Akif Çovdarovun məhkəməsində ŞOK İFADƏLƏR

Akif Çovdarovun məhkəməsində ŞOK İFADƏLƏR

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı olmuş Neman Kərimov zərərçəkmiş qismində ifadə verib. O, Akif Çovdarovu gördüyünü deyib. Vəkillər isə onun istintaq zamanı ifadəsinin elan edilməsini istəyiblər. Bildiriblər ki, N. Kərimov istintaq zamanı ifadəsində Akif Çovdarovu görmədiyini deyib.

İstintaq ifadəsində göstərilib ki, 2009-cu ildə dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib. Ertəsi gün Elvinlə qaldığı otelin qapısı döyülüb, qapını açan zaman isə bir neçə nəfər şəxs otağa daxil olub. Onlardan uzunboylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirib, Onların nazirliyə getməli olduqlarını deyib. Həmin şəxsin adının Vüqar, soyadının isə Muxtarov olduğunu vəsiqədən oxuyub.

Nazirlikdə Elçin Çıraqov və Səlim Məmmədovu görən kimi tanıyıb. Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olub. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşüb. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında iştirak edərkən tanış olub. Səlim ona «Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz» deyib. Səlimdən bu sözün mənasını soruşub, lakin o gülərək «mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim» deyib. Bundan sonra, Səlim ona «barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30.000 manat borc pul almısan, qaytarmamısan» deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyıb. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayıb və onunla da münasibəti olub. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış edib. Elçin Çıraqovla Sevincin tanış olmalarına da şərait yaradıb. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturublar. Elçin sonradan Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30.000 manat pul alıb. Həmin pulu Sevincdən nə səbəbə borc aldığını isə hazırda xatırlamır. 2009-cu ilin iyun-iyul aylarında sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb. Həmin vaxt orada Sevinc Məmmədovanı görüb. Sevinc onun barəsində şifahi şikayət edib. Mirələkbər Seyidov isə öz otağında onun yanında Sevincə 10.000 manat verib ki, ondan şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20000 manat borcu qalıb. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan» deyib. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb ona verib və «bir dəqiqə bunu saxla» deyib. Lakin əlini silaha vurmayıb. Daha sonra Səlim Məmmədov sidiyini test edib. Səlim və Elçin ona «250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» deyiblər. Bir qədər sonra Sevinci otağa gətiriblər və sonuncu onun üzünə qarşı 30.000 manat pulu borc aldığını təsdiq edib. Səlim və Elçin uzun alverdən sonra 80.000 manata razılaşaraq «30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə bizə verməlisən» deyiblər. Başqa çıxış yolu olmadığını görüb öz telefonlarının birindən dayısı Zakir Mövsümova zəng edib. Beləliklə dayısı Zakir 80.000 manat pulu həmin yerə gətirib və pulu Səlim Məmmədov və Elçin Çıraqova verib. Bundan sonra sərbəst buraxılıblar.






Fikirlər