İlham Əliyev İsmayıllıda bir neçə obyektin açılışında iştirak edib - Fotolar
Prezident İlham Əliyev İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında iştirak edib. “AzerTaym.az" bildirir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Zöhrab Aslanov kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər. Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov məlumat verib ki, müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Prezident İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib. İiqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər. Bildirilib ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir.