Göyçay rayon sakinləri - Seyidov Azər Əliəjdər oğlu, Babayev Pünhan Hamlet oğlu və Qasımov Sahib Dadaş oğlu Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz əməllərinə etiraz edərək ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar.
Rayon sakinlərinin Arqument.Az-a göndərdiyi şikayət məktubunda bildirilir ki, Kamran Xəlilovu yaxın qohumu, gömrük generalı Ehtiram Xəlilov himayə edir: "Biz Göyçay rayon sakinləri Prezident cənab İlham Əliyevə gömrük generalı Ehtiram Xəlilovun saxtakar qohumu barədə məlumat vermək istəyirik. Dövlətin büdcəsini talayan bu şəxsin fəaliyyəti ciddi yoxlanılmalı və onun barəsində təcili tədbirlər görülməlidir".
Ağanur Aslanovun Arqument.az-a təqdim etdiyi müraciətdə vurğulanır ki, Kamran Xəlilov hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə orduya yararsız hesab edilsə də, sonradan ona belə bir məsuliyyətli vəzifə etibar edilib: "Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq, belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bununda bir səbəbi isə onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov, həqiqətən də, dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib: "Dəliyə yer ver, əlinə bel ver".
2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlu sayda rayon sakininə saxta əmək stajı təyin etdirib və dövlətə külli miqdarda zərərlər vurub. Hansı ki məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay Rayon Məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa, həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanuniləşdirir, nəticədə külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var. Ruhi xəstə olan Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib. Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da, bələdiyyə sədri ilə əlbir oub həmin yeri qanunsuz olaraq zəbt etmişdir.
Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun. Nəinki yeni yaradılacaq mötəbər vəzifəyə, hətta bu ruhi xəstənin DSMF-nin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur".
"Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Hesablama Palatasına, DSMF-nin sədri cənab Elman Mehdiyevə müraciət edib xahiş edirik ki, bu cinayət faktını obyektiv araşdırıb Kamran Xəlilovun barəsində ciddi tədbirlər görsünlər", - deyə müraciət müəllifləri bildirirlər.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.