Sərdar Cəlaloğlu: “2016-cı il təəssüf ki, gələn il üçün sosial narazılıqlara bir zəmin hazırlanması ili oldu”; Fəzail Ağamalı: “Köhnə stereotiplərlə yaşayan, köhnə mübarizə formaları ilə hərəkət edən müxalifət çətin durumda olmalıdır”
2016-cı ildə Azərbaycanın durumuna, hakimiyyətin siyasətinə qiymət verilməsi baxımından iqtidar düşərgəsi və hakimiyyət müdafiəçilərinin fikirlərində kəskin fərqlər var. Bu fərq müxalifətdən ADP sədri Sərdar Cəlaloğlu, hakimiyyəti müdafiə edən cinahdan isə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının “Yeni Müsavat”ın suallarına cavabında bir daha ortaya çıxıb.
- Sərdar bəy, müxalifət olaraq necə hesab edirsiniz, hakimiyyət 2016-cı ili necə başa vurdu?
- Azərbaycan hökuməti bu il apardığı siyasətin “hədəfinə” çatdı-Azərbaycanda iqtisadi çöküş başladı. 2016-cı il təəssüf ki, gələn il üçün sosial narazılıqlara bir zəmin hazırlanması ili oldu. İstər bu il “holland sindromu”nun meydana çıxması, istər qlobal iqtisadi böhranın Azərbaycana təsiri, istərsə də Azərbaycandakı korrupsiya, dövlət əmlakını talamaq baxımından 2016-cı il bir çox mətləbləri acı şəkildə ortaya qoymuş oldu. Faktiki olaraq iqtidar Əbülfəz Elçibəy iqtidarından Azərbaycanı iqtisadi baxımdan hansı vəziyyətdə təhvil alıbsa, elə o vəziyyətə də salıb gedəcək. Odur ki, mən düşünürəm ki, 2016-cı il sondan əvvəlki bir neçə ildən biridir...
- Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatında özünün göstərməyə bilməzdi və göstərdi. Bu bir il ərzində atılan addımları islahatlar adlanan proses nəticə verdimi?
- Azərbaycan hökuməti hər hansı bir real islahat həyata keçirmək imkanına malik deyil. Bunun üç səbəbi var. Birincisi, islahatı həyata keçirən kadrlar olmalıdır. Korrupsiya ilə məşğul olmuş və olan məmurların indi islahat həyata keçirməsi mümkün deyil. İkincisi, real islahatlar həyata keçirilməsi üçün ciddi maliyyə resursları olmalıdır. Dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycana heç kim investisiya qoymaz, riskli bir vəziyyətdir. Odur ki, məncə, islahat üçün verilən qərarların real şəkildə həyata keçirilməsi mümkün olmayacaq. Əgər hakimiyyət ciddi müsbət nəticələri olacaq islahatlar istəyirsə, birinci növbədə idarəetmədə islahatlardan başlamalıdır. Aşağı keyfiyyətli idarəetmə ləğv edilməlidir.
Onun yerinə yüksək keyfiyyətli idarəetmə prinsipləri tətbiq olunmalıdır, oğru məmurların böyük əksəriyyəti cinayət məsuliyyətinə cəlb olunmalıdır, onların taladığı vəsait dövlət büdcəsinə qaytarılmalıdır. Məhz bundan sonra yeni qüvvələrin, yeni kadrların iştirakı ilə ölkədə sözün həqiqi mənasında islahatları həyata keçirmək mümkündür. Ölkəni ağır duruma salan adamlarla islahat aparmaq mümkün deyil. Marksın bir sözü var ki, maşın xarabdırsa və zay məhsul buraxırsa, o maşını idarə edən nə qədər qabiliyyətli olsa da maşın zay məhsul buraxmaqda davam edəcək. Ona görə də maşını dəyişmək lazımdır. Siz bir ələklə suyu necə daşıya bilərsinizsə, bu komanda ilə də islahatları yalnız o cür həyata keçirmək olar.
- Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişlərin müşahidə olunması baxımından 2016-nı fərqli il kimi qiymətləndirmək olarmı? Əsasən də aprel savaşını və onun yaratdığı yeni vəziyyəti nəzərə alsaq.
- Dağlıq Qarabağ münaqişəsinin həlli üçün faktiki olaraq nə Azərbaycan hökumətinin, nə də Ermənistan hökumətinin müstəqil siyasət aparmaq imkanlarının olmadığı bu il daha çılpaq şəkildə ortaya çıxdı. Bu ilin aprel ayında Azərbaycan hökuməti bir müstəqil addım atdı və çoxlu sayda canlı itki versək də müəyyən bir nəticə əldə edə bildi. Lakin sonradan məlum oldu ki, Rusiya Azərbaycanın üstünlük əldə etməsi ilə heç cür barışa bilmir və hökumət də rəsmi açıqlama verdi ki, Putinin müdaxiləsindən sonra döyüş dayandırılıb. Ermənistan hakimiyyətinin də Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət edə bilmədiyi aprel savaşından sonrakı dövrdə bir daha çılpaqlığı ilə ortaya çıxdı. Döyüşü başlatmaq və ya dayandırmaq, yaxud da sülh qərarı verib-verməmək Putindən asılıdırsa, onda Dağlıq Qarabağ probleminin həllində Azərbaycan və Ermənistan hökumətlərinin hansı irəliləyişə nail olduğundan və ya olacağından danışmaq olar?
- Ən azından bu il bəlli oldu ki, Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchizatı istiqamətində çox nəhəng addımlar atılıb. Məsələn, məhz bu il bəyan edildi ki, son illərdə təkcə İsraildən beş milyard dəyərində silah alınıb. Bunu Qarabağın azad olunmasına ciddi bir hazırlıq dövrü kimi qiymətləndirmək olmazmı?
- Əldə silahın olması, silahlanma təkcə o demək deyil ki, hücuma keçəcəksən. Silah həm də müdafiə üçündür. Silah alınmasından yalnız hücum qənaətinə gəlməmək də olar. Ölkənin müdafiə qüdrətini artırmaq üçün silahlanma lazımdır. Bizdən də güclü silahlanmaya malik ölkələr var ki, asanlıqla məğlub olub. Odur ki, əsas məsələ silahın çox olub-olması deyil, əsas məsələ o silahları müstəqil şəkildə istifadə etmək imkanlarına malik olmaqdır.
- İlin əvvəlində ABŞ-dan sanksiya hədələri gəlsə də hədədən o tərəfə keçmədi və demək olar ki, ABŞ-la da normal münasibətlər davam etdi. Həmişə tənqid mövqeyində olan Amerika ölkədəki konstitusiya dəyişikliyinə belə, loyal yanaşdı. Bu ili Azərbaycanın, hakimiyyətin beynəlxalq birliklə münasibətləri baxımından rahat il adlandırmaq olar?
- 2016-cı ildə xarici siyasətdə ciddi dəyişikliklər olmadı. Əvvəlki illərdə aparılan tarazlaşdırılmış siyasət davam etdi. Rusiyanın təsiri bir qədər də artdı. ABŞ isə hakimiyyətə həmişəki səviyyədə məsafəli siyasət tətbiq etdi. Amma son zamanlar ABŞ-ın, Avropa Birliyinin bir qədər aktivləşdiyi müşahidə edilməkdədir. Bu da onu göstərir ki, Amerika hələ Azərbaycanda öz təsirini saxlamaq istiqamətində cəhdlər edir. Referenduma isə ABŞ yox, Azərbaycan xalqı ciddi reaksiya verməli idi. Çünki həmin referendumla ölkənin konstitusiyasında demokratiyanın çöküşü həyata keçirilirdi. Həmin referendum da siyasi böhranın bir əlaməti kimi meydana çıxmışdı.
- Dini baxımdan vəziyyət bu il mənfiyə, yoxsa müsbətə doğru inkişaf etdi? Rəsmi dövlət qurumlarının və QMİ-nin bu sahədə siyasəti qane etdi?
- Azərbaycan sovet dönəmində yaşadığı ateist həyat tərzini yaşamaqda davam edir. Hökumətdəkilərin çoxu ateisdir. Belə olan təqdirdə dini sahədə hansı müsbət irəliləyişdən söhbət gedə bilər. Ölkənin dini liderinin Siyəzəndə hektarlarla torpağının alınması barədə bir neçə həftə xəbər yayıldı. Bu onu göstərir ki, bu ölkədə din xadimi ticarətlə məşğuldur. Bu cür dini institutu olan ölkədə biz hansı dindən, hansı əqidədən, hansı inancdan danışa bilərik?! Bu il ölkəyə radikal dini təmayüllü Suriyaya getmiş vətəndaşlarımızın müəyyən qisminin qayıtması davam etdi. Bu prosesin gələcəkdə təhlükələrə yol açmaması üçün müvafiq qurumlar müəyyən iş aparsalar da təhlükə sovuşmayıb.
- Fəzail bəy, müxalifət 2016-cı ili Azərbaycan və hakimiyyət üçün böhran ili olaraq xarakterizə edir. Bu iddialarda həqiqət payı var?
- 2016-cı ildə dünya maliyyə, sosial, iqtisadi, hərbi böhranın içərisində qalmaqdadır. Yaxın Şərqdə baş verən hadisələr, bir neçə il öncə başlanan “ərəb baharı”nın ağır fəsadları dünyanın ümumi gedişinə bu il də mənfi təsir göstərdi. Qlobal güclərin birinin digərinə qarşı kəskin mövqedə dayanması, xüsusi olaraq Rusiya-Qərb qarşıdurmasından dolayı neftin qiymətinin kəskin aşağı salınmasından irəli gələn maliyyə böhranı şübhəsiz ki, dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib. Azərbaycan da neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar iqtisadi və maliyyə çətinlikləri yaşamaqdadır. Süni şəkildə də dolların dəyərinin artırılmasının bütün ölkələrin milli valyutasını olduğu kimi Azərbaycanın da milli valyutasını ucuzlaşdırması ölkəmizin maliyyə-iqtisadi sisteminə özünün mənfi təsirini göstərdi.
Bu etiraf olunmalıdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan 2016-cı ildə ayaq üstə durmağı bacardı. Ciddi xarakter daşıyan və transmilli layihələrin başa çatdırılması prosesi davam etdirildi. Xüsusi olaraq TANAP-ın, TAP-ın tikintisi ilə bağlı, Bakı-Tiflis-Qars dəmir yolunun inşası, eyni zamanda Xəzər dənizində, Ələtdə yeni beynəlxalq miqyaslı limanın salınması ilə bağlı atılan addımlar, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi istiqamətində Astaraya qədər Azərbaycan dəmir yolunun çəkilişinin başa çatması Azərbaycanın 2016-cı ildə iqtisadi baxımdan atmış olduğu addımların vacibləridir. Eyni zamanda Azərbaycanın 2016-cı ildə ən böyük uğuru aprel döyüşlərində işğalçı Ermənistana sarsıdıcı zərbələrə vurması oldu. Bu, məncə, Ermənistanın işğalçılığı başladığı gündən indiyə qədər Ermənistana vurulmuş ən ağır sarsıdıcı zərbədir. Bu, Milli Ordumuzun qəhrəmanlığının, hərbi gücümüzün nümayişi oldu.
Ölkə prezidenti ilə ordunun və xalqın sıx vəhdətinin nümayişi oldu. Bu xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda vətənpərvərlik ruhu daha da gücləndi, Ermənistanın məğlubedilməz ordusu deyilən imici məhz bu il darmadağın edildi. Azərbaycanın isə hərbi potensialının çox böyük üstünlüklərə malik olduğu dünyaya bəlli oldu. Bizim 2016-cı il konstitusiya quruluşunun daha da möhkəmlənməsi, azad cəmiyyətin daha da, insan hüquq və azadlıqlarının daha da güclənməsinin təminatı olan konstitusiya dəyişikliyi ilə də əlamətdar oldu.
Referendum Azərbaycan prezidenti ilə xalqın sıx birliyinin bir ifadəsi kimi özünü göstərdi. 2016-cı ilin bütün dünya üçün çətinliklərin yaşandığı il olmasına baxmayaraq, Azərbaycan mühüm uğurlara imza atdı. Ən başlıcası, Azərbaycan sabit bir ölkə olaraq, multikulturalizm məkanı olaraq da beynəlxalq aləmdə özünü bir daha nümayiş etdirdi, beynəlxalq tədbirlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etdi.
- Hakimiyyəti tənqid eləyən müxalifətin vəziyyətini tənqid etmək üçün əsaslar varmı?
- Müxalifətin Azərbaycandakı vəziyyət, hakimiyyətin siyasəti barədə söylədiyi fikirlər kifayət qədər qərəzlidir. Əgər Azərbaycanda onların dediyi kimi vəziyyət olsaydı müxalifət yaranmış situasiyadan istifadə eləyib böyük kütləvi aksiyalar keçirərdi, iqtidara qarşı öz iddialarını ortalığa qoyardı, xalqın etimadını qazanmaq üçün yaranmış situasiyadan istifadə edərdi. Bunların heç birinin olmaması müxalifətin fikirlərinin əsassız olduğunun sübutlarından biridir. Milli Şura adı altında AXCP-nin 2016-cı ildə keçirməyə cəhd göstərdiyi mitinqlərə 600-700 adamdan artıq adam qatılmadı. Bu bir daha Azərbaycan cəmiyyətində iqtidarın gücünün nümayişi oldu. Xalqın ölkə prezidentinə etimadının ifadəsi kimi qiymətləndirilməlidir.
Müxalifətin isə zəif olduğu, xalq tərəfindən qəbul edilmədiyi, müxalifətin sosial dayaqlarının olmadığı bir daha ortaya qoyuldu. Müxalifətin nə deməsindən asılı olmayaraq ölkə prezidenti və onun komandası Azərbaycan xalqının mütləq əksəriyyətinin mandatını qazanıb.
- Müxalifət düşərgəsinin özünün daxilində islahatlara, dəyişikliklərə ehtiyac varmı?
- Müxalifət 2016-cı ildə də aşınmaya, itkilərə, sosial dayaqlarını itirməyə məruz qaldı. Bir addım da olsun irəliləyişə nail ola bilmədi. Bu vəziyyətə düşmələrinin başlıca səbəbini ölkə prezidentinin uğurlu daxili və xarici siyasətində axtarmaq lazımdır. Ölkə prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycan xalqı müxalifət mövqeyində deyil, prezidentin ətrafında cəmləşib. Prezidentin bu cür uğurlu siyasəti müxalifəti sosial dayaqlardan məhrum edir. Müxalifət xalqa heç bir yeni nəsə təklif edə bilmir. Hələ də köhnə stereotiplərlə yaşayan, öz içində islahatlar aparmayan, yeniləşməyən, köhnə iş metodu ilə, köhnə mübarizə formaları ilə hərəkət edən müxalifət, xüsusi olaraq onun radikal qanadı çətin durumda olmalıdır. Ona görə də onlar ilk növbədə özlərində islahatlar aparmalıdır.