Adnan Oktar həbs olunub, amma “ƏLİ DİNC DURMUR”

Cinayətkar qrupun vəkili həbsdəki dəstə üzvlərinə pul verir – ailənizlə və onların göndərdiyi vəkillərlə görüşməyin, heç nəyi etiraf etməyin!

Adnan Oktar qrupuna qarşı yönəldilmiş əməliyyatda saxlanılan şübhəlilərin hesabına pul köçürən vəkil yaxalanıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq zamanı şübhəli şəxslərin ailələri ilə görüşmələrinin əngəlləndiyi üzə çıxıb.

Əməliyyat çərçivəsində həbs edilən şübhəliləri türmədə ziyarət edərək, hesablarına pul köçürən cinayətkar dəstənin “kassası” Kənan Yavuz Y. saxlanılıb. Oktar qrupunun məhz FETÖ –nun etdiyi kimi türmədəki dəstə üzvlərinə etirafçı olmamaları üçün Yavuz Y. vasitəsilə pul və vəkil imkanı təmin etdiyi, ailələri ilə görüşmələrini yasaqladığı öyrənilib.

Təhqiqatçılar heyəti Adnan Oktar istintaqı çərçivəsində həbs edilən şübhəlilərin ailələrindən bir şikayət alıb. Həmin müraciətdə ailələr bildirib ki, “uşaqlarımız türmədə bizimlə görüşmür. Bizim göndərdiyimiz vəkilləri qəbul etmir, hətta bizdən pul belə almırlar”.

“Axşam” qəzetindən Devrim Tosunoğlunun xəbərinə görə, aparılan istintaqda Adnan Oktar qrupundan olan bir nəfərin FETÖ-nün 15 iyul çevriliş cəhdindən sonra olduğu kimi, türmələri bir-bir gəzərək, təşkilat üzvlərinə pul təklif etdiyi, təşkilat xaricində vəkil və ailələrlə görüşməmələri barəsində təlimat verdiyi ortaya çıxıb.

Maliyyə polisi Kənan Yavuzun 10 ayrı şübhəlini ziyarət edərək, onlara pul verdiyini müəyyənləşdirib. Kənan Yavuz Y. dərhal saxlanılıb. Polisdəki sorğusunun ardınca ədliyyə orqanlarına göndərilən Kənan Yavuz Y. həbs edilib.






Fikirlər