İsa Qəmbər niyə başqan kabinetində oturmalıdır? - Gənclərdən etiraz

“İsa Qəmbər niyə başqan kabinetində oturmalıdır? - Gənclərdən etiraz

Müsavat Partiyanın eks-başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin başqan otağında hələ də qalması yenidən müzakirə mövzusuna çevrilib.”Qafqazinfo”xəbər verir ki, bu kontekstdə yeni müzakirə Müsavat Partiyasının başqan müavini Elman Fəttahla NİDA üzvü Zaur Qurbanlı arasında baş tutub. Z. Qurbanlı E. Fəttah tərəfindən təhqir edildiyini iddia edib.

“Bu gün İsa Qəmbərin nəhəng kabinetinin olması barədə sözümə Elman Fəttahın verdiyi cavab təhqir oldu.

“İstəyirsən, İsa bəyin tualetini sənə verək. Özünə dedim ki mən təhqirə təhqirlə cavab vermirəm. Sadəcə bu barədə yazacam ki, səviyyənizi hamı görsün”.

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov da yaşanan gərginliklə bağlı öz mövqeyini sosial şəbəkədə bəyan edib. O qeyd edib ki, iyunun 26-da Müsavat Partiyası öz iclas zalını NİDA təşkilatının ixtiyarına verib ki, toplantılarını keçirsinlər: “Əvəzində Zaur Qurbanlı Elman Fəttahdan soruşub ki, İsa Qəmbər niyə əvvəlki kabinetində oturur. 5-6 il öncə meydana çıxan ümidverici, müxalifətin hakimiyyətlə mübarizə metodlarını tənqid edən gəncliyin bu gün Müsavata qarşı mübarizə metodu bu kabinetdən ibarət olub. Tam səmimi deyirəm ki, üzücü səhnədir”.

Qeyd edək ki, sözügedən hər iki statusa şərh yazan gənclər eks-başqanı kabinetindən çıxmadığına görə ittiham ediblər.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə adı keçən məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb. O düşünmür ki, mövzu zaman-zaman gündəmə gəlir: “Bir və ya iki nəfər var ki bu mövzunu özlərinin fəaliyyət sahəsi elan ediblər. Müsavat Partiyasının başqanı Arif Hacılı, eks-başqan İsa Qəmbər bu mövzuda peşəkar jurnalistlərin verdiyi suallara aydınlıq gətiriblər.

Açığı bizə də bu otaq məsələsinin müzakirə olunması absurd görünür.

Müsavat Partiyası öz qərargahını bütövlükdə Azərbaycanın demokratik düşərgəsinin qərargahı elan edib. Hamı burada tədbir də keçirə bilər, otaq da tələb edə bilər. Bunu özümüz də elan etmişik.

Son məsələ isə zarafat müstəvisində olub. Biz sadəcə zarafatlaşırdıq, aramızda hər hansı rəsmi danışıq və ya mesajlama olmayıb. İndi Allah canını sağ eləsin. Kimsə hesab elədi ki, bunu da siyasi məsələyə çevirmək lazımdır. Özləri bilərlər. Burada hər hansı təhqir yoxdur. Bunu ictimailəşdirdiyinə təəssüf edirəm, amma qadağan da etmək olmur, kim necə istəyir elə də davranır. Buna da qiyməti ictimaiyyət verir ki, kim hansı əhəmiyyətsiz mövzunu bir nömrəli məsələyə çevirir.

Şəxsən mən İlham Əliyevin oturduğu prezident kreslosundan enməsini tələb edirəm. Kimlərsə vacib olan bu tələbi səsləndirməkdən yayınaraq ictimai yük daşımayan məsələləri qaldırırlar. Biz də mümkün olduğu qədər bu məsələləri izah etməyə çalışırıq”.






Fikirlər