MERKELİN Bakı səfərindən NƏ GÖZLƏYƏK? - Deputatlar ŞƏRH ETDİLƏR
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayıb. O, səfər çərçivəsində ilk olaraq Gürcüstana, ardımca isə Ermənistana gedib. Almaniya kansleri sabah - avqustun 25-də isə Azərbaycana gələcək. Milli Məclisin deputatları Modern.az-a verdikləri açıqlamada Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətindən danışıblar. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli deyib ki, Avropanın böyük dövlət rəhbərlərinin Azərbaycana səfər etməsi bizim üçün çox yaxşı haldır: “Bildiyiniz kimi, bu yaxınlarda İtaliya prezidenti və digər ölkələrin rəhbərləri də ölkəmizə səfər etdilər. Əlbəttə, Almaniya dünyanın dördüncü iqtisadi gücə malik dövlətidir. Həmçinin, dünyada bir nömrəli qadın siyasətçi hesab edilən Angela Merkelin səfərinin xüsusi əhəmiyyəti var. Heç şübhəsiz ki, həm Avropa Birliyində, həm də dünyada Merkel ciddi nüfuz sahibidir və müəyyən hadisələrə təsir edə bilir. Hətta bəzən Avropanın bütünlükdə həll edə bilmədiyi məsələni Merkel öz təşəbbüsü ilə aradaqan qaldırır, problemləri Amerika, Rusiya və bu kimi dövlətlərlə danışıqlar yolu ilə qaydaya salır. Belə nüfuzlu şəxsin Azərbaycana səfəri alqışlanmalıdır. Bu səfər nəticəsində Merkelin ölkəmizin milli problemi - Qarabağ məsələsi ilə əyani tanış olma imkanları yaranıb. Almaniya bir neçə dəfə Azərbaycanı müdafiə edib və ona görə də biz onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını arzu etmişik. Tarixən Azərbaycan xalqının birmənalı şəkildə almanlara hörməti olub. Almaniya-Azərbaycan dostluğunun möhkəmlənməsi çox önəmlidir və bu, ölkəmizə fayda verəcək. Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanın geosiyasi, kommunikasiya vəziyyətinin əhəmiyyətini də artıracaq. İki dövlət arasında ciddi razılıqların əldə ediləcəyini fikirləşirəm”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Almaniya kanslerinin 25 ildən sonra Azərbaycana səfərini yüksək qiymətləndirib. Deputat səfər əsnasında bir sıra mühüm məsələlərin, xüsusilə təhsil, səhiyyə sahəsində müzakirələrin aparılacağını qeyd edib: R.Musabəyov bildirib ki, Azərbaycan Cənubi Qafaqaz üçün bütün tələbatı ödəmək baxımından ən böyük bazardır. “Alman şirkətlərinin də bununla bağlı maraqları var. Təbii ki, həmin maraqlar Azərbaycanın da maraqları ilə üst-üstə düşür. Ona görə ki, biz sənayemizin, infrastrukturumuzun modernləşməsi ilə məşğuluq. Bu baxımdan Almaniyanın texnikası və texnologiyası Azərbaycan üçün vacibdir. Düşünürəm ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərində əsas məqsəd partnyorluq məsələləridir”. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz ilə Avropa İttifaqı arasında yeni bir səhifənin açılışı olduğunu deyib: “Almaniya Avropa İttifaqının ən aparıcı, həm də maliyyə imkanlarına görə öndə gedən ölkələrindən biridir. Belə bir vəziyyətdə Almaniya ilə əlaqələrin yüksək olmasıyla əlaqədar zəmin hazırlanır və yaranacaq. Azərbaycan ilə Almaniya arasında çox isti münasibətlər mövcuddur. Bildiyimiz kimi, Almaniya həm də ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrdən biridir. Bütövlükdə isə Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri gələcək perspektiv, Avropa İttifaqına müəyyən dərəcədə bu ölkələrin inteqrasiyası baxımından vacib bir səfər kimi qiymətləndirilə bilər”.
“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli saziş üzərində işlər gedir. Çox güman ki, tərəflər ikitərəfli görüşlərdə bu məsələni diqqətdə saxlayacaqlar. Oktyabrda Şərq Tərəfdaşlığı Ölkələrinin sammiti olacaq. Həmin sammitdə bu proqramın gələcəyi müzakirə ediləcək. Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə asossiativ sazişi imzalayıblar. Ermənistan isə özəl sənəd imzalayıb. Azərbaycan da Avropa İttifaqı ilə özəl sənəd imzalamağa hazırlaşır. Həmin ölkələrin Avropa İttifaqında maliyyə istəkləri var və həmin maliyyənin böyük bir hissəsini də Almaniya ödəyir. Azərbaycanın isə maliyyə istəkləri yoxdur. Azərbaycan sadəcə olaraq partnyorluq etmək istəyir. Bu mənada Avropa İttifaqının sözügedən layihəsi ilə bağlı Almaniyanın sözü önəmlidir”.