Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı – SİYAHI
Dağlıq Qarabağ və Gəncəyə kimlər gedib? Noyabrın 17-dən 21-dək Ermənistandan və separatçı Dağlıq Qarabağ rejimini təmsil edən jurnalistlərinin Azərbaycana, Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə,layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib. Azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər. Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV-”s-nin əməkdaşı Edqar Elbakyan gəlib. Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar. (Azpost.info)