2016-cı ilin əvvəlindən etibarən dünyanın 20 ən iri bankı öz bazar dəyərinin 1/4-ni itirib. “FactSet” analitik şirkətinin hesablamalarına görə, söhbət 465 mlrd. dollardan gedir.
"UniCredit" bazar dəyərinin təxminən 2/3-ni itirib. "Royal Bank of Scotland" dəyərinin 56%-ini itirib, "Credit Suisse", "Deutsche Bank" və “Barclays” isə ikiqat ucuzlaşıb.
“J.P. Morgan Chase” və Çinin Sənaye və Kommersiya Bankı nisbətən yaxşı vəziyyətdədir. Belə ki, adıçəkilən banklar bazar dəyərinin cəmi 10%-ini itirib.
Qeyd edək ki, 20 bankın hər birinin səhmləri il ərzində dəyərdən düşüb. İstisna yalnız Böyük Britaniyanın “Standard Chartered” bankı (dəyişməyib) təşkil edir.
Qeyd olunan rəqəmlər investorların qeyri-müəyyənliyindən xəbər verir. “FactSet” qeyd edir ki, “UniCredit”in hazırkı dəyəri balans dəyərinin 21%-inə bərabərdir. “Deutsche Bank”ın kapitalizasiyası isə pik dövr olan 2008-ci ildəki göstəricinin 26%-ə bərabərdir.
Dəyəri balans dəyərindən artıq olan yalnız “Wells Fargo”dur, “J.P. Morgan Chase”in bu iki göstəricisi üst - üstə düşür.
Bankların dəyərdən düşəməsinə səbəb Çin iqtisadiyyatının bazarlara təsiri, ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin dəyişməsi ilə bağlı gözləntilər və neftin ucuzlaşmasıdır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun (”Brexit”) nəticələri vəziyyəti daha pisləşdirdi. Referendumun nəticələri açıqlanandan sonra, yəni iyunun 24-ü Britaniyanın ən iri bankları təxminən 30% dəyərdən düşüb. Həmin gün “Barclays” və “Lloyd’s Bank” 30%, “Royal Bank of Scotland” isə kapitalizasiyasının 35%-ini itirmişdi.
Qeyd edək ki, "UniCredit" Türkiyənin "YapıKredi" bankının səhmdarıdır. Bundan öncə qərb mətbuatı yazırdı ki, "UniCredit" türk bankındakı payını satacaq. Lakin xəbər ən yüksək səviyyədə təkzib olundu. "UniCredit" qrupunun vitse-prezidenti Karlo Vivaldinin (Carlo Vivaldi) sözlərinə görə, Türkiyə bazarı qrup üçün olduqca vacibdir. Maraq üçün qeyd edək ki, cənab Vivaldi vaxtilə "YapıKredi Bank Azərbaycan"ın Müşahidə Şurasının sədri olub.
Qeyd edək ki, 2001-ci ilin sonlarında “Koç” qrupun maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərini birləşdirmək və səhmlərin böyük bir hissəsini ələ keçirərək effektivliyi artırmaq məqsədi ilə adıçəkilən qrup və “Uni Credito İtaliano SPA” arasında “Koç Maliyyə Xidmətləri A.Ş.” üzrə 50%-50% əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bunun nəticəsində, “Koç” qrupun maliyyə sektorunda olan səhmləri (Koçbank, Koç Lease, Koç Faktoring, Koç Invest, Koçbank Nederland N.V., Koçbank Azərbaycan QTSB və Koç Aktivlərinin İdarə Edilməsi) “Koç Maliyyə Xidmətləri” və “Uni Credito İtaliano” arasında bölüşdürülüb və “Koç” qrupu “Koç Maliyyə Xidmətləri”nin bərabərhüquqlu ortağı olub.
2005-ci ilin sentyabr ayında Türkiyədəki “Yapı Kredi Bankası A.Ş.”-də həmçinin “Koç Maliyyə Hizmetleri” ailəsinə daxil olub.
“Koçbank Azərbaycan” 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir.
"Deutsche Bank" Azərbaycan üçün heç də yad bank deyil. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ötən il üzrə hesabatında bildirilir ki, "Deutsche Bank Advisors" fondun aktivlərinin təxminən 100 milyon dollarından artıq hissəsini idarə edir. Ümumilikdə, 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-dən bildirilir ki, vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
31 dekabr 2015-ci il tarixinə fond maliyyə təşkilatları ilə ("xarici menecerlərlə") aktivlərin idarə edilməsi haqqında razılaşmalara əsasən 3 mln. 708,059 min manat (2 mln. 377,875 min dollar) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və onların ekvivalentlərini saxlayıb. 2013-cü, 2014-cü və 2015-ci illər ərzində fondun xarici menecerləri kimi "Deutsche Bank AG", Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu), "State Street Global Advisors" və UBS çıxış ediblər.
Bundan öncə "APA-Economics"in araşdırması nəticəsində məlum olub ki, Beynəlxalq Valyuta Fondu (IMF) Almaniyanın ən iri bankını qlobal maliyyə sistemi üçün ən böyük risklərdən biri hesab edir. 2013-cü ildə məlum olub ki, "Deutsche Bank"ın təmin olunmamış derivativlərinin həcmi 55,6 trln. avro və ya 72,8 trln. dollar olub ki, bu da mütləq dünya rekordudur. Mütləq rekordçunun ABŞ bankı olmaması hələ o vaxt bir çox ekspertləri təəccübləndirmişdi. Düzdür, ABŞ-ın "JPMorgan" bankı o zaman cəmi 2 trln. dollarla ikinci yerdə idi.
Yeri gəlmişkən, artıq iki il dalbadal "Deutsche Bank" ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) apardığı stress-testlərdən "kafi" qiyməti alır. Adıçəkilən bankın səhmləri iki gün öncə rekord səviyyəyədək ucuzlaşıb.
Almaniyanın ən iri bankları və sığorta şirkətləri daxili bazarda bir-birinə sıx bağlıdırlar. "Allianz", "Munich Re", "Hannover Re", "Deutsche Bank", "Commerzbank" və "Aareal" bir-birinə daha sıx bağlıdır. Anladığınız kimi, bu zəncirin bir halqasının axsaması "domino effekti" ilə digərlərini də uçuruma apara bilər.
Maraq üçün deyək ki, "Deutsche Bank"dan qlobal maliyyə sistemi üçün risk yaradanlar HSBC və "Credit Suisse" banklarıdır.
IMF bildirir ki, Almaniyanın bank sektorundakı təlatümlər daxili bazardan çox xarici bazarlar üçün risk yaradır. Başqa sözlə, kontragentlərin qlobal oyununda "Deutsche Bank" çökdüyü halda, bayaq qeyd etdiyimiz kimi, bu, "domino effekti" verəcək və ardınca başqalarını da aparacaq.
Fondun rəsmiləri qeyd edir ki, Almaniya mütləq və tez şəkildə problemdən çıxış yolunu tapmalıdır. Bankın aktivləri yenidən qiymətləndirilməlidir. Bundan başqa, Almaniya hökuməti banka nəzarəti gücləndirməli, lazım gələrsə moratorium tətbiq etməlidir. Almaniya mətbuatını vərəqlədikdə isə məlum olur ki, artıq yerli hökumət operativ şəkildə bu istiqamətdə müvafiq addımlar atmağı planlaşdırır. Lakin ən operativ şəkildə belə atılan addımlar xeyli müddət ala bilər. Halbuki, IMF bir neçə gündən danışır. İstənilən halda, hökumət bildirir ki, vəziyyət nəzarət altındadır.