“Bizdən umacaqları dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi idi”
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov İrandan səfərdən qayıdıb. Onunla İran təəssüratlarına dair söhbət etdik.
Öncə müsahibimiz səfəri zəruri edən məsələlərdən bəhs etdi:
- İrana səfərim ölkənin Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə reallaşdı. Məqsəd İran mətbuatı və xəbər agentliklərinin 22-ci beynəlxalq sərgisində iştirak idi. Kifayət qədər uğurlu səfər oldu. Bir sıra faydalı görüşlər keçirdim. İranın rəsmi şəxsləri və media cameəsinin təmsilçiləri ilə yaxından təmaslar qurmaq, müzakirələr aparmaq imkanım oldu. İndiyədək iki ölkə arasında əlaqələr olub, ancaq istədiyimiz intensivlik nəzərə çarpmayıb. Müqayisəli yanaşsaq, Türkiyənin media qurumları ilə daha sıx münasibətlərimiz var. Düşünürəm ki, İslam respublikasının jurnalist təşkilatları, eləcə də kütləvi informasiya vasitələri ilə yaxından işləməliyik. İran həm qonşumuzdur, həm müsəlman aləminin, həm də dünyanın bir çox parametrlər üzrə güclü inkişaf etmiş dövlətlərindəndir. Hesab edirəm ki, onun mediası da bölgədə xüsusi çəkiyə malikdir. Əməkdaşlığı zəruri edən bir cəhət budur.
İran bizim üçün yalnız qonşu ölkə deyil, həm də soydaşlarımızın yaşadıqları məmləkətdir. Dünyanın heç bir yerində soydaşlarımızın sayı, üst-üstə götürsək, İrandakı qədər deyil. Əsrlərlə ortaq tariximiz olub. İran və Azərbaycan xalqları adət-ənənə yaxınlığına, mənəvi bağlara malikdirlər. Hər iki ölkənin media orqanları buna xüsusi önəm verməlidir. Onlar arasındakı əməkdaşlıq ortaq dəyərləri yaşatmalıdır. Məsələyə bu mənada yanaşsaq, intensiv münasibətlərin qurulması üçün bir qədər gecikmişik. Ancaq düşünürəm ki, itirilmiş zaman kəsiyini bərpa etmək imkanlarımız daxilindədir. İran tərəfi də məsələyə önəm verir, biz də. Təmaslarımızın artması bununla bağlıdır.
- İranda imzalanan memorandum iki ölkə mətbuatına nə vəd edir?
- İran və Azərbaycan dövlətləri arasında münasibətlər kifayət qədər çoxşaxəlidir və möhkəmdir. Bu münasibətlər müstəqillik illərində çoxlu sayda sınaqlardan çıxıb. İranı Azərbaycana, Azərbaycanı da İrana qarşı qoymaq istəyən qüvvələr olub. İrana beynəlxalq miqyasda sərt tədbirlərin yönəldiyi dönəmdə Azərbaycanın müxtəlif oyunlara alət olmaması diplomatiyamızın müstəsna qalibiyyətidir, prezident İlham Əliyevin dövlət xadimi kimi böyüklüyünün göstəricisidir. Hazırda münasibətlərin ən yüksək səviyyədə olması, iqtisadi müstəvidə imzalanmış sazişlər də həmin dövrdəki prinsipiallıqdan, siyasi iradədən qaynaqlanır.
Azərbaycan Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış əməkdaşlıq memorandumu iki ölkə arasında media sahəsindəki əməkdaşlığa dair ilk sənəddir. 10 maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Yaxın gələcəkdə sənədin konkret faydasını görə biləcəyik.
- Bakıya qayıtdıqdan az sonra İranın ən böyük media orqanlarından olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə bir araya gəldiniz. Bu, bir təsadüf idi, yoxsa planlaşdırılmış səfər?
- Cənab Xoddadi bu ilin sentyabrında da Bakıda səfərdə olmuşdu. Həmin vaxt onunla Mətbuat Şurasında müəyyən müzakirələr apardıq. Tehranda olarkən də İRNA-nın qərargahında görüşdük. Agentliyin fəaliyyəti ilə yaxından tanış oldum. İRNA Yaxın və Orta Şərqin ən böyük, dünyada qəbul edilən informasiya agentliklərindən biridir. Bu media orqanının təcrübəsinin öyrənilməsinə ehtiyac var.
“Mən İranda olarkən çox rahat şəkildə sosial şəbəkələrdən istifadə edirdim”
|
İRNA-nın icraçı direktoru Dünya Xəbər Agentliklərinin V Koqresi çərçivəsində Bakıya gəlmişdi. Belə düşündük ki, onunla Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərlərinin ayrıca görüşünü təşkil edək. Toplantı həm də İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadənin ölkəmizin media təmsilçiləri ilə görüşü kimi də yadda qaldı.
- İranda səfərdə olduğunuz müddətdə ziyarət etdiyiniz ünvanlar, keçirdiyiniz görüşlər barədə sosial şəbəkədə paylaşımlar edir, bəzən də türk qəhrəmanların məzarı başından duyğusal fikirlər paylaşırdınız...
- İrana təxminən 15 il əvvəl getmişdim. Yenidən bu ölkədə olmaq məndə fərqli ovqat yaratdı. İstər görüşlərim, istərsə də ayrı-ayrı məkanları ziyarətlərim təəssürat zənginliyi ilə yadda qaldı. Səttarxanın və Şeyx Məhəmməd Xiyabaninin məzarını ziyarət etdim. Əlbəttə, təəssürat zənginliyini bir qədər də artırmaq olardı. Sadəcə səfər proqramında konkretlik var idi 4-5 günlük səfərlə İranın bütün tarixi yerlərinə baş çəkmək mümkün deyildi.
İran qədim və əzəmətli ölkədir. Onun hər daşında ortaq tariximizin, türk-fars tarixinin izləri yatır. Orada olmaq, müqəddəs məkanları ziyarət etmək çox xoş duyğudur.
- Siz İran parlamentində yeni yaradılan Türk Fraksiyasının rəhbəri Məsud Pezeşkanianla görüşdən hansı qənaətə gəldiniz: soydaşlarımızın səsi daha da ucadan eşidiləcəkmi, yoxsa bu da hakimiyyətin bir oyunudur?
- Bir qədər öncə İran hakimiyyətinə beynəlxalq təzyiqlərdən söz açdım. Həmin dövr yadımızdadır. Anti-İran cəbhəsində dayananlar hardasa ehtimal edə bilərdilər ki, həmin vaxt İran hakimiyyətində hansısa yumşalmalar olacaq. Ancaq müşahidələrimə əsasən onu deyə bilərəm ki, İran hakimiyyəti əvvəl hansı mövqedə idisə, indi də eyni mövqedədir və bu mövqe İran xalqı tərəfindən dəstəklənir. Yəni hansısa oyundan söz açırsınızsa, onu ağır dövrdə oynamaq daha məntiqi görünə bilərdi. Buna görə də oyun ehtimalı barədə düşünmürəm.
Azərbaycandan İran fərqli görünə bilər. Bu görüntünu məqsədli şəkildə yaradan qüvvələr də var. Belə qüvvələr İranda da olub. Bəlkə indi də var. Onlar Azərbaycanı fərqli tərzdə təqdim etməyə çalışıblar. Reallıq isə budur ki, İran çoxmillətli ölkədir və İran xalqı deyilən bir anlayış mövcuddur. Bu anlayışda farsa da, bəluca da, bəxtiyariyə də yer var, türkə də. Əlbəttə, türklərin sayı çoxdur və deməzdim ki, bu çoxluq zəif təşkilatlanıb. Ola bilər, təşkilatlanmaya heç ehtiyac da yoxdur. Çünki böyük hesabla soydaşlarımız ölkənin bütün sferalarında təmsil olunurlar. Güc strukturlarından tutmuş elm sahəsinədək hər yerdə türklərə rast gələ bilərik və onların hər birinin düşüncəsində vahid və bölünməz İran var. İrançılıq milli kimliyin dərkinə mane olmur. Bu ideoloji xəttin dəyişəcəyini düşünmək, zənnimcə, sadəlövhlük olardı. İran oturuşmuş dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata malik ölkədir. Cənab Pezeşkanianla söhbətimiz də mövcud xüsusda idi.
Doğrudur, İranın bəzi siyasi dairələrində zaman-zaman ölkənin bölünməzlik faktoru kimi ayrı-ayrı xalqların dil, mədəniyyət məsələlərinə müəyyən mənada qısqanclıqla yanaşmalar olub. Bu münasibətlə soydaşlarımız da üzləşiblər. Bir çox hallarda həssas nöqtədən İranı parçalamaq istəyən qüvvələr sui-istifadə etməyə çalışıblar. Düşünürəm ki, İran hakimiyyəti bu sayaq meyllərin mövcudluğunu dəyərləndirir və daxili idarəçiliyi optimallaşdırmaq yolu tutur.
Mövcud dəst-xətdə bir element parlamentdə türk fraksiyasının yaradılmasıdırsa, buna niyə də gedilməsin? Əlbəttə, İran parlamentində türk fraksiyasının olması çox müsbət haldır. Onlar ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha fəal iştirak hüququ əldə edəcəklər.
- Deyəsən, Azərbaycan şəhərlərini gəzmək imkanınız olmayıb. Bəs Azərbaycan türkləri sizin Bakıdan gəldiyinizi biləndə necə yanaşırdılar, nələr danışırdılar, onları narahat edən məsələlər hansılardır? Ümumən güneyli qardaşlarımız Quzeydən nə umurlar?
- Səfərim əvvəlcədən planlaşdırılmış səfər idi. Tehrandan başqa İsfahanda və Reydə oldum. Səyahət etdiyim şəhərlər böyük tarixi mərhələyə şahidlik etmiş məkanlardır və o tarixdə biz də varıq. Azərbaycan tarixinin şanlı səhifələrinin yazıldığı yerlərdə olmaq, əlbəttə, gözəl hisslər və yaşantılardır.
Bakıdan gəldiyimi biləndə çox sevindilər. Bizdə olduğu kimi, onlarda da Arazın o tayının fərqli anlamı var. İnsanlar gələcəklə yaşayırlar, ancaq keçmişi də yaşadırlar. Müxtəlif söhbətlərimiz oldu. Mən onların qonağı idim. Narahatlıqları olsa belə, hər halda, qonağa bildirməzlər. Bizdən umacaqları isə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi idi. Elə bilirəm ki, İrana səfərimin qayəsində də elə bu dururdu.
- Elə bugünlərdə deputat həmkarınız Qüdrət Həsənquliyev İran və Azərbaycan arasında viza sisteminin ləğvini təklif etdi. İranda, xüsusilə də azərbaycanlılar arasında viza məsələsinə münasibət necədir?
- Orada olarkən bu barədə söhbətimiz düşmədi. Əlbəttə, xalqları bir-birinə yaxınlaşdıran bağlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. İran bizim qonşumuzdur, eyni zamanda orada çoxlu sayda soydaşımız yaşayır. Bu mənada gediş-gəlişin asanlaşdırılmasına ehtiyac var. Düşünürəm ki, zaman keçdikdə bu məsələlər də həllini tapacaq.
- İran mətbuatı Azərbaycan haqqında nə yazır, izləyə bildinizmi?
- Müəyyən müşahidələrim oldu. İranın aparıcı media orqanlarının müxtəlif dillərdə yayımlanan internet saytlarına nəzər saldım. Deməzdim ki, Azərbaycana kifayət qədər yer verilir. Ancaq laqeyd də deyillər. Əlbəttə, Azərbaycanda keçirilən dünyamiqyaslı tədbirlər İran mediasında da işıqlandırılır. Azərbaycanın aparıcı mediası üçün İran mövzusu daha aktualdır. Bu da başadüşüləndir.
- Çox hallarda İranın işğalçı Ermənistanla əlaqələrə daha çox diqqət yetirdiyi, dəstək verdiyindən bəhs olunur. Rəsmilərlə görüşdə bununla bağlı iradınızı çatdırdınızmı?
- Məsələnin nə üçün belə olması aydındır. Dağlıq Qarabağ münaqişəsi geosiyasi məsələdir. İran da regionda mövqeyini qoruyub saxlamağa çalışır. Buna görə də öz maraqlarından çıxış edir. Digər tərəfdən, İran böyük ölkədir. Orada ermənipərəst qüvvələrin olması mümkündür və belə qüvvələr var. Azərbaycan dövləti rəsmi səviyyədə bu və ya digər məsələyə öz reaksiyasını ortaya qoyub. İctimaiyyət nümayəndələri də baxışlarını ifadə ediblər.
Mən iştirak etdiyim sərgi çərçivəsində düzənlənmiş mərasimdəki çıxışımda Dağlıq Qarabağ münaqişəsinə toxundum. Bildirdim ki, islam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik. Yəni medianın doğruları, həqiqətləri təbliğ edən platforma olmasının zəruriliyini əsaslandırdım. Düşünürəm ki, İran mediası ilə gələcək əməkdaşlığımız qeyd etdiyimiz mənfi meyllərin sıradan çıxması baxımından da əhəmiyyətli ola bilər.
- İranda sosial şəbəkələrdən istifadə, Azərbaycan mətbuatını izləmək, TV-lərinə baxmaq imkanları nə qədərdir?
- Bildiyimə görə, İranda ümumən internetlə bağlı müəyyən məhdudiyyətlər var. Bu da dövlət siyasətidir və qadağalar əsaslandırılır. Ancaq mən orada olarkən çox rahat şəkildə sosial şəbəkələrdən istifadə edirdim. Azərbaycanın media saytlarını izləyirdim. Ayrı-ayrı insanların mobil telefonları vasitəsilə sosial şəbəkələrdən yararlandıqlarını, internet saytlarını izlədiklərini görürdüm.
Ümumən Azərbaycanın televiziya və radio kanalları İranda çox populyardır. Təbii, seyrçi və dinləyiciləri soydaşlarımızdır. Onlar telekanallarımıza bəlkə bizdən də artıq maraq göstərirlər. Üstəlik, İranda ana dilimizdə yayımlanan televiziya və radio kanalları var. Yeri gəlmişkən, deyim ki, bu informasiya vasitələrində ana dilinə məxsusi yanaşılır. Dilin qayda-qanunlarına, ədəbi dilin normalarına olduqca həssas münasibət göstərilməsi, hər incəliyin qorunması məni yaxşı mənada təəccübləndirdi. Hətta qibtə etdim də...