Dos. Dr. Asiman Həsənov : “ Elektron Səhiyyə çağdaş tibbin əsas inkişaf xətlərindən biridir”

Müasir dövrümüzdə səhiyyədə gündən-günə inkişaf edən, əhalinin bir sıra  ehtiyaclarını asanlaşdıran yeni-yeni xidmətlər yaradılmaqdadır.

Bu xidmətlərdən biri də avtomatlaşdırılmış elektron xidmətləridir.

Məhz bu mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Dos. Dr. Asiman Həsənovdan ətraflı müsahibə aldıq.

 -Asiman doktor, Elektron Səhiyyə (ES) nədir və hansı sahələri əhatə edir?

 -Elektron Səhiyyənin Səhiyyə İdarəetməsində çox böyük əhəmiyyəti və faydaları vardır. ES dedikdə, biz iki istiqamətli səhiyyə idarəetməsini nəzərdə tuta bilərik. Onlardan biri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində həyata keçirdiyi və 2014-cü il tarixində açılışı olan ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) xidmətidir. Ümumilikdə nazirlikdə “Elektron Səhiyyə” Portalı vasitəsilə 39 elektron xidmət  vətəndaşların istifadəsinə verilib. Lakin Səhiyyə Nazirliyi qarşısına qoyduğu məqsəd, qısa zamanda səhiyyə sektoruna daxil olan bütün məsələlərin ES sistemində birləşdirməkdir.

Bu yaxın zamanlarda Azərbaycan Milli Elmlər Akademiyasında “Elektron Səhiyyənnnin multidissiplinar problemləri” mövzusunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə I respublika elmi-praktiki konfransı keçirilib. Həmçinin bu istiqamətdə “Azərbaycan Respublikasında informasiya bazasının inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində kompleks tədbirlər də həyata keçirilir.

ES bir növ  Azərbaycan modeli olan “Asan Xidmət” funksiyasının Səhiyyə İdarəetməsində davamını yerinə yetirir. ES-nın yaradılmasında məqsəd həm səhiyyə işçilərinə, həm də vətəndaşlara göstərilən xidmətin vаhid formada, çevik və şəfaf həyata keçirilməsini təmin etmək, səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsidir.

ES-nin İkinci istiqamət kimi mən Elektron Xəstəxana İdarəetmə proqramlarını  nümunə gətirə bilərəm ki, başqa sözlə desək  bunu "Kağızsız Xəstəxanalar" proqramı da adlandırmaq olar. Bu proqramların tətbiqi kağızlara sərf edilən vaxt itkisini önləyərək,  həm həkimin, həm pasiyentin, həm rəhbər, həm idarə heyətinin və s. vaxtına qənaət etməkdən, keyfiyyətli iş və xidmət göstərməkdən ibarətdir. Bu proqramların hesabına xəstəxananın bütün resurslarından (zaman , insan gücü , tibbi xidmət, finans resursları və s.) daha effektiv formada səmərələnmək mümkündür. Əvvəllər əl ilə təqib olunan sənəd və icra olunan işlər bu proqram sayəsində kompyuter tərəfindən izlənilir və idarə olunur. İdari və tibbi bölümlər arasında həm lokal , həm də global integrasiya edilərək, vaxt itkisini minimuma endirir. Bütün bu işləmlər də xəstə həkim, işçi güvənliliyinin yüksəlməsinə səbəb olur. Xəstə haqqında bütün diaqnostik və müalicə informasiyalarının vahid bazada toplanmasını və saxlanmasını təmin edir.

 -Bəs birinci qeyd etdiyiiniz ES-nin xidmətlərdən səhiyyə işçiləri və vətəndaşlar necə faydalana bilərlər ?

 -Qeyd etdiyim kimi, Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə hazırda 39 elektron xidmət göstərilir. Bunlar tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin təkmilləşmə və ixtisas kurslarına göndərilməsi, оrta tibb təhsili haqqında diplomun təsdiq edilməsi,  tibb işçilərinə ixtisas dərəcəsinin, «Əmək veteranı» adının verilməsi və səhiyyəyə aid olan digər məsələlərdir.

Eləcə də bir çox tibb müəssisələrində artıq ən-ənəvi hal alaraq xəstələrin müalicəsində individual müalicə taktikalarından istifadə olunur. Bu isə müalicədə hər hansısa bir fəsada, səhvə yol aça bilər. Lakin Elektron Səhiyyə Sistemi xəstəliklərin, nozoloji vahidlərin beynəlxalq təsnifatının işlənilib, yerləşdirilməsi, müalicələrin klinik tibbi protokollara əsaslanaraq  aparılmasını təmin edir. Məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir ki, hər hansı klinik situasiyada necə hərəkət etmək lazımdır. Klinik protokollar həm də icbari tibbi sığortaya keçid üçün təməl sənəddir.

 Vətəndaşları maraqlandıran, ən çox müraciət edilən elektron xidmətlərdən biri  "Dərman vasitələri haqqında məlumatın əldə edilməsi,

daha sonra "Özəl və ya dövlət tibb müəssisəsində anadan olmasından asılı olmayaraq, hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur və onunla bağlı məlumatlar informasiya sistemində - elektron registrdə qeydiyyata düşür. Elektron registr vasitəsilə yeni doğulan körpəyə verilmiş şəhadətnamənin elektron sürətinin valideyinə verilməsi təmin olunur.

Həmçinin, qeydiyyatdan keçən ana tibbi şəhadətnamənin surətini əldə edə, eyni zamanla uşaqla bağlı istənilən məlumata baxa bilər: "Bu sənəd itirildiyi zamanda, həmçinin tibbi şəhadətnamənin surətinin əksər yerlərdə tələb olunduğunu da nəzərə alsaq, bunun üçün artıq harasa getməyə ehtiyac yoxdur. Çünki elektron xidmət vasitəsilə bu sənədin surətini indi çox sadə yolla əldə etmək mümkündür.

Eləcədə, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti ES portal vasitəsi ilkin mərhələ kimi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunur.

Yaxın gələcəkdə də hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanılması, istənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacağı da nəzərdə tutulur. Bu da imkan verir ki, xəstə özü ilə bağlı yetərincə məlumat verə bilmədiyi halda bu xidmətdən səmərələnməklə bütün xəstəliklərin aparılması, diaqnozun düzgün qoyulması, xəstələrin dispanzerizasiyası, istər cərrahi, istər konservativ müalicəsi, reabilitasiya məsələləri asanlaşdırılacaqdır. Vahid informasiya bazasının olması həmçinin sosial siğorta üçün də mütləq şərtlərdən biridir.

-Bəs ikinci qeyd etdiyiniz xəstəxana daxili idarəetmə proqramlarının nə kimi faydası var?

 Belə proqraqmların çox geniş funksionallığı sayəsində xəstəxanadaxili aparılan proseslərin qısa zamanda, sürətli, effektiv məlumatlarını əldə etmək olur. Beynəlxalq standartların tələblərinə uyğun xəstəxanadaxili tətbiq etdiyimiz idarəetmə proqramları  başqa sözlə desək "Kağızsız Xəstəxanalar" proqramının köməyi ilə xəstəxana daxili informasiyaların düzgün İdarəolunması, ötürülməsi, labarator informasiya idarəetmə sistemi yəni biokimyəvi, hormonal, hematoloji, bakterial  və s. müayinələri təyin edən cihazlarla avtomatik çalışır, tək və çarpaz kontrollarla müayinə nəticələrinin doğruluğunu təmin edər. Laborator, radioloji  alınan nəticələrin, elektron reseptin, dərmanların  görüntüləməsi və bütün sənədlərin arxivləşdirilməsini təmin edər. Həmçinin , inzibati, maliyyə, statistik, tibbi məlumatların toplanması, Səhiyyə Nazirliyinin tərkibində olan ES-yə sistemləri ilə paylaşılması və s. mümkündür. Bu İdarəetmə proqramları xəstəxanadaxili proseslərin daha sürətli və keyfiyyətli gedişatını təmin edir və özündə həm tibbi (xəstə qeydiyyatı, poliklinik xidmətlər, xəstə yatışı,çıxışı, aptek, laboratoriya, radiologiya,əməliyyatxana, tibb bacıları informasiya sistemi,qanbankı və s.), həm də idari və maliyyə(sənədlərin idarə olunması, satınalma, ambar informasiya idarəetmə sistemi,cihaz və avadanlıqlara nəzarət, mühasibat və maliyyə, keyfiyyət idarəetmə sistemi və s.) işləmlərini cəmləyir. Bütün işləmlərin elektron təqibi, həkim və pasientin kağızdan istifadə etmədən vaxta qənaəti, elektron reseptin yazılması, aptekə ötürülməsi, sənədlərin arxivləşdirilməsi və s.kimi müasir funksiyalarla işin gedişatını daha rahat, təhlükəsiz və keyfiyyətli etməyə yardım edir.

 -Asiman doktor, son olaraq bu barədə nə tövsiyə edərdiniz?

 -Dünya səhiyyəsi günü-gündən inkişaf edir və müasir modern xəstəxana olaraq bütün müasir tələbləri qarşılaya bilən bir sistemin qurulması bizim qarşımıza qoyduğumuz vacib məqsədlərdən biridir. Belə ki, ES  xəstəxanaların  həm tibbi, həm idari və maliyyə  işlərini bütövlükdə sürətli, etibarlı və effektiv edir. Mövcud resurslardan daha keyfiyyətli və məhsuldar istifadə edərək effektiv iş və xəstə məmnuniyyətini artıra bilir. Həmçinin gələcəkdə xəstəxana idarəetməsində genişləndirmək istdiyimiz layihələrə qarşı da hər zaman açıq  və hazır olur. Alacağımız statistik məlumatlar ve raporlamaların hesabına gələcəkdəki resurs istifadə planlamasını ən üst səviyyəyə çatdırmaq , hədəflərə nail olmaq olur.  Bu məqsədlə səhiyyəmizdə belə inteqrasiyanı dəstəkləyir və tövsiyyə edirəm. Bu tipli inteqrasiyaların Azərbaycan Səhiyyəsini işıqlı gələcəyə aparacağını əminliklə bildirə bilərəm. 

 AzerTaym.az

 

 

 

 

 






Fikirlər