GƏNCƏnin nəqliyyat kralı: Sabit Bağırov - NARAZILIQ VAR...
Bir müddət əvvəl Moderator.az olaraq Gəncədə yerləşən "Simurq kompaniya"sından ciddi bir yazı yayımlamışdıq. Kompaniyanın əsas fəaliyyəti Gəncədə nümunəvi sərnişindaşınmanı təmin etmək olsa da, burada bu işdən başqa bütün neqativ hallara, qanunsuzluqlara yol verildiyini, böyük mənimsəmələrin baş verdiyini, əldə edilən gəlirin şəxsi ciblərə daxil olduğunu yazmışdıq.
Araşdırmaların davamı olaraq məlum oldu ki, uzun illərdir Gəncədə bu kompaniyanın fəaliyyəti başlı-başına buraxılıb.
"Gəncə-Simurq" kompaniyasını Əflatun Əliyev yaratsa da, hazırda bütün səlahiyyətlər kompaniyanın ikinci şəxsi hesab edilən Sabit Bağırovdadır. O həm də Gəncədə nəqliyyat kralı kimi ad qazanıb. İndiyə kimi satdıqlarından başqa özünə məxsus 6 marşrutu var ki, bunun hərtərəfli gəlirləri sırf Sabit Bağırovun cibinə axır. 5 nömrəli marşruta 4, 25 nömrəli marşruta 1,1 nömrəli marşruta isə 1 mikroavtobus buraxan nəqliyyat kralının cibinə hər gün plandan və digər ödəmələrdən başqa 40-50 manat pul daxil olur və bu da ay ərzində 14-15 min mat vəsaitin yayınması deməkdir. Əvəzində isə qəpik belə vergi ödəmir.
Bunlar az imiş kimi Gəncədə xəttlərin satılmasına da rəhbərliyi bu adam eləyir. Elə xətt var ki, onu 50-60 min mata satıb və sahibkarın qazanc əldə etməsi üçün də ara məsafələrini çox qoyub. Deməli nəqliyyat sahibi pul qazanır, sərnişin isə ara məsavəsinin çoxluğuna görə əziyyət çəkməli olur.Bunu sübut etməyin isə çox sadə bir yolu var. Qəfil xəttlərə çıxan sürücülər dəyişdirilir və ortaya çıxan ölüb-öldürmək məqamında hər məsələ aydınlaşır.
Ölkə başçısının sərnişin daşınmasını qaydaya salmaq və daha yaxşı xidmət göstərmək barədə verdiyi sərəncamdan xeyli vaxt keçsə də Gəncədə bu haqqda düşünmək istəyən yoxdur. Regional nəqliyyat departementi ya bu sahədə mükəmməl deyil, ya da hansa anlaşılmayan səbəbə görə kompaniyanın maliyyə fırıldaqlarına göz yumurlar.
Faktlara müraciət edək. 1 saylı marşruta gün ərzində 13 mikro avtobus buraxılır, günün sonunda onların hər birindən 95 manat plan alınır və bu da ümumi say və məbləğdə 1.235 manat təşkil edir. 2 saylı marşurtda isə günun sonunda bu qayda hesablamaya görə 935, 5 saylı marşrutda 600, 6 saylıda 975, 9 saylıda 520, 25 saylıda 325 manat pul hesablanır və cəmi bu marşrutlardan 4.590 manat gəlir götürülür. Bu bir gündə yalnız “Hundai” markalı mikroabtobuslardan götürülən gəlirdir. Bunu da bir aya vuranda ağıla sığmayan məbləğ yaranır.
Lakin iş bununla bitmir. Gün ərzində daha 60 “Qazel" markalı mikro avtobus da xəttə buraxılır ki, bunların da hər birindən işin sonunda 30 manat pul alınır. Rəqəmlər bütün mətləblərə aydınlıq gətirdi. Yəni, bu “Qazel"lər gün ərzində 1.800, ay ərzində isə 54.000 min manat müəssisəyə qazanc gətirir. Acınacaqlı olan isə budur ki, bu qədər gəlirin qarşısında bir nəfər belə sürücü əmək haqqı almır. Əmək haqqı alınmırsa deməli xeyli sayda işçi sosial ödəmələrdən və gəlir vergisindən yayınır. Bu rəqəmlər dünəndə belə idi, bu gün də belədir və nə qədər ki, regional nəqliyyat departementi məsələlərə göz yumur və konkret addım atmır sabah da belə olacaq. Bu isə küllü miqdarda gəlirin büdcədən yayınması və ayrı-ayrı şəxsləri varlandırmasından başqa heç nə deyil.
Amma Gəncənin bu gün gəlirlərin büdcəyə cəmləşməsinə daha çox ehtiyacı var.