Seçkinin ilk rəsmi NAMİZƏDİ BƏLLİ OLDU

Müsavatda Sərdar Cəlaloğlunun dəstəklənməsi barədə müzakirələr....

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini fevralın 27-də qeydə alıb. Bu barədə qərar MSK-nın iclasında qəbul edilib. İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.

Namizədliyi irəli sürülən digər iddiaçılardan isə hələlik heç biri imzatoplama kampaniyasını başa çatdırmayıblar.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev “Yeni Müsavat”a indiyədək topladıqları imzaların 22 mini keçdiyini məlumat verib. Onun sözlərinə görə, bölgələrdə imza toplama işində çətinliklər var. Səbəb insanların siyasi aktivliyinin aşağı olmasıdır.

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyi üçün də imza toplama işi gedir. Seçki qərargahının sədri Əhəd Məmmədli məlumat verib ki, kampaniya çətinliklərlə də olsa yaxşı gedir: “İmza vərəqələrimizin böyük əksəriyyəti Azərbaycan boyu üzvlərimiz, təəssübkeşlərimiz, tərəfdarlarımıza verilib və onlar səhərdən gecəyə qədər namizədimiz Tural Abbaslının xeyrinə imza toplayırlar”.

Akif Nağı ile ilgili görsel sonucu

Prezidentliyə namizədliyini irəli sürmüş Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə əngəllərlə üzləşib. A.Nağının seçki qərargahının rəhbəri Barat İmani bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə MSK imza vərəqələrini fevral ayının 23-də onlara təqdim etməli olsa fevralın 27-dək təqdim etməyib: “Təəssüf ki, çoxsaylı müraciətlərimizə və MSK-ya gedib imza vərəqələrini tələb etməyimizə baxmayaraq, bizə heç bir konkret cavab vermir, ləngimənin səbəblərini izah etmirlər. Bir daha bəyan edirik ki, biz bunu Akif Nağının prezident seçkilərində iştirak etməsinə təzyiq kimi qəbul edirik. Hesab edirik ki, Akif Nağının seçki platformasında Qarabağın ancaq müharibə yolu ilə azad olunmasını bir nömrəli məsələ kimi qabartmaq istəməsi, görünür, hansısa qüvvələri narahat edir. Mərkəzi Seçki Komissiyası bu hərəkəti ilə qanunu bir daha pozur, namizədimizin qeydə alınması üçün imzaların vaxtında toplanıb təqdim olunmasına süni əngəllər yaradır”.

ADP-nin namizədi Sərdar Cəlalğlunun imzatoplama kampaniyası da davam edir. Mərkəzi Seçki Qərargahının rəhbəri Taliyət Əliyev bildirib ki, imzatoplama kampaniyasına yeni başlansa da proses sürətli gedir.

Bu arada Sərdar Cəlaloğlunun namizədliyinin dəstəklənməsi ilə bağlı Müsavat Partiyasının Avropada yaşayan tanınmış üzvü Eldəniz Yusibov Müsavata müraciət edib. E.Yusibov Azərbaycan müxalifətinin prezident seçkisinin 6 ay önə çəkilməsini əsas gətirərək,  11 aprel seçkisindən imtina edib boykot taktikasını düzgün hesab etmədiyini bildirib. Gununsesi.info-ya açıqlamasında deyib ki, hazırkı situasiyada müxalifət ya tam olaraq seçkiyə qatılmalı, ya da Sərdar Cəlaloğlunun namizədliyinə dəstək verməlidir: “Hər bir siyasi partiya  seçkiyə hazır olmalıdır. Yəni seçki qurtardı növbəti seçkiyə hazırlaşmalıdır. Belə olan halda  müxalifət Azərbaycanda prezident seçkilərinin 6 ay əvvələ çəkilməsindən narahat olmamalıydı. Fikrimcə, müxalifət  yaranmış şəraitdən asılı olmayaraq seçkiyə qatılmalı idi. Partiya istənilən halda seçkidə iştirak etməlidir. Çünki demokratik dəyişikliyin seçkilərdən başqa variantı yoxdur. Seçkinin keçirilməsindəki maneələrə gəldikdə isə  müxalifət partiyalarının seçkidən imtinası nəticə olaraq heç nəyi dəyişməyəcək. Bu gün keçirilən seçkilərin nəticələrinə nəzər salsaq görərik ki, legitimlik məsələsi  hakimiyyət üçün problem yaratmayıb və bu seçkidə də olmayacaq. Nə qədər gec deyil, müxalifət təcili qərar verib seçkidə iştirak etməlidir və bundan müxalifətin təmərküzləşməsi üçün istifadə etməlidir. Hələ gec deyil. Əgər iştirak etmirsə də, seçkidə iştirakın başqa variantını tapmalıdır. Müxalifət iştirak etməyəcəyi təqdirdə, seçkiyə qatılmaq barədə qərar verən  ADP sədri Sərdar Cəlaloğlunu müdafiə etməlidir. Artıq o, namizədliyini irəli sürüb və imza vərəqələrini də alıb. Müxalifət ona kömək etməlidir və onun seçki kampaniyasında fəal iştirak etməlidir”.

Həsrət Rüstəmov ile ilgili görsel sonucu

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə bu mövqeyinə görə E.Yusibova təşəkkür edib və müxalif qurumlarla danışıqlar aparıldığını açıqlayıb: “Seçkilərdə iştirak qərarı verdiyimiz ilk gün bütün müxalifət partiyalarına, ziyalılara, QHT nümayəndələrinə namizədimizə və ADP-nin seçki kompaniyasına dəstək xahişi ilə şifahi müraciət etmişik. Əksər müxalifət partiyaları ilə birbaşa danışıqlar aparmağa başlamışıq. Artıq Ümid Partiyası bizə rəsmi dəstəyini ifadə edib. Digər partiyalarla danışıqlar davam edir”.

Eldəniz Yusibovun seçkidə iştirak və S.Cəlaloğluna dəstək çağırışını etməsi Müsavat Partiyasında fərqli yanaşmalara yol açıb. Belə ki, Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova sosial şəbəkədə E.Yusibova sərt cavab yazıb: “Bu Eldəniz Yusubov Sərdar Cəlaloğlunun prezidentə müraciətlərini oxumayıb? Özü müsavatçı deyil? Bilmir ki, partiyanın çıxardığı qərarı qəbul etməlidir? 2013-cü ildə Milli Şuranın vahid namizədini dəstəklədik, nə dəyişdi ki? Kimsə ona çatdırsın ki, belə müraciətləri edəndə partiya rəhbərliyi ilə məsləhətləşmək lazımdır”.

Müsavat Məclisinin üzvü Fəxrəddin Abbas isə yazıb ki, Eldəniz bəyin təklifi ilə heç bir halda razılaşmaq mümkün deyil. Müsavat Məclisinin üzvü Valeh Hümmətoğlu isə E.Yusibovun təklifinə müsbət münasibət ortaya qoyub: “Sərdar Cəlaloğlu o biri namizədlərə nisbətən ən uğurlu namizəddir. Eldəniz bəyin təklifinə birmənalı yox demək olmaz. Müzakirəyə ehtiyac var”.

 






Fikirlər