BORCLAR ölmür...
Seçici siyahılarına “ölü canlar”ın daxil edilməsi haqda bir qara yumor nümunəsi var: Birisi mərhum atasından incidiyini və bir daha onun məzarına baş çəkməyəcəyini dilinə gətirir. Səbəbini izah edir: “O gün gəlib seçkidə səs verib, amma evə keçməyib”. Qara yumor ümidsizliyi ifadə edir. Bircə fərqlə ki, bu ümidsizlikdə barışqanlıq da yoxdur. Həyatımız isə günbəgün yeni-yeni qara yumor nümunələri yetirməkdədir. Nə vaxtsa təxəyyülün məhsulu olan ssenarilər artıq çoxdan adi gerçəkliyə çevrilməkdədir. Belə misallardan biri barədə söz açaq. İmişlinin Bərcəvan kəndindən Vaqif Məmmədov bankdan kreditə pul götürür. O, sağalmaz xəstəliyə tutulub və krediti götürməkdə məqsədi də müalicə olunmaqdır. Açıqlamağa ehtiyac yoxdur ki, bizdə təbabət kommersiya relslerinə keçirilib, insanı sağlamlığı ilə şantaj etmək nə qədər antihumanist olsa da, artıq öyrəşmişik. Yəni, pulu yoxdursa, xəstə müalicə ala bilməyəcək. Vaqif Məmmədovun xərçəng xəstəsi olduğunu nəzərə alsaq, onun sağalmaq üçün yox, heç olmasa ağrıları azaltmaq və ömrünü bir qədər uzatmaq üçün pul götürdüyü anlaşılar. Hər halda onkoloji xəstələrin müalicəsi olduqca baha başa gəldiyindən, bankdan götürülən 1,5-2 min manatın xəstəni sağaldacağına inanmaq nonsensdir. Bir sözlə, qarşımızdakı şəxs ölümünü gözləyən və heç olmasa əzablarını azaltmaq üçün ağrıkəsici dərmanlara ehtiyacı olan birisidir. Onlara isə ağrıkəsici dərmanlar imtiyazla verilməlidir.
Deməli, bankda da kimə borc ayırdıqlarının fərqindədirlər. Ancaq işsizə də, təqaüdçüyə də, sağalmaz xəstəyə də borc verirlər. Bilərək ki, onlar borcu qaytarmaq iqtidarında deyillər. Vaqif Məmmədov borcu 2 ay ödəyir, sonra isə vəfat edir. Bir müddət sonra bank nümayəndələri onun mənzilinə gəlir, borclunun ölüm kağızını gözləri ilə görür və gedəndən sonra mərhumu... məhkəməyə verirlər. İmişlidə məhkəmə qurulur, hökm çıxarılır - mərhum Vaqif Məmmədov və borcu götürərkən ona zamin durmuş Qalib İbadov banka ümumən 2283 manat 82 qəpik ödəməlidirlər. Buraya götürülmüş borcun məbləği, gecikdirmələr üçün cərimələr, borcun faizləri və məhkəmə xərcləri daxildir. Qalib İbadovun məhkəmə prosesinin keçirilməsindən xəbəri olmayıb, məhkəmənin qərarından isə yalnız o vaxt xəbər tutub ki, maaşından məbləğ çıxmağa başlayıblar. O, məhkəmənin göstərdiyi məbləğin hansı hissəsinin özü tərəfindən ödənilməli olduğundan bilgisizdir. Yəqin ki, hamısını ödəməlidir, çünki zamin durduğu şəxs artıq dünyada yoxdur.
Sözügedən bankın hüquqşunası hadisəni şərh edib, hər şeyin qanunlar çərçivəsində olduğunu bildirib. Yəni, Vaqif Məmmədovun ölümü onu bank qarşısındakı borclarından azad etmir. Ölü üzərində məhkəmə qurulması isə heç də inkvizisiya dövrlərinin qalığı yox, qanunların tələbidir. “Bəs bank niyə sağalmaz xəstəyə borc verib” sualı belə yerdə ritorik səslənir. Lazım gələr, ölüyə də kredit ayırarlar. Qanun borcun ölən şəxsin hüquqi varisindən, yaxud zamin duran şəxsdən alınmasını təsbit edir. Onda nə alınır? İnsan müvəqqətidir, borc isə əbədi. Fərd ölür, kreditlər isə ölümsüzdür. Bank kapitalizm formasiyasının ürəyidir, kreditlər bu ürəyin oksigenidir. Ürəyə pislik eləmək olmaz, yoxsa bütün Sistem sıradan çıxar. Ürəyə qulluq üçün isə bütün vasitələr məqbuldur. Mərhum Vaqif Məmmədovun yoxluğu belə banklara xidmətini davam etdirməlidir. Onun ailəsi və zamin duran şəxs göstərilən məbləği ödəməlidirlər və bunun üçün yenə banka gedib yenə kredit də götürməlidirlər. Çünki qanunlar və hüquq bankların tərəfindədir. Banklar insanlar üçün yox, insanlar banklar üçündür. Qanunlar insafsızdır? Öyrəşin. Hələ Karl Marks yazmışdı: “Hüquq - hakim sinfin qanun səviyyəsinə yüksəldilmiş iradəsidir”...