Azərbaycan futbolunda oyun alqı-satqıları, aldadılan azarkeşlər və məşhur Badri Kvaratsxeliya — ARAŞDIRMA

Azərbaycan futbolunda oyun alqı-satqıları, aldadılan azarkeşlər və məşhur Badri Kvaratsxeliya — ARAŞDIRMA

Xatırlayırsınızsa, Azərbaycan futbolu və danışılmış oyunlarla bağlı silsilə yazılarımız AFFA və PFL rəsmiləri tərəfindən ciddi cəhdlə təkzib olunurdu. Ancaq aylar öncə yazdıqlarımız deyəsən, tədricən öz təsdiqini tapmaqdadır.

Necə deyərlər, axır ki, cidanı çuvalda gizlətmək cəhdləri iflasa uğradı.

Bəs nədən Azərbaycan futbolunun, daha doğrusu futbol təsərrüfatının iki möhtəşəm ulduzu-Ramin Musayev və Elxan Məmmədov dueti bunun qarşısını almağa çətinlik çəkdi? Nədən baş verənləri etiraf etməyə məcbur oldular. Axı hər iki superulduz "belə bir şey yoxdur və ola bilməz" deyirdilər. Əcəba, bu həngamənin üstünü kim açdı?

Ölkə.Az saytı olaraq bu barədə oxucularımıza vaxtaşırı məlumatlar verir, kimlərin bu işə rəhbərlik etdiklərini açıq şəkildə yazır, kimlərin hansı ölkələrdəki kontorlara nəzarət etdiyini bildirirdik. Amma nə yazıq ki, o insanlar hələ də "işlərinin" başındadırlar.

Gəlin biz də bu iş barəsində sizin bilmədiyiniz, yaxud AFFA-nın ciddi cəhdlə gizlətdiyi informasiyaları araşdıraq.

Ondan başlayaq ki, UEFA AFFA-ya birinci dəstə oyunları ilə yanaşı altı premyer liqa komandasının da adını göndərib və həmin oyunların araşdırılmasını istəyib. Yəni güclülər dəstəsinin səkkiz təmsilçisindən altısı məhz danışılmış oyunlarda şübhəli bilinir. Təsəvvür edirsinizmi, səkkiz klubdan altı klub...

Amma AFFA yüksək liqa komandalarının adını gizlədir. Səbəb nədir? Bax bu çox maraqlıdır və indi biləcəksiniz.

Birincisi, burada elə klubların adı var ki, onlar birbaşa ya Elxan Məmmədovun, ya da Ramin Musayevin himayəsindədir.

Həmin klubların adları da bizə məlumdur, bu şübhələrin hansı oyunlardan qaynaqlandığını da bilirik, sifarişçilərin kimliyini də, aldıqları tapşırıqların motivini də. Hətta əlimizdə olan dəlilləri Ali Futbol Qurumu olan FİFA-ya təqdim etməyə də hazırıq. Şühbəsiz ki buna lüzum olarsa.

Ancaq bu yolla pul qazanmaq, azarkeşin hissləriylə oynamaq, heç nə olmamış kimi milyonlara sahib olmaq, dövləti aldatmaq, Azərbaycanın idman imicini yerə vurmaq bu şəxslərin "əbədi peşə"si olub. Və bu peşəyə görə utanmağın tam zamanıdır. Çünki edilənlərin zərbə vurduğu bir ünvan var-Azərbaycan və onun idman nüfuzu.

İndi isə gəlin cəzalandırılan klublara baxaq. "Şahdağ", "Göyəzən", "Bakılı", "Rəvan", "Şərurspor" və sair. Futbol ictimaiyyətinin təbirincə desək, adı olub, özü olmayan klublar. Təbii ki, bu klubları vurmaq çox asandır. Belə olan halda kimi aldadırsınız?

Bu arada maraqlı bir detala diqqət edək. PFL prezidenti Ramin Musayev araşdırmaya bir gün qalmış öz adamlarını siyahıdan çıxarıb. Hər halda bütün bunları Musayevin Polad adlı qohumu da bilməmiş deyil.

"Şərurspor" yarandığı gündən sanki əsas məqsəd oyun alqı-satqısıdır. Klubun prezidentinin kontor işlətdiyi də məlumdur. Yeri gəlmişkən, Musayev bu il "Şərurspor"u premyer liqaya gətirmək istəyirdi. Təsəvvür edin, o zaman nələr baş verəcəkdi.

"Bakılı" klubunun prezidenti Misir Əbilovun da adı bu kimi "qara işlər"də çoxdan hallanır.

Daha bir maraqlı məqama diqqət edək. "Şəmkir" klubunun keçmiş futbolçusu, məşhur Badri Kvaratsxeliya Ramin Musayevlə yaxın dostdur. Bir ara Musayev və Namik Məstanovun nəzarətində olan "Turan" klubunda baş məşqçi işləmiş Kvaratsxeliya bir müddət öncə Bakıya gələrək bəzi baş məşqçilərlə "anlaşıb". Və bu "anlaşmanın" nədən ibarət olduğunu da bilirik. Gürcü öz ölkəsində bir neçə kontorla iş birliyindədir və oranın qeyri-rəsmi olaraq Azərbaycan üzrə nümayəndəsi, qeyd etdiyimiz kimi Musayevin isə əziz dostu sayılır.

Bu məqamda bir xatırlatma xüsusilə yerinə düşər. Yadınızdadırsa, Gürcüstanda Şeytanbaza adlanan yerdə, Marneulidə, batumidə kontor biznesinin nümayəndələrinin bahalı evlər, villalar aldığını yazmışdıq. Həmin şəxslərin kim olduğunu Ramin Musayev yaxşı bilir və istəsə, açıqlayar.

Qayıdaq yenidən Elxan Məmmədova. Maraqlıdır, Məmmədov həmin altı premyer liqa komandasının adını niyə açıqlamır? Milli komandanın Antalyadakı Qazaxıstan biabırçılığını məsum bir qazaxın istefasıyla həll edə bilməyinizə rəğmən, informasiya mediaya qədər sızdı.

Əslində, əlimizdə olan materialları bir qədər necə deyərlər, üstörtülü təqdim edirik. Çünki Məmmədovun bilavasitə rəhbəri olduğu komissiyanın yekun araşdırmasını gözləyirik.

Sonda hakim Anar Niyazov barəsində bir neçə kəlmə. Bu şəxs əslən Cəbrayıl rayonundandır, hakimbaşı Xəqani Məmmədovun yerlisi və yaxın adamıdır. Babək Quliyevlə birlikdə hakimlikdən uzaqlaşdırılmışdı. Ancaq bir il tamam olmamış Ramin Musayev onu geri qaytarmağa müvəffəq oldu. Bunun niyəsini də "sözünün ağası" olan Musayev əla bilir. Niyazovun adı xeyli vaxtdır belə oyunlarda hallanır. Amma hər dəfə kimlərəsə lazım olduğu üçün postunda qalırdı. İndi isə belə görünür ki, yeni anarniyazovlar əmələ gəlib və bu şəxsi oyundan çıxardılar.

Oxucularımızın və AFFA-nın diqqətinə bir hakimlə bağlı faktı da çatdıraq. Araşdırmaq və digər məsələlər isə təbii ki səlahiyyətli şəxslərə aiddir. İki həftə öncə birinci dəstədə keçirilən "Şahdağ"-"Ağsu" oyununa Bakı, Gürcüstan və Türkiyə kontorlarında ümumilikdə 450 dollar pul qoyuluşu edilib. Qoyuluş isə belə olub. İlk hissədə "Şahdağ"ın qələbəsi, ikinci hissə "Ağsu"nun oyunda qalib gəlməsiylə yekunlaşmalıdır. Bu versiyaya bir manat qoyan şəxs qarşılığında 15 qat artığını götürə bilərdi.

Oyunun hakimi İnqilab Məmmədov idi və bu biabırçılıq onun gözü qarşısında baş verir. Hətta deyilənə görə, hakimbaşı Xəqani Məmmədov da stadionda imiş. Əcəba, quşu gözündən vuran X.Məmmədovda bu oyunla bağlı şübhə yaranmadımı? Amma İ.Məmmədovda həmin şübhə yaranmışdı. Ancaq... sonrası bir özünə bəllidir.

Bu da fakt. Araşdırmaq və yekun qərar sizlikdir. Ondan sonra yekunu biz sizə yazacağıq.

Bu, bildiklərimizin 10 faizinin sadəcə anonsu idi.






Fikirlər