04.09.2014- Müşavirindən İsa Qəmbərə ittihamlar
Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiya ilə bağlı tənqidi fikirlər səsləndirib.O, facebook sosial şəbəkəsində yazdığı statusda Müsavatın hazırkı durumunu 11 il əvvəllə müqayisə edib və qeyd edib ki, bu gün partiya qurultayını keçirmək iqtidarında deyil: “11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu, özək və şura iclaslarında qızğın müzakirələr gedirdi. Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bugünkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər... Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar”.
S.Əlisoy vurğulayıb ki, partiyanın bugünkü durumuna görə İsa Qəmbər də daxil olmaqla bütün müsavatçılar məsuliyyət daşıyır: “Bugünkü duruma görə İsa bəy də daxil cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır. Bu komanda dəyişməlidir. 20 illik məğlubiyyətləri zəfər kimi müsavatçılara və cəmiyyətə təqdim edənlər geriyə çəkilməlidir. Müsavat Partiyası ciddi islahatlara start verməlidir, nədən ki, yenilənməyə məhkumdur. Bu baş verəcəksə, partiya güclənəcək və hədəfə doğru inamla, ümidlə gedəcək. Yenilənmiş Müsavat meydana çıxmasa, partiyanın ən böyük hədəfi iqtidardan 4-5 deputat yeri almaqdan ibarət olacaq”.