ABŞ Rusiyaya Ukrayna ərazisinin 20 faizini təklif edib? - SENSASİYA

ABŞ Rusiyaya Ukrayna ərazisinin 20 faizini təklif edib? - SENSASİYA 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün müharibəni dayandırmaq üçün Rusiyaya Ukrayna ərazisinin beşdə birini təklif etməsi ilə bağlı məlumat yayılıb. 

 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu informasiya İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) qəzeti tərəfindən yayılıb. 

Lakin Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsünün müavini Şon Devit “Newsweek”ə müsahibəsində xəbəri qəti şəkildə inkar edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da ABŞ-ın belə bir plan təklif etməsi ilə bağlı iddiaları “ördək xəbər” adlandırıb. 

Adı açıqlanmayan Ağ Ev rəsmisi də NZZ-nin MKİ rəhbərinin bu ilin yanvar ayında gizli şəkildə Moskvaya səfər etməsi və Ağ Ev adından Ukraynaya müharibəni dayandırmaq müqabilində ərazinin 20 faizini vermək təklifi irəli sürməsi ilə bağlı iddiaları “ağ yalan” adlandırıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə “spekulyasiyalara şərh verə bilməyəcəyini” söyləyib. 

Qeyd edək ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti bu xəbəri iki alman siyasətçiyə istinadən yazıb. Qəzetin mənbələri iddia edir ki, “torpaq” dedikdə Ukrayna ərazisinin təxminən 20 faizi nəzərdə tutulurmuş ki, bu da hazırda böyük qismi işğal altında olan Donbasla müqayisə oluna bilər. NZZ həm Moskva, həm də Kiyevin təklifi rədd etdiyini yazıb. Ukrayna öz ərazilərini itirmək istəmir. Rusiya isə uzunmüddətli perspektivdə müharibədə qalib gələcəyinə inanır. 

Nəşrin mənbələrinə görə, Börnsün diplomatik missiyasının “uğursuzluğundan” sonra Bayden “Abrams” tanklarının Ukraynaya tədarükünə razılıq vermək qərarına gəlib. Bu qərar öz növbəsində Ukraynaya alman “Leopard” tanklarının tədarükünün qarşısını kəsib. 






Fikirlər