2017-ci ildə dünya necə olacaq? - İqtisadçıdan bədbin PRQONOZ
Geridə qoymaq üzrə olduğumuz il dünya və ölkəmiz üçün əsl sınaq dövrü oldu. Hələ 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarının iqtisadiyyatımıza vurduğu dərin yaralar sarılmamış, növbəti ili qarşılmağa hazırlaşırıq. İlin axırına çox var deməyin, papağını fırladanacan 2 ay bir göz qırpımındaca ötüb keçəcək. Ağlamalısı da budur ki, 2016-cı ili “-malı”, “-məli” şəkilçilərinin artırıldığı sözlərlə başa birtəhər vururuq... Bəs 2017-ci ildən gözləntilərimiz nədir? Azərbaycan dünya iqtisadi böhranının fonunda çətinliyin öhdəsindən gəlmək iqtidarında olacaqmı? Onsuz da bahalaşan ərzaq və ərzaq məhsullarının qiyməti kasıbın büdcəsinə uyğunlaşdırılacaqmı? “Federal Rezerv Sistemi (FED) faiz artımına gedəcək” İqtisadçı Natiq Cəfərli 2017-ci il üçün Azərbaycanda gözlənilən iqtisadi prosesləri dünya iqtisadiyyatı ilə müqayisəli şəkildə Modern.az-a şərh edib. Onun fikrincə, Azərbaycan və dünyada gedən proseslər arasında ciddi fərq var: “Neftin qiymətinin azalması ilə bağlı iqtisadiyyatlarında geriləmə yaranmış bir qrup ölkədə tamamilə başqa bir konfiqurasiya yaranıb, onların problemləri var. Amma dünyanın neftdən asılı ölkələrində gedən proseslər tamam fərqlidir. Neft faktoru önəmli olmayan ölkələrdə, əksinə qiymətin düşməsi, iqtisadi artımda və qiymətlərin aşağı düşməsində ciddi rol oynayır. Amma həm Avrozonada, həm Avropa Birliyində, həm Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədar, həm Amerika Birləşmiş Ştatlarında, həm Asiya ölkələrində, xüsusilə Çində iqtisadiyyatın zəifləməsi fonunda ciddi proseslər gedir. İqtisadiyyatda təhlükələr hələ də mövcuddur. Proseslərin hərəsinin öz səbəbi var. Avrozonada gedən proseslər həm Britaniyanın Avropa Birliyindən çıxması ilə, həm Avropa ölkələrində iqtisadi artımın zəifləməsilə əlaqədardır. Amerika iqtisadiyyatında vəziyyət daha yaxşıdır, çünki pozitiv tendensiyalar artmaqdadır. Ona görə də Federal Rezerv Sisteminin (FED) faiz artımına getməsi labüddür. Çox güman ki, dekabr ayında keçiriləcək toplantıda faiz artımına gediləcək. Çindən qaynaqlanan problemlər isə Asiya ölkələrinə kifayət qədər təsir göstərir”. “Unikal” problemlərilə fərqlənən ölkəmiz... Ekspert deyib ki, bu fonda Azərbaycanın problemləri tamam fərqlidir: “Təəssüf ki, Azərbaycanda neftin qiymətlərindən ciddi asılılığı olan iqtisadi model qurulub. Neftin qiymətinin aşağı düşməsi və uzun müddət aşağı qiymətlərdə qalması iqtisadiyyata mənfi təsirlərini getdikcə artırır. Çünki qeyri-neft sektorunda ciddi irəliləyişə nail ola bilməmişik. Hətta bəzi sahələrdə geriləmələr müşahidə edilməkdədir. Devalvasiyadan sonra hökumət qeyri-neft sektorunun ixracatının artacağını gözləyirdi, amma əksinə proses baş verdi. Qeyri-neft sektorunun ixracı bu ilin ilk 9 ayında təxminən 40 faizə yaxın azaldı”. “2017-ci il 2016-cı ilə nisbətən daha ağır olacaq” N.Cəfərli bildirib ki, qarşıdakı ildə Azərbaycanda gedən proseslər dünyadan fərqli olaraq daha kəskin xarakter alacaq: “Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) ümumi hesabatında da görünən odur ki, gələn il dünyada ümumi daxili məhsulun artımı təqribən 2 faiz civarında gözlənilir. Azərbaycanda isə ilk 9 ayda ümumi daxili məhsulun 4 faiz azalmasını gördük. Tendensiyanın növbəti ildə də davam etməsi proqnozlaşdırılır. O nöqteyi-nəzərdən dünyada gedən proseslərlə ölkəmizdə gedən proseslər fərqlidir. Azərbaycandakı proseslər spesifik xüsusiyyətlərə malikdir. Əsasən də neft qiymətlərilə bağlıdır. Mənim fikrimcə, 2017-ci il içərisində olduğumuz 2016-cı ildən daha ağır olacaq. Hətta büdcə parametrlərinə də baxanda görürük ki, ciddi azalmalar var. Məsələn, təmir-tikinti işlərində təqribən 38 faiz azalma olacaq. Təmir-tikinti sahəsinin bir multiplikator effekti var idi. Çünki ən çox iş yerləri məhz o sahədə yaranırdı. Görünən odur ki, həmin sahələrdə investisiyaların azalması iş yerlərinin və insanların ümumi gəlirlərinin azalması ilə xarakterizə olunacaq. Gələn il həmçinin, ticarət dövriyyəsinin də azalması gözlənilir. Milli valyutanın dəyərdən düşməsinin davamlı hal alacağı da əminliklə demək mümkündür. Bütün bunlar iqtisadi mənzərəyə çox mənfi təsir göstərəcək. Mənə elə gəlir ki, 2017-ci il 2016-cı ilə nisbətən daha ağır olacaq”. “Hökumət yanğınsöndürən rolunda çıxış edir...” Müsahibim manatın ucuzlaşmasından sonra ölkədə atılan addımları yetərli saymayıb: “Bunlar kompleks şəkildə deyil və bir-birini tamamlamır. Harada problem yaranırsa, hökumət yanğınsöndürən rolunda çıxış edərək, həmin sahədə müəyyən addımların atılması ilə problemləri həll etməyə çalışır. Bu, bir bütün, düşünülmüş proqram şəklində baş vermir. Ən böyük problem də budur əslində. İqtisadiyyatda gedən proseslər kompleks olaraq öz həllini tapmalıdır. Burada həm idarəetməylə, həm də məhkəmələrlə bağlı problemlər həll olunmalıdır. Kompleks islahat paketi hazırlanmalıdır. Azərbaycanda isə bunlar kompleks şəkildə həyata keçirilmir. Hər hansı sahədə problem yaranan kimi hökumət həmən müdaxilə edib problemi həll etməyi düşünür. Amma digər sahələrdə gedən proseslərlə əlaqəli olmadığından ciddi effekt vermir. Bəzi addımlar atılıb. Təbii ki, pozitiv addımlar da var. Məsələn, gömrükdə şəffaflığın artırılması ilə bağlı ilin əvvəlində xeyli iş görülüb, kənd təsərrüfatı ilə bağlı proqramlar qəbul olunub. Amma bunlar kompleks şəkildə bir-birini tamamlamadığından effekt vermir və yaxın gələcəkdə də effekt verəcəyi təəssüf ki, görünmür. Dünya praktikası göstərir ki, iqtisadiyyatında problemlər yaşanan ölkələrdə qısa, orta və uzun vədəli proqramlar tərtib olunur. Proqramlar 100 gündən başlayaraq 500 günə qədər qəbul olunur. Hökumət hər dəfə, günbəgün tərtib etdiyi proqramı yerinə yetirir. Azərbaycanda isə hökumətin böhranla bağlı hər hansı bir proqramı yoxdur. Problem də məhz bundan qaynaqlanır”. “Azərbaycanın ən böyük problemi zamandır” O, eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün atılan addımların effekt verməsi üçün zamana ehtiyac olduğunu deyib: “Bir neçə il lazımdır ki, həmin sahələrdə pozitiv göstəricilər əmələ gəlsin. Azərbaycanın da zaman kimi ciddi problemi var. Çünki yaranan problemlər tez bir zamanda həllini gözləyir. Qeyri-neft sektorunda əsas hədəf kənd təsərrüfatıdır. Amma kənd təsərrüfatının ciddi şəkildə inkişafı üçün böyük yatırımlara ehtiyac duyulur. Yeni aqrotexniki qaydaların tətbiq olunmasına, yeni texnikaların alınmasına, əl əməyindən daha az istifadə etməyə ehtiyac var ki, rentabellik artsın. Bunun üçün də zamana ehtiyac var. Hökumətin atdığı addımlar kompleks şəkildə olmadığından ciddi effekt verəcəyi gözlənilmir. Çox təəssüf ki, bu addımların yaxın zamanlarda böyük bir təsiri olacağını demək çox çətindir. Yerli məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Dollar bahalaşdıqca onların da maya dəyəri artır. Həm də təbii olaraq idxal malların bahalaşması ilə nəticələnir. Yerli məhsulların xammalının da xaricdən gətirildiyini nəzərə alaraq onların da qiymətində artım gözlənilir”.