15.09.2014- Sabir Məmmədli Arif Hacılını dəstəklədi
İllər keçdikcə dayanıb arxaya baxanda insan gərək qürur hissi keçirə və yaşadığı həyatdan həzz ala, düşünüb-daşına ki, daha nələr etmək lazımdır! Bu mənada Müsavat Başqanlığına iddiaçılar indiyədək çox mənalı həyat yaşayıblar! Müxtəlif sahələrdə: siyasətdə, elmdə, şəxsi fədakarlıqda, ictimai həyatda! Amma biz hesab edirik ki, bu hələ işin yarısıdır! İndiki halda bizi daha çox düşündürür ki, bizim fədakar müsavatçıların gələcək həyatı necə olacaq? Bu taleyüklü sualın cavabı gələcək Müsavat Başqanının kim olmasından çox asılıdır! Bir çoxları bu haqda hələ düşünməsələr də, bu belədir. Sadə, mübariz, fədakar insanlara elə Başqan lazımdır ki, bütün səylərini Müsavatın yakimiyyətə daşınmasına yönəltsin! Nəinki yönəltsin - əsas odur ki, bu məqsədə nail olmağı bacarsın! Həm bacarsın, həm də qadir olsun! Düşünürəm ki, iddiaçılar içərisində bu SİYASİ XƏTTİN gerçəkləşməsinə daha çox Arif Hacılı yaxındır!
Müsavatçıları düşündürən ikinci sual ondan ibarətdir ki, hansı iddiaçı hansı vasitələrlə bu layihəni həyata keçirmək imkanınına malikdir və bu vasitələr nə dərəcədə realdır? Çoxlarımız dəfələrlə şahidi olmuşuq ki, demokratik anlamda XXI əsr siyasi mübarizənin nəzəri-konseptual və təşkilati məsələlərində Arif Hacılı xeyli irəlidədir! Xatırladım ki, son həbsindən sonra Müsavat qərargahında Arif Hacılının etdiyi birinci konseptual çıxışı, bir sıra sonrakı müsahibələri və seçki platforması müasir demokratik qeyri-zorakı ümumxalq hərəkatın təşkili məsələlərində onun nə dərəcədə hazırlıqlı olduğunu göstərdi! Bütün bu məsələlərə görə biz Arif Hacılının Başqanlıq iddiasına üstünlük veririk və həmçinin təklif edirik ki, bizim böyük nüfuza malik olan tanınmış iqtisadçımız, dəyərli alim, intellektual Qubad İbadoğlu Müsavat Məclisinə rəhbərlik etsin, əzm, fədakarlıq və mübarizə rəmzi olan Tural Abbaslı Müsavatın aparıcı strukturlarına rəhbərlik etmək məqsədini qarşıya qoysun! Beləliklə biz müsavatçılar vahid komanda ilə qurultaya gedərik, bütün cəmiyyətdə nə dərəcədə yetkin olduğumuzu ortaya qoymuş olarıq və güclərimizi birləşdirib qarşımızdakı ali məqəsədlərə nail ola bilərik!