Qərb Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi KEÇİRİLİB

Qərb Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.

Proqramın meneceri Canoğlan İlyasov layihə ilə bağlı geniş məlumat verib. Bildirib ki, bu proqram ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğu nəzərə alınmaqla onlarla işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə yaradılıb. Menecer “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayaraq tələbələri bu proqramda fəal iştirak etməyə çağırıb.

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Qərb Universitetinin tələbələri könüllülük proqramlarında aktiv şəkildə iştirak edir. Son illər ölkəmizin ev sahibliyi etdiyi Eurovision mahnı müsabiqəsi, Baku-2015 Avropa Oyunları, Formula-1 yarışları və bir sıra böyük yerli və beynəlxalq layihələrə universitetin tələbələri könüllü olaraq qatılıblar.

AzerTaym.az






Fikirlər