Bu il bizi nələr GÖZLƏYİR?
“2016-cı il iqtisadi baxımdan Azərbaycan üçün çətin il oldu, buna rəğmən hökumət bu il də daxil olmaqla bundan sonra qeyri-neft sektorunun inkişafına hədəflənən fəaliyyətləri həyata keçirmək üçün artıq həm hüquqi, həm də maliyyə bazasına malikdir”. “AzerTaym.az” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial-iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlərə münasibətində bildirib. Ekspertin fikrincə, müşavirədə qeyd edilən əsas məqam bu oldu ki, 2016-cı il gözlənildiyi kimi asan olmadı: "Ölkə prezidenti bunu hətta 2015-ci ilin sonunda keçirilən müşavirədə də qeyd etmişdi. Çünki dünya bazarında neftin qiyməti aşağı idi, regiondakı əsas iqtisadi tərəfdaşlarımızda iqtisadi çətinliklər qalırdı və s. Bütün bunların fonunda ötən il Azərbaycan üçün asan keçmədi". İqtisadçı bununla yanaşı hesab edir ki, bütün bu çətinliklərə baxmayaraq, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün fərqli bir il kimi yadda qaldı: "Onun əsas fərqliliklərindən biri odur ki, ötən il Azərbaycanda iqtisadi inkişafı stimullaşdıra biləcək və onun hədəflərini müəyyənləşdirəcək strateji yol xəritələri və strategiyalar qəbul edildi. Bu, çox vacib addım idi. Bunlar Azərbaycanın postneft dövrünə tamamən qədəm qoyduğu 2016-cı il və bundan sonrakı illərdə ölkə üçün postneft dövrünün hədəflərini müəyyənləşdirməyə şərait yaratdı. Bu baxımdan 2016-cı il Azərbaycanın növbəti illərdə inkişafını və onun hədəflərini müəyyənləşdirəcək il kimi yadda qaldı". V.Bayramov qeyd edib ki, ötən il, həmçinin bank sektorundakı problemlər və onların aradan qaldırılması üçün görülən tədbirlərlə yadda qaldı: "Ötən il xüsusən bank sektorunda olan problemlər iqtisadiyyata təsirsiz ötüşmədi. Ölkədə 10 bankın müflis olması həm banklara olan inamı azaltdı və həm də kompensasiyaların ödənilməsi baxımından dövlət üçün əlavə öhdəliklər yaratdı. Müflisləşən banklarda əmanətlərin bir qisminin dollarda olması isə ölkədə dollara olan tələbatı artırdı, valyuta bazarına neqativ təsir göstərdi. Müşavirədə o da qeyd olundu ki, bankların bir qisminin şəffaf işləməməsi və çevik idarəetmə mexanizmindən istifadə etməməsi halları var idi ki, bu baxımdan ölkə prezidenti tərəfindən 2017-ci ildə bankların sağlamlaşdırılması əsas hədəflərdən biri kimi götürülüb. Ona görə də Azərbaycan 2017-ci ilə fərqli iqtisadi hədəflərlə daxil olur. Mövcud hədəflər və həyata keçiriləcək fəaliyyətlər artıq strateji yol xəritəsində tam olaraq əksini tapıb. Ölkə prezidenti tərəfindən valyuta ehtiyatlarının qorunub saxlanması məsələsinin də qeyd edilməsi birbaşa onunla bağlı idi ki, valyuta ehtiyatlarının artması və qorunub saxlanması 2017-ci il də daxil olmaqla həmin ehtiyatlardan istifadə imkanları verəcək. Dövlət Neft Fondunun (DNF) büdcəsindən 7,5 milyard manatın ayrılmasının nəzərdə tutulması da birbaşa onunla bağlıdır ki, DNF ötən il aktivlərini artıra bildi, eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatlarında kəskin fərqlər olmadı. Xüsusən də DNF-nun aktivlərinin qorunub saxlanması fonunda Fond həm büdcə transferlərini həyata keçirə biləcək, həm də Mərkəzi Banka dollar ifadəsində 4 milyarddan artıq dollar transfer edəcək ki, bu vəsait də birbaşa makroiqtisadi stabilliyin qorunub saxlanması üçün istifadə olunacaq. Bu praktiki olaraq o deməkdir ki, 2017-ci ildə əvvəllki illərdə formalaşmış rezervlərdən istifadə ediləcək. Bu isə liberal üzən məzənnə siyasətinə keçid baxımından vacib idi. Cari tələbin ödənilərək liberal məzənnəyə keçid nəticədə əks dollarlaşma prosesinin başlanmasına imkan verəcək". Bu baxımdan Mərkəzin rəhbəri hesab edir ki, 2017-ci ildə mövcud şərtlər daxilində hökumətin həm valyuta bazarında, həm bütövlükdə real sektorda manevr imkanları fonunda daha geniş fəaliyyətlər həyata keçirmək üçün geniş resursları var: "Ona görə də 2017-ci ilin genişmiqyaslı islahatlar ili olacağı gözlənilir. Artıq yol xəritəsində də konkret olaraq 2017-ci il üçün kifayət qədər fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur". AzerTaym.az