Məmurlar indi də pensiya biznesinə başlayır?

Məmurlar indi də pensiya biznesinə başlayır?

“Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir”. 

Bunu millət vəkili Vüqar Bayramov deyib. "Dünya təcrübəsində görür ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl pensiya fondundan pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır.

Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Əgər özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduda ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq",- deyə o əlavə edib.

V.Bayramov həmçinin bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:

"Çünki adətən pensiya fondunda vəsaitlər manatla yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Hətta biz təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsinə ehtiyac var". 

Xatırladaq ki, ötən ay Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında özəl pensiya fondlarının yaradılması ilə bağlı məsələyə toxunmuşdu: 

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır".

 Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır: 

"Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq". 

Qeyd edək ki, son vaxtlar pensiya sistemi ilə bağlı bir sıra problemlər gündəmdədir. Burada pensiya məbləği, pensiya yaşı, pensiya kapitalı kimi məsələlər üstünlük təşkil edir. Məhz bu baxımdan əhali mövcud pensiya sisteminə alternativ variant axtarır ki, bu da bir çox xarici ölkələrdə tətbiq edilən özəl pensiya fondlarıdır.

Azərbaycanda özəl pensiya fondunun tətbiqi nə qazandıracaq? 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, özəl pensiya fondunun vətəndaşlar üçün icbari, yəni Dövlət Sosial Müdafiə Fondundan üstünlüklə bağlı nəsə bir fərqi olmasa, heç kəs özəl fonda üz tutmayacaq: 

“Özəl pensiya fondlarının özünün də müflisləşmə təhlükəsi var. Məsələn, mən illərlə əmək haqqının bir hissəsini özəl pensiya fonduna ödəsəm, sabah pensiya yaşına çatanadək həmin fond bağlansa, müflis olsa, mənim pensiyam batır. Heç olmasa hamı başa düşür ki, Dövlət Sosial Müdafiə Fondu dövlətindir, bağlanmayacaq, müflis olmayacaq, qalacaq.

Bu baxımdan özəl pensiya fondu o qədər cəlbedici olmalıdır ki, vətəndaş onu seçsin. Düşünürəm ki, yaxın dövrdə Azərbaycanda özəl pensiya fondu olmayacaq. Mən şəxsən oraya pensiya üçün üz tutmazdım”. 

Ekspertin fikrincə, çünki Azərbaycan şəraitində sağlam rəqabət yoxdursa, özəl pensiya fonduna etibar yoxdur: 

“O fondlar bağlana bilər. Ancaq özəl pensiya fondu az ödəniş müqabilində daha çox pensiya vəd etməlidirlər. Bu gün heç DSMF-yə etdiyimiz ödənişlər kifayət etmir. Ona görə hesab etmirəm ki, yaxın 10 ildə Azərbaycanda özəl pensiya fondu olacaq”. 

Ekspert deyir ki, xaricdə sağlam bazar iqtisadiyyatı var və orada qanunlar işləyir: 

“Orada hamı bilir ki, pensiya fondu, özəl qurumlar sabitdir. Bizdə kim təminat verə bilər ki, sabah kiminsə “xoşuna gəlməsə” və digər səbəblərdən onu bağlamayacaq? Xaricdə həmin fondlar üzərində dövlət nəzarətindən başqa, ictimai nəzarət var. Bizdə isə bilmək olmur, bəlkə vətəndaşın pulunu yığıb, aradan çıxacaq?

Bizim nə qədər banklarımızın taleyi belə oldu. Halbuki dövlət nəzarəti var idi. Bu baxımdan xaricdə qanunçuluq var. Bazar iqtisadiyyatı mülkiyyət hüququnun müdafiəsi, bağlanan müqavilələrin icrası, sağlam rəqabətdir. Bunların hamısını da məhkəmə müdafiə etməlidir. Bizdə bunlar olmadığına görə,  işləməyəcək.

Bizdə özəl pensiya fondunu yaratmaq üçün də həmin işin öhdəsindən gələcək şəxslərin kim olduğu da maraq doğurur. Böyük ehtimalla bu, elə dövlət məmurlarıdır. Kimin bu qədər pulu və imkanı ola bilər ki, bu işi görsün? Bu baxımdan da hesab edirəm ki, bu, bizdə işləməyəcək”. 






Fikirlər