövhəcikdə Nəriman Osmanov yazılmışdı. “Dağıstanlısan?”, - deyə soruşdum. “Təxminən”, - deyə cavab verdi. Dedi ki, Azərbaycandan olan avardır.” Daha sonra müxalifətçi yazır ki, Osmanov ona yanına göndərilən məhbusların heç bir sözünə inanmamağı tövsiyə edib: “Görürdüm ki, bunları mənə deyərkən, bu insan real olaraq, risk edir”. Məsələ ondadır ki, bundan öncə Navalnı ilə ünsiyyətdə olan məhbuslardan biri həbsxana əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdü. Siyasətçi, Osmanovun “Dojd” telekanalının efirinə çıxaraq, həbsxanada gördüklərini danışdığını vəkilindən öyrənib və bildirib ki, bunu gözləmirmiş. O, məhbus yoldaşının xüsusilə də aclıq elan etdiyi günlərdə ona böyük mənəvi dəstək verdiyini yazıb və ona buna görə minnətdarlığını bildirib. Xatırladaq ki, Navalnının mübarizə yoldaşlarından olar Mariya Pevçix də Nəriman Osmanov barədə yüksək fikirlər yazaraq, azərbaycanlıya təşəkkür edib. Daha sonra Navalnı həbsxanalarda baş alıb gedən özbaşınalıqların Vladimir Putin rejimi üçün norma olduğunu yazıb. O, deyib ki, Rusiya həbsxanaları barədə təkcə özünün başına gətirilənlərin timsalında yox, ümumilikdə danışmaq lazımdır: “Qanunsuzluq, qətl, qeyri-insani faşist işgəncələri burada çoxdan norma halını alıb...” Xatırladaq ki, Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Navalnıya qarşı işgəncələrlə bağlı məlumatları şərh edərkən, Kremlin bu məlumatların araşdırılmasına ehtiyac duymadığını söyləyib. /“AzPolitika.info”