Buğda, un və çörəyin bahalaşması - Reallıqdan yaranan zərurət: dövlət və vətəndaş nə etməlidir?
Artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşsa da, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli baha olaraq qalmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Bu azalmanın əsas səbəbi taxıl məhsulları və bitki yağlarının kəskin, şəkər, süd məhsulları və ətin isə qismən ucuzlaşmasıdır. Ucuzlaşmaya baxmayaraq, qlobal ərzaq bazarında qiymətlər ötən ilin eyni dövrünə nəzərən 13.1 faiz yüksəkdir. İyulda taxıl qiymətləri əvvəlki ayla müqayisədə 11,5 faiz azalıb. Bu da müəyyən qədər Ukrayna taxılının dünya bazarına yolunun açılması ilə bağlıdır. Əsas rol isə Şimal yarımkürəsində taxıl yığımının başlanmasına məxsusdur. Argentina və Braziliyada yığım prosesi sürətlə və itkisiz gedir. Ay ərzində yemlik taxıl məhsulları 11,2 faiz ucuzlaşıb. O cümlədən Ukrayna limanlarının mühasirədən çıxarılması qarğıdalının qiymətinin 10,7 faiz düşməsini şərtləndirib. Lakin bütün bunlara rəğmən, hazırda taxıl qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz yüksəkdir. Bitki yağlarının qiymət indeksi iyulda 19,2 faiz azalmaqla, son 10 ayın ən aşağı həddinə düşüb. Buna palma, soya, raps və günəbaxan yağının ucuzlaşması səbəb olub.
Süd məhsulları qiymət indeksi ötən ay 2,5 faiz azalıb. Ən çox azalma quru, yağsız südün, kərə yağının və quru, yağlı südün qiymətində müşahidə olunur. Bunu FAO ekspertləri yay tətili-istirahət dövründə Avropada tələbatın azalması ilə izah edirlər. Süd məhsulları hazırda 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz bahadır. Ət qiymətləri indeksi isə son altı aylıq artım dinamikasından sonra cüzi də olsa azalıb – cəmi 0,5 faiz. Son 3 ayda azalma dinamikası nümayiş etdirən şəkər qiymətləri indeksi iyulda daha 3,8 faiz düşüb. Bunu Braziliyada etanol istehsalına daha az şəkər qamışının yönəldilməsi, həmçinin Hindistanda rekord həcmdə istehsala nail olunması şərtləndirib. Braziliyada etanol istehsalının azalması iqtisadiyyatda qeydə alınan geriləmə nəticəsində tələbin kəskin düşməsidir.
FAO qlobal ərzaq qiymətlərindəki ucuzlaşmanı bütövlükdə müsbət qiymətləndirməklə yanaşı, bəyan edir ki, qlobal təchizat zəncirindəki qırılmaların davam etməsi, inkişaf etmiş iqtisadiyyatlarda resessiya təhlükəsinin getdikcə artması nəticəsində ərzaq bazarında proseslərin pisləşməyə doğru dəyişməsi təhlükəsi yüksək olaraq qalır: “Gübrə qiymətlərindəki bahalıq fermerlərin xərclərini artırmağa davam edir. Bu isə istehsalın azalmasına gətirib çıxara bilər. Bu, həmçinin iqtisadiyyatlardakı geriləmə, valyutaların məzənnəsindəki volatillik qlobal ərzaq təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır”. Qlobal ərzaq bazarında mənfi dəyişikliklər təhlükəsini artıran amillərdən biri də Avropa, Asiya və Şimali Amerikada qeydə alınan kəskin quraqlıqdır. Avropada yaz aylarından başlayan quraqlıq son 500 ildə ən kəskin quraqlıq hesab olunur: Fransa, İspaniya, Belçika, İtaliya, Rumıniyada əkin sahələri isti havanın təsiri ilə quruyur. Almaniyada Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayla gəmilərin hərəkəti minimuma enib. Bu isə ölkənin müxtəlif əraziləri arasında daşımaların həcmini kəskin azaldır. Yağıntıların azlığı bu ölkədə buğda istehsalının 40 faizədək aşağı düşməsinə gətirib çıxarır. Fransada rekord istilər günəbaxan sahələrini, meyvə və üzüm bağlarını məhv etmək üzrədir. Luaru çayının suyu o qədər azalıb ki, nəinki sahələri suvarmaq, heç içməli su kimi istifadə etmək belə mümkün olmur. Ölkənin əyalətlərinin yarıdan çoxunda içməli su ilə bağlı qırmızı həyəcan siqnalı elan edilib. İspaniyadakı su anbarlarında suyun səviyyəsi 39 faizə enib. Po çayında suyun kəskin azalması İtaliya əkinçilərini çətin duruma salıb. Çayboyu ərazilərdə məhsulun 60 faizinin məhv olma təhlükəsi var və bu təhlükə getdikcə reallığa çevrilir. Böyük Britaniyada da sudan qənaətlə istifadə rejiminə keçilib, kənd təsərrüfatı quraqlıqdan böyük zərərlə üzləşməkdədir. Quraqlıq nəticəsində Avropada buğda, ət, süd istehsalının ciddi şəkildə azalması gözlənilir. Bu isə sentyabrın əvvəlindən etibarən qlobal ərzaq bazarına təklifin azalmasını, qiymətlərin bahalaşmasını şərtləndirəcək əsas amillərdəndir.
Azərbaycan ərzaqlıq buğda ehtiyaclarını idxal hesabına qarşılayan ölkələrdən biridir. Buna görə də dünya bazarındakı qiymətlərin ölkədə un və çörək qiymətlərinə təsiri qaçılmazdır. Rəsmi statistikaya əsasən bu ilin 6 ayında ölkəyə idxal olunan 400 748,71 ton buğdaya 142 milyon 965,82 min dollar ödənib. Bu, idxal olunan buğdanın 1 tonunun 356,7 dollar və ya 606,4 manata başa gəlməsi deməkdir. Ötən ilin eyni dövründə 401 min 572.34 ton buğdanı 102 milyon 23.93 min dollara, yəni 1 tonunu 254 dollara almışdıq. Bu, 40 faiz bahalaşma deməkdir. Buğda aldığımız iki ölkədən biri olan Qazaxıstanda bu il 13,5 milyon ton buğda istehsalı gözlənilir. Lakin sentyabrın sonunadək ölkədən buğda və un ixracına məhdudiyyət tətbiq edilib. Son aylarda bu məhdudiyyətə görə Azərbaycana Qazaxıstandan buğda idxalı minimuma düşüb. Əsas buğda bazarımız olan Rusiyada isə buğda istehsalının 83-84 milyon ton, ixrac imkanının 40 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu ölkədə iyulun sonu, avqustun əvvəllərində müşahidə olunan güclü yağıntılı hava məhsulun keyfiyyətini kəskin azaldır, itkiləri ilə çoxaldır. Rusiya Taxıl Şurasının prezidenti Arkadi Zloçevskinin verdiyi məlumata görə, yığım ərəfəsində olan məhsula yağışların vurduğu zərər nəticəsində itkilərin həcmi 15 faizədək arta bilər. Hazırda ölkə üzrə taxıl yığımında həcm baxımından ötən ilki göstəricidən 8 milyon ton, sahə baxımından 7 milyon hektar geriqalma müşahidə olunur. Şura sədrinin hesablamalarına görə, bu il toplanacaq buğdanın tərkibində ərzaq buğdasının payı keçən ilki 82 faizə qarşı 60 faizə düşəcək.
Rusiya iyulun 1-dən avqustun 8-dək 4,72 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövründəkindən 8 faiz azdır. Rusiya Taxıl Şurasının məlumatına əsasən hesabat dövründə buğda ixracı 6,2 faiz azalmaqla 4,161 milyon ton, çovdar ixracı 31 faiz azalmaqla 404 min ton, qarğıdalı ixracı 9 faiz azalmaqla 124 min ton olub. Ötən payızdan ölkədə müşahidə olunan əlverişsiz hava Azərbaycanın özündə də sahələrin məhv olmasına və taxıl istehsalının azalmasına səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb. Lakin ötən payız və qışın ilk həftələrində müşahidə olunan əlverişsiz hava şərtləri, quraqlıq üzündən 100 min hektardan yuxarı sahədə əkinlər məhv olub. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1032,0 min hektar sahədən 922,0 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,5 faizinə bərabərdir. 101,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,0 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılıb. Ölkə üzrə 985,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 faiz) buğda, 386,3 min hektarını (39,2 faiz) arpa, 30,5 min hektarını (3,1 faiz) qarğıdalı, 11,8 min hektarını (1,2 faiz) paxlalı bitkilər, 9,9 min hektarını (1,0 faiz) isə digər dənli bitkilərin əkin sahələri təşkil edib. Avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 milyon 831 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz az məhsul götürülüb. Məhsuldarlıq 1 hektardan 30,5 sentner təşkil edib. Ötən il isə məhsuldarlıq 31,8 sentner olmuşdu. Azərbaycanda dövlət buğda idxalçıları və istehsalçılarına, həmçinin un istehsalçılarına subsidiya ayırmaqla qiymətləri sabit saxlamağa çalışır. Bu ilin yanvarında buğda qiymətlərinin kəskin bahalaşması fonunda ölkədə çörək və unun qiymətində müəyyən artım oldu. Dövlətin ayırdığı subsidiya nəticəsində ondan bəri qiymətlər sabit saxlanılır. Lakin aydın məsələdir ki, dövlət bu yolla qiymətlərin sabitliyini daimi təmin edə bilməz. Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, dövlət idxalçı şirkətlərə subsidiya ayırmaq deyil, aztəminatlı əhalinin müdafiəsi ilə bağlı xərcləri artırmaqla daha effektiv nəticə əldə edə bilər.
Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir – ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, çörək və sair un məhsullarının istehsalına 2020-ci ildə 1 milyon 26 min 670 ton un istifadə edilib. Bu, adambaşına 102,667 kiloqram deməkdir. Daha 841 465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub. 2020-ci ildə Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Adambaşına un istehlakı isə 84,4 kiloqram təşkil edir. Aydın məsələdir ki, bu qədər çörəyin hamısı insanlar tərəfindən tam istehlak olunmur: ölkəmizdə çörəyə israfçı münasibətin olması heç kimə sirr deyil. Paytaxt Bakı və onun ətrafında saxlanılan quş, mal-heyvanın yemlə təminatında vətəndaşların istehlakdan artıq alıb boyatladandan sonra atdığı yüzlərlə ton çörəyin rolunun nə qədər böyük olduğunu izah etməyə də ehtiyac yoxdur. Bunun əsas səbəbi, əlbəttə, çörəyin qiymətinin aşağı olmasıdır. Ailə büdcəsindən çörəyə xərclənən vəsaitin məbləği az olduğuna görə ailələr çörəkdən tələbata uyğun istifadəyə diqqət yetirmirlər. Nəticədə hər gün tonlarla çörək mal-heyvana yem olur. Bu baxımdan, qiymətlərdə dəyişiklik əhalinin çörəyə qənaətlə yanaşmasına, itkilərin azalmasına gətirib çıxara bilər.
Onu da qeyd edək ki, Azərbaycan yaxınmüddətli dövrdə özünü buğda ilə təhlükəsiz həddə təmin etməyi hədəfləyir. İyulun 19-da Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək. Bundan əlavə, müasir suvarma sistemlərini əldə etmək istəyən fermerlərə dövlət subsidiya ayıracaq: onların aldıqları suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət qarşılayacaq, qalan 60 faiz üçünsə güzəştli kredit ayıracaq. Bu, həm su ehtiyatlarından səmərəli istifadəni stimullaşdıracaq, həm də buğda istehsalında məhsuldarlığı yüksəltməyə imkan verəcək. Eyni zamanda buğda istehsalını artırmaq üçün işğaldan azad olunmuş ərazilərimizin torpaq və su potensialından da maksimum yararlanılması nəzərdə tutulur. Bütün bu tədbirlər ən yaxşı halda 3-4 il ərzində Azərbaycanda buğda ilə özünü təminata imkan verəcək. Ona qədərsə ölkəmizdə buğda, un və çörəyin qiyməti qlobal ərzaq bazarındakı proseslərdən birbaşa asılı olaraq qalacaq. Bunu hər bir ölkə vətəndaşı anlamalı, çörəyə münasibətdə daha qənaətcil olmağı bacarmalıdır. Musavat.com