MÜSAVATDA növbədənkənar toplantı – Partiya referendumla bağlı təşəbbüs qrupu yaradır

Müsavatda növbədənkənar toplantı – Partiya referendumla bağlı təşəbbüs qrupu yaradır

Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Sədrlər Şurasının genişləndirilmiş tərkibdə iclası keçirilib.

Növbədənkənar iclasda əvvəlcə Müsavat başqanının müavini Elman Fəttah çıxış edib. O, referendum aktı layihəsinin Azərbaycanda demokratiyanın daha da boğulmasına, monarxiya sisteminin bərqərar edilməsinə yönəldiyini vurğulayaraq, partiyanın bu referendum aktının qəbul olunmaması üçün bundan əvvəl atdığı addımları xatırladıb. Elman Fəttah bildirib ki, Müsavat bu mürtəce dəyişikliklərin Konstitusiyaya salınmasının qarşısını almaq üçün hüquqi müstəvi mübarizə aparmaq üçün təşəbbüs qrupu yaratmaq əzmindədir.

Daha sonra Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlı referendumda iştirak etmək üçün zəruri hüquqi prosedurlar haqqında məlumat verib. Partiya funksionerlərinə ilkin təşəbbüs qruplarının yaradılması haqqında təlimatlar paylanılıb.

Müsavat başqanının müavini Tofiq Yaqublu mövcud hakimiyyətə qarşı bütün müstəvilərdə mübarizə aparılmasının vacib olduğunu qeyd edib.

Yığıncaqda çıxış edən Müsavat başqanı Arif Hacılı bu mürtəce dəyişikliklərə qarşı mübarizə zərurətini vurğulayıb. Arif Hacılı demokratik düşərgədə təmsil olunan digər siyasi qüvvələrin təmsilçiləri ilə bu məsələdə əməkdaşlığın təmin edilməsi istiqamətində intensiv məsləhətləşmələrin aparıldığını bildirib.

"İndi mübarizə çətindir, amma sonda qələbə xalqın olacaq”, – Arif Hacılı bildirib.

İclasda partiya funksionerlərinə referendum üzrə ilkin təşəbbüs qruplarının yaradılması ilə bağlı konkret tapşırıqlar verilib. Referendum üzrə təşəbbüs qrupunun adının "Respublika” olması təklif edilib.






Fikirlər