“KİYEV MÜHARİBƏ STRATEGİYASINI DƏYİŞİR” – “Ukrayna PUA-ları Qərb sanksiyalarından daha effektlidir”

 

“Ukrayna Rusiyaya qarşı eyni vaxtda iki müharibə aparır: biri birbaşa cəbhə xəttində, digəri isə Rusiya Federasiyasının ərazisində. Bu da oyun qaydalarını dəyişir və Moskvaya böyük ziyan vurur”.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Spectator” jurnalının Ukrayna PUA-larının Rusiya enerji sektoruna vurduğu ziyan barədə yazısında belə deyilir.

Nəşr Ukrayna PUA-larının Sankt-Peterburq yaxınlığındakı Ust-Luqada neft-qaz emalı zavoduna və neft ixrac terminalına hücumunu xatırladıb. Jurnalistlərin fikrincə, bu zərbə Rusiyanın yanacaq istehsalı və ixracı imkanlarını ciddi şəkildə sarsıdıb: “Əslində, Ukrayna istehsalı olan bu PUA-lar Qərbin Rusiyanın karbohidrogen ticarətinə tətbiq etdiyi sanksiyalardan, qiymətləri məhdudlaşdırmaq cəhdlərindən daha uğurlu olub”.

 

 

Jurnalistlər onu da əlavə ediblər ki, Rusiya iqtisadiyyatının təxminən 40%-i müharibə üçün işləyir və bu xərclərin böyük hissəsi məhz neft və qaz satışı hesabına ödənilir. Nəşr izah edir ki, Rusiya infrastrukturu Ukrayna PUA-ları üçün ideal hədəfdir: “Nasos stansiyaları, neft-qaz terminalları və neft emalı zavodları tez alışan məhsulla doldurula bilən nəhəng, geniş sənaye sahələridir. Rusiyanın Ukraynada olmayan bir struktur zəifliyi var: onun geniş ərazisi və səpələnmiş infrastrukturu hər boru kəmərini, zavodu və körpünü qorumağı qeyri-mümkün edir”.

Yazıda qeyd olunur ki, PUA-lar və uzaqmənzilli raketlər sayəsində “Ukrayna bu müharibənin davam etdirilməsini Putin üçün çox bahalı və ağrılı edə bilər”.

 






Fikirlər