Azərbaycanda kimlər VERGİ VERMİR?
Demək olar ki, hər kəs işlədiyi sahədən aslı olmayaraq dövlətə vergi ödəyir. Təbii olaraq, bu halın olması mütləqdir. Büdcənin təməl sütunlarından biri də vətəndaşlar tərəfindən ödənilən vergilərdir. Lakin elə sahə və fəaliyyət növləri var ki, vergi tələb etmir. Maraqlıdır, həmin sahə və fəaliyyət növü hansıdır? Bu sahə tamamilə vergidən azaddır, ya müəyyən məbləğdə ödəniş tələb olunur? "AzerTaym.az" bildirir ki,məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli tamamilə vergidən azad olan sahələrin aqrar sektora aid olduğunu bildirib: “Gömrük rüsumları da verginin bir növü hesab olunur. Bəzi məhsul növləri bu rüsumlardan azad olunur ki, bu da Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Elə məhz axrıncı qərar da bu məsələ ilə bağlı idi. Belə ki, ölkəyə gətirilən toyuq əti əlavə dəyər vergisindən azad olundu. Keçən il Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra qeyri-neft və özəl sektorda 14 faizlik gəlir vergisi ləğv olundu. Onun əvəzinə isə Sosial Müdafiə Fonduna edilən ödənişlərin formatı dəyişdirildi. Amma fəaliyyət sahələri üzrə ancaq kənd təsərrüfatı ilə məşğul olan şəxslər vergidən azad olunur. Lakin vergi verməmək məsələsi ilkin mərhələyə aiddir. Yəni, fermer məhsulu bazara çıxardıqdan sonra onun satışı ilə məşğul olan şəxs normal qaydada vergi ödəməlidir. Yəni məhsulun özü sonradan vergiləndirilmə prosesi ilə üzləşir”.