"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan tərəfdaşları ölkəyə 20 milyard dollar ayırıb..."
"BVF-nin krediti ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə, sosial proqramların maliyyələşməsinə yönələcək..."
"2022-ci ildə Ukraynanın ÜDM-i ötən ilə nisbətən 35 faiz azalacaq..."
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya "Tez maliyyələşmə Aləti" proqramına uyğun olaraq 1, 3 milyard dollar əlavə təcili maliyyə ayırmağa qərar verib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün "Twitter" səhifəsində məlumat verib.
O, əlavə edib ki, pullar artıq Ukraynaya köçürülüb və fondun sərəncamverici direktoru Kristallina Georgiyevaya və BVF İcraiyyə Şurasına minnətdarlıq edib.
Bununla da Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan BVF tərəfindən Ukraynaya ayrılan vəsaitin ümumi məbləği 2, 7 milyard dollara çatıb, Ukraynanın baş naziri Denis Şmıqal deyib.
O, qeyd edib ki, alınan kredit ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə, təqaüdlər və sosial proqramların maliyyələşməsinə, habelə iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə yönələcək.
Ukrayna hökumətinin məlumatına görə, müharibə başlanandan tərəfdaşları Ukraynaya təxminən 20 milyard dollar ayırıb.
"Ukraynanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə davam gətirməyimizə kömək edən müttəfiqlərimizə çox sağ ol deyirik, - Şmıqal minnətdarlıq edib. - Bu dəstəyi dəyərləndiririk və onun genişlənməsi üzərində işləyirik. Növbəti ildə BVF-dən yeni böyük proqram, həmçinin ABŞ, Aİ, G7-nin digər ölkələrindən maliyyələşmə gözləyirik".
BVF-nin saytının məlumatına görə, yeni maliyyələşmə paketi Ukraynanın tədiyyə balansının tələbatını ödəməli, habelə onun kreditödəmə qabiliyyətinə dəstək verməlidir.
Fondun proqnozlarına görə, insanların kütləvi yerdəyişməsi, yaşayış evlərinin və həlledici infrastrukturun dağılması şəraitində Ukraynanın ÜDM-i 2022-ci ildə 2021-ci ilə nisbətən 35 faiz azalacaq, maliyyələşmə tələbatı yüksək olaraq qalacaq.
İndiki şəraitdə Ukraynanın kreditləşməsi ilə bağlı risklərin azaldılması üçün kreditorlar və donorlar ölkəyə müvafiq şərtlərlə dəstək vermək öhdəliyi götürüb.
Bu, Ukrayna tərəfinə BVF qarşısında artıq mövcud olan kredit öhdəliklərinin icrasını təmin etməlidir.