Əli Həsənov Nağıyevin sürücüsünü QASİD-ə necə rəhbər gətirdi? — ŞOK DETALLAR
Bir neçə gün bundan öncə KVDF-nin icraçı direktoru Vüqar Səfərlinin işdən azad edilməsi cəmiyyətin və media ilə bağlı şəxslərin bu sahədə mövcud problemlərin yenidən müzakirə mövzusuna çevrildi. Xüsusən də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun milli mətbuatımızın inkişafına vurduğu ağır zərbələr, ideologiya sahəsində həyata keçirdiyi təxribatlar yenidən diqqət mərkəzində oldu. "AzerTaym.az" bu və digər mövzularla bağlı YAP-ın məşhur simalarından sayılan, sabiq deputat Eldar Sabiroğlunun Konkret.az-a müsahibəsini təqdim edir: – Eldar müəllim, gəlin elə birbaşa ideologiyamıza vurulan ağır zərbənin miqyasından danışaq. Keçmiş ideoloq Əli Həsənov bu sahəyə necə gəldi? – Maraqlı sualdır. Bu adam ideya adamı deyil. Ancaq Əli Nağıyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri) onu Mərkəzi Qərargaha gətirib ideoloji şöbəyə müdir təyin etdirdi. Rəhmətlik Heydər Əliyev qətiyyən istəmirdi, ondan zəndeyi-zəhləsi gedirdi. Əli müəllimin təkidli xahişindən sonra partiyanın rəhbəri razılığını verdi. Artıq bir neçə aydan sonra Ə. Nağıyev səhv etdiyini başa düşdü. – Bəs Əli Nağıyevi ona bağlayan faktorların kökündə nə dayanırdı? – Onda belə bir təəssürat əmələ gəlmişdi ki, Əli Həsənovun ideoloji sahədə təcrübəsi partiyaya yeni stimul gətirəcək və bundan onun özü də yazı-pozu işlərində yararlanmaq şansı əldə edəcək. Beləliklə, kadr təyinatı zamanı mən partiyanın analitik-informasiya və proqnozlaşdırma mərkəzinin rəhbəri, Əhliman Tağıyev təşkilat şöbəsinin müdiri, Siyavuş Novruzov zavxoz-kassir, Əli Həsənovsa ideologiya şöbəsinin müdiri vəzifələrinə təyinatlar aldıq. Artıq bir il keçməmişdi ki, Əli Nağıyev bu siyasi dələduzdan narazılıqlarını mənimlə bölüşürdü. Bu yarasa qərargaha ayağını basar-basmaz biabırçı işlərlə məşğul olmağa başlamışdı. Rayon təşkilatlarının sədrlərindən pul yığaraq onlara dövlət vəzifələrində işləmək barədə vədlər verirdi. Cəlilabad rayonu dəftərindəki siyahıda ilk sırada dururdu. O, Əli Nağıyevin sürücüsü Mirkazım Kazımovu əvvəlcə QASİD firmasına müdir təyin etdirdi, sonrada iki cümləni bir – birinə qoşub yaza bilməyən bu savadsızı deputat elətdirdi. Necə ki, sonralar Vüqar Səfərli ilə mediaya hökumətin ayırdığı pulları həzm-rabedən keçirirdi, eləcə də QASİD firmasının vəsaitlərini Mirkazımın əli ilə mənimsəyirdi. Haradan alışmışdı, necə öyrəşmişdi pis əməllərə, mənə olduqca qəribə gəlirdi. İşi-gücü yalnız onu-bunu aldadıb pul toplamaqdan ibarət idi. Başqa bir yaramaz əməl sahibi olduğunu da aparatda birlikdə işləyərkən yaxından müşahidə etdim. Kollektivdə özünü intriqa ustası kimi tanıtdırmışdı. Bütün günü ondan-buna, bundan-ona söz aparıb, söz gətirərdi. Heç xoşlamazdı iki nəfərin bir – biri ilə dost və səmimi yoldaşlığını. Bir sözlə, YAP-ın adından bəhrələnərək özünün və ailəsinin xeyrinə çalışırdı. Arvadını da öz yanında işə götüzdürdü. Bu yarasanın ideoloji işdən başqa əlindən hər şey gəlirdi. – Eldar müəllim, bəs necə düşmüşdü Mərkəzi Qərargaha? – Əsas məsələ də bundan ibarətdir ki, o, vaxtında necə və hansı yolla Əli Nağıyevi inandıra bilmişdi? Bayaq qısaca da olsa, bu haqda danışdım. Hətta 1995-ci ilin Rövşən Cavadov hadisələri ilə bağlı mən bir yazı qələmə alıb “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əsl Heydər Əliyevçi Xeyrəddin Qocaya dərc etməsi üçün təqdim etmişdim. Yarasa Əli hardansa xəbər tutmuşdu, haray – həşir salıb yazını nömrədən çıxartdırdı. Bunu indiyəcən özümə bağışlamıram.
Prezident Heydər Əliyev Əli Nağıyevə 8-ci kilometrə əməkdaşlardan iki nəfəri göndərmək tapşırığını vermişdi. Prezident partiyadan da məlumat almaq istəyirdi. Əli Nağıyev bacısının əri rəhmətlik Dövlətlə bərabər Həsənova təcili 8-km də silahlı qiyam qaldıran Rövşən Cavadovun yerləşdiyi əraziyə getməyi tapşırarkən Əli Həsənov birmənalı olaraq bundan imtina etdi və bildirdi ki, “mənim uşaqlarım körpədir, mən ölərəmsə, sabah onlara kimsə baxmayacaq”. Əli Nağıyevin rəngi dəyişdi və gözlərini gözlərimə dikdi. Dedim Əli müəllim, mən gedərəm. Gecə saat 3-də Dövlətlə birlikdə əraziyə yollandıq. Mən əmri yerinə yetirməli idim. Halbuki o zaman oğlum Rüfətin 12, qızım Turanın isə 10 yaşı vardı. İndiyə qədər Əli Nağıyevə Heydər Əliyevin bu hadisə barədə məndən soruşduğunu deməmişəm. Akif Muradverdiyevin hər şeydən xəbəri vardı… – Eldar müəllim, belə çıxır ki, bu adam içəriyə atılmış ideoloji təxribatçı olub. Razılaşırsınızmı? – Tamamilə doğru bir nəticəyə gəldiniz. Sizə olmuş bir hadisə barədə də danışacağam. Əli Həsənov partiyada Ramiz Mehdiyevin agenti idi. YAP-ın Mərkəzi Qərargahında keçirilən tədbirlər başa çatan kimi şefini məlumatlandırardı. Lakin onu Heydər Əliyev daha yaxşı tanıyırdı. Günlərin birində Prezidentin yanında çox yığcam bir müşavirə keçirilirdi. Mən və Əli Həsənov da dəvətli idik. Heydər Əliyev onu çıxışa çağırdı. Həsənov başladı özündən razı halda danışmağa. Heydər Əliyev onu saxladı və çox sərt tənbeh elədi. Prezident dedi ki, bir ara Naxçıvana gəldin. Sonra səsin- bəsin kəsildi. Soruşanda dedilər ki, Ukraynada Quskanın qapançısı işləyir. Get ideoloji tərbiyə alıb sonra gələrsən. Tribunadan qovuldu. Lakin ideoloji tərbiyəsiz Ramiz Mehdiyevin himayədarlığı ilə Prezident Aparatında ictimai – siyasi şöbənin müdiri təyin olundu. Bu sözlərdən sonra onun barəsində belə qərarın qəbul edilməsini başa düşə bilmədim. Hətta Heydər Əliyev onun Vəzirova dəstək bəyanatına qoşulduğunu bilir və buna görə ona nifrət edirdi. 2003-cü ildən sonra o, yerini möhkəmləndirdi. Və kimlərlə ədavətləri vardısa, Ramiz Mehdiyevlə bərabər həmin adamları ləkələyib çıxdaş etdilər. Onun ideoloji qabiliyyəti yalnız buna çatırdı. – Əli Həsənovun medianı şil-küt etməsinə necə izah verərdiniz? – Bunun izahı yoxdur. O, bu sahənin monopolisti idi. Əflatun Amaşov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli və özü daxil, bu dördlük ancaq ölkədə narazılıqların kök atmasına, hakimiyyətlə cəmiyyət arasında uçurum yaranmasına çalışırdı və buna nail də oldular. Dövlətə qarşı inamsızlığın baş qaldırmasında onların müstəsna xidmətləri oldu. Adam utanır onların yerinə. Baxın, bir nəfər belə bu dördlük haqda yaxşı söz demir. Vaxtı ilə Əli Həsənovun ayaqları altına sərilən bəzi yazarların səslərini çıxarmamaları məndə təəccüb doğurmur. Onlar indi ictimai rəyin hədəfindədirlər. Dövlətin etibarını bu dərəcədə tapdalamaq olmazdı. İndi onu Baş nazirin müavini Əli Əhmədov əvəz edir. Ardı var…