Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar silsilə görüşlər davam edir...

Şəhərlər universitetləri, universitetlər isə alimləri, məzunları ilə tanınır və şöhrət qazanır. 60 illik yubiley sevincini yaşayan Sumqayıt Dövlət Universitetinin məzunları sırasında yetərincə  ölkənin nüfuzlu mütəxəssisləri və peşəkar kadrları var. Onlar ayrı-ayrı dövlət qurumlarında rəhbər vəzifələri icra  edirlər,  respublikanın iqtisadi, sosial və mədəni dirçəlişinə, inkişafına töhfələr verirlər.  
SDU-nun mətbuat xidmətindən "AzerTaym.az"- bildirildi ki,iyulun 5-də yubiley ilə əlaqədar olaraq  universitetin bir qrup müəllimi Quba şəhərinə səfər edərək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  əməkdaşları,  Qusar rayon orta məktəblərindən gələn  nümayəndələr  və SDU-nun məzunları  ilə görüşdülər.
Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə baş tutan görüşdə Quba-Xaçmaz Regional Təhsil idarəsinin əməkdaşları, Quba ziyalıları,  SDU-nun müxtəlif  illərdə məzunu olmuş rayon təhsil işçiləri , ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin əməkdaşları qismində Həmkarlar İttifaqı Komitəsinin sədri dosent  Nemət İbayev, universitetin Karyera mərkəzinin müdiri  dosent Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov, Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu iştirak etdilər.
Görüşdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbiri giriş sözü ilə açan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  müdiri Rüfət Hacıyev bu il qeyd olunacaq 60 illik yubileyi münasibətilə universitet kollektivini  təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladı. Rüfət Hacıyev çıxışında bildirdi ki, Sumqayıt Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək  Azərbaycanın  aparıcı ali təhsil ocaqlarından  və  elm mərkəzlərindən birinə çevrilib. 
Sonra SDU-nun HİK-nin sədri, dosent Nemət İbayev çıxış edərək tədbir iştirakçılarını salamladı, universitetin 60 ildə keçdiyi inkişaf yolundan, tarixindən, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı. Bildirdi ki, 60 illik yubileyi qeyd edilən Sumqayıt Dövlət Universitetinin uğurları sonsuz fərəh və sevinc hissi doğurur. Bu uğurların başlıca səbəbi isə, daim yeniləşmək, novator ənənələrə əsaslanmaq və dövrün özünəməxsus tempi ilə ayaqlaşmaqdır. Elm və təhsil sahəsində SDU-da həyata keçirilən islahatlar, çoxistiqamətli əlaqələr, mütəmadi olaraq möhkəmlənən maddi-texniki baza, aparılan yenidənqurma və abadlıq işləri universitetin ümumi inkişafına, gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə və elmi-pedaqoji heyətin gəncləşdirilməsinə yönəlmişdir. Universitetin 60 illik tarixində 2015-ci ildən etibarən ilk dəfə olaraq müxtəlif elm sahələri və ixtisaslara uyğun elmlər doktoru proqramı üzrə kadr hazırlığına qəbul keçirilmişdir. Hazırda bir çox əməkdaş elmlər doktoru proqramı üzrə elmi-tədqiqat işi aparır və onlar nüfuzlu xarici elmi jurnallarda, beynəlxalq simpozium və konfranslarda universiteti layiqincə təmsil edirlər.
 Görüşdə  SDU - nun Karyera mərkəzinin müdiri, dosent Əmirxan İsayev və baş müəllim,  yazıçı-publisist Əli Rzazadə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov da öz növbələrində çıxış edərək  bildirdilər ki, genişprofilli Sumqayıt Dövlət Universiteti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. SDU milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksəktəhsilli peşəkar kadrların hazırlanmasında strateji məqsədləri əsas götürmüşdür.Universitet fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib. Bundan sonra da peşəkar kadrların, ixtisaslı mütəxəssislərin hazırlığında zəngin təcrübəyə malik universitetimizə bölgələrdən orta məktəb məzunlarının axın etməsi  buna bariz nümunədir.   
Çıxışçılar onu da qeyd etdilər ki, universitetin rəhbərliyi tərəfindən Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. 
TGT-nin sədri Elmin Novruzlu  da çıxış edərək universitetdə gənclərə göstərilən diqqət və qayğıdan söz açdı, bildirdi ki,  SDU gəncləri daima Heydər Əliyev irsinə sadiq qalaraq, dövlətimizin parlaq gələcəyi və Vətənimizin inkişafı naminə böyük səylər göstərir, Prezident cənab İlham Əliyevin göstərdiyi etimadı doğrultmaq üçün çalışırlar. 
Görüşdə  Quba ziyalıları, eləcə də, SDU-nun məzunu olmuş rayonun təhsil işçiləri çıxış edərək, universitetin çoxminli kollektivini yubiley münasibətilə təbrik etdilər, təhsil aldıqları SDU ilə bağlı xoş xatirələrdən söhbət açdılar və əldə etdikləri uğurlara görə məzunu olduqları universitet rəhbərliyinə və müəllimlərinə sonsuz təşəkkürlərini ifadə etdilər.
Quba şəhər “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova məzunu olduğu Sumqayıt Dövlət Universiteti haqqında xatirələrini bölüşərək bildirdi ki: “Sumqayıt Dövlət Universiteti mənim üçün çox doğmadır. Məncə universitet bizə təkcə təhsil vermədi, həm də bizi şəxsiyyət kimi formalaşdırdı. İnanıram ki, hər birimiz öz fəaliyyətimizlə universitetimizin adını yüksəklərə qaldıracağıq”.
Sonra universitetin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu və SDU-nun rəhbərliyi adından universitetin bir qrup məzununa hədiyyələr təqdim edildi.






Fikirlər