Ponomaryov 27 ildən sonra Bakıya köçür

Ponomaryov 27 ildən sonra Bakıya köçürAzərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov İsveçdən Bakıya köçməyə qərar verib.

AzVision.az xəbər verir ki, bu barədə "Report"a İ.Ponomaryovun özü məlumat verib.

Veteran futbolçu vətəninə ailəsi ilə birgə gələcəyini açıqlayıb. Lakin o, oğlu Anatoli Ponomaryovun işlərinin çoxluğu səbəbindən Bakıda daimi yaşaya bilməyəcəyini əlavə edib. Səfər tarixi və verdiyi qərarın səbəbini açıqlamayan 55 yaşlı mütəxəssis bildirib ki, AFFA Məşqçilər Komitəsinin yaradılmasından xəbərdardır. Lakin o, konkret iş təklifi almadığını vurğulayıb.

Qeyd edək ki, İqor Ponomaryov Azərbaycanı hələ futbolçu olduğu vaxt - 1988-ci ildə tərk edib. Karyerasını "Norçöpinq" klubunda başa vurduqdan sonra İ.Ponomaryov Bakıya qayıtmayıb və İsveçdə yaşamağa başlayıb. Sonradan veteran futbolçu Azərbaycan milli komandası (2000-2001), "Qarabağ" (2004-2005) və "Xəzər Lənkəran" (2008-2009) klublarının baş məşqçisi olub. Onun oğlu Anatoli Ponomaryov isə 2004-cü ildə Azərbaycan yığmasına cəlb olunub və 16 oyuna 1 qol vurub. Sonradan A.Ponomaryov Azərbaycanda "İnter" (2006) və "Bakı" (2008) komandalarında çıxış edib.
İ.Ponomaryova 5 il öncə 50 illik yubileyi münasibətilə Bakıda mənzil hədiyyə olunub.






Fikirlər