“Bəşər Əsəd getsə, hakimiyyətə Pənah Hüseynovlar GƏLƏCƏK”

Politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edirik:

 - Zərdüşt bəy, Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin İdlib mövzusunda danışıqları nəticəsiz başa çatdı. Prezident Ərdoğan bəyan etdi ki, İdlibdə əməliyyat an məsələsidir. Moskva isə Peskovun dili ilə bunun ən pis ssenari olacağına dair Türkiyəyə xəbərdarlıq etdi. Gözləntiniz nədən ibarətdir?

 - Hesab edirəm ki, cənab Ərdoğan İdlib əməliyyatına start verə və bununla Türkiyə daxilindəki özünün mövqeyinə zərbə vura bilər. Çünki müharibə həm də əsgər ölümü, itkiləri deməkdir. Rusiya tərəfi Türkiyə ilə dialoqu davam etdirdiyini bildirir. Bəli, dialoq davam edir. Amma bu o demək deyil ki, Türkiyə Suriya ordusunun İdlibə hücum etdiyini görəndə buna səssiz qalacaq və öz ordusuna “İrəli” əmri verməyəcək. Əgər, bu əmr veriləcəksə, böyük itkilər olacaq. Orada Suriya ordusu tərəfindn İrana bağlı silahlılar, rus silahlıları var. İndiki halda ssenarilərin belə inkişafı yalnız ABŞ-a sərf edir. Ərdoğan ABŞ-ın istəyi ilə İdlibdəki terrorçuları və ya silahlı qrupları müdafiə edəcəksə, bu halda Ankara-Moskva münasibətləri yenidən pisləşəcək.Bu iki dövlət arasında münasibətlər çətinliklə yoluna qoyulub.

 - Reallıq budur ki, Əsəd ordusu İdlibə hücum edir, nəticədə minlərlə İdlib sakini Əsəddən canını qurtarmaq üçün Türkiyəyə üz tutur...

 - Bəli, bunun da həlli yolları var. Türkiyə İdlibdəki silahlı suriyalılara deyə bilərdi ki, hökumət səninlə danışıqlara hazırdır, kompramis axtarır. Bəşər Əsədin başına at təpməyib. O da istəyir ki, məsələ müharibəsiz və razılaşma ilə həllini tapsın. Ancaq Suriya qiyamçıları buna razı deyillər, çünki ABŞ onlara “ buna razı olmayın, qoyun müharibə davam etsin” fikrini təlqin edir. Türkiyə də sanki bu prosesdə vasitəçidir. Suriya ordusu öz qanuni ərazilərini qiyamçılardan təmizləmək istəyəndə camaat Türkiyəyə üz tutur. Türkiyə açıq şəkildə İdlibdəki silahlılara deyə bilər ki, sizi müdafiə etmirəm, zəhmət çəkin, Bəşər Əsədlə danışın. Yeri gəlmişkən, belə danışıqlar Soçi, Astana, Cenevrə, Moskva və Parisdə olub. Türkiyə onlara deyə bilər ki, gedin, Əsədlə danışın, sizin də hərbi gücünüz var, şərtlərinizi qoyub hökumətdən, parlamentdən pay, konstitusiyada dəyişiklik istəyin və s. Amma silahla yox. Çünki bir dövlətin içində bir ordu olar. Məncə, bu, ən münasib çıxış yolu olardı. Amma təəssüflər olsun ki, Türkiyə rəhbərliyi “Bəşər Əsəd getməlidir” bəyanatı ilə çıxış edir. Bundan əvvəl “Qəddafi getməlidir”, “Hüsnü Mübarək getməlidir “ bəyanatını verirdilər. Normalda deyərlər ki, axı siz başqa dövlətin başçısı ilə niyə belə rəftar edirsiniz? Bu qərarı Suriya xalqı verə bilər. Hərçənd ki, Əsədlə Ərdoğan arasında çox isti münasibətlər olub.

 - Əsəd nədən bu qədər ağır proseslərin qarşısında duruş gətirib Qəddafi və ya Hüsnü Mübarək kimi hakimiyyətdən getmədi, əksinə, hazırda Suriyaya nəzarəti bərpa etməkdə iddialı görünür?

 - Bəşər Əsəd ona görə hakimiyyətdə qalmadı ki, qeyri-adi, möhtəşəm siyasi fiqurdur. Ona görə qala bildi ki, Suriya cəmiyyətində bu rejimə bağlı olan xeyli adam var. Bu adamların malı, pulu, əlaqələri, gələcəyi rejimə bağlıdır. Bəşər Əsəddən narazıları var idi və görəndə ki seçkilər vasitəsilə hakimiyyətə gələ bilmirlər, silaha əl atdılar. Onlara Qətər, Səudiyyə Ərəbistanı, Amerika pul və siyasi dəstək verdi. Qeyd edim ki, Suriyada müxalifət ilk dəfə Hafiz Əsəd zamanı silaha sarıldı. Hafiz Əsəd Hamada onları darmadağın etdi. Bu dəfə müxaifət yenidən silaha sarılıb qalxdı və Bəşər Əsəd tərəfindən vuruldu. Kəşfiyyat xidməti, ordu, ziyalıların əksəriyyəti, cəmiyyət Əsədin tərəfindədir və istəmirlər ki, bu ölkədə islam dövləti yaradılsın. Odur ki, Bəşər Əsəd tək deyil, onun arxasında böyük bir kəsim - Suriya cəmiyyəti dayanır. Əsəd də istəmir getsin. Düşünür ki, mən getsəm, Suriya Xalq Cəbhəsi gələcək. Məsələn, ərəb Pənah Hüseynovlar. Cəmiyyət istəyir ki, avtoritar sistem qalsın, amma eyni zamanda dövlət qanunların da işlədiyi məkan olsun.

 - Əsəd səbəbindən türk-rus münasibətlərində ikinci dəfə qırılma baş verə bilər...

 - Zamanında Əsədlə Ərdoğan çox yaxın qonşular idi. İndi daşı ətəyindən tökmək lazımdır. Ərdoğan sultandır və oturub qonşusundakı padşahla müzakirə apara bilər. Özü də ortada bölə bilməyəcəkləri bir şey yoxdur. Baxın, Ərdoğan Afrini götürdü, kürd silahlılarını təmizlədi və təhlükəsizliyinə müəyyən qədər zəmanəti oldu. Bu məsələdə Bəşər Əsəd Ərdoğana mane olmadı. Yalınız sözdə bəyanat verdi, amma həm də imkan verdi ki, Ərdoğan silahlı kürdləri zərərləşdirsin. Hələ ki Türkiyə üçün silahlı kürd təhlükəsi yoxdur. Bu halda münasibətləri bərpa etməmək məncə, böyük səhvdir. Demək, Qərb istəmir ki, Suriyada vuruşsun və Ərdoğanı qabağa verir.

 - Siz niyə iddia edirsiniz ki, Türkiyənin son addımları ABŞ və ya Qərb ölkələrinin marağına uyğundur?

 - Çünki özləri istəmirlər Suriyada vuruşsunlar. Üstəlik də hörmətdən düşüblər. Odur ki, çalışırlar Türkiyəni qabağa versinlər.

 - Ancaq Türkiyədə haqlıdır və hazırda Bəşər Əsədin unutduğu 4 milyondan çox vətəndaşına öz ölkəsində sığınacaq verib...

 - Bəli, verib və bu faktdır. Amma bu qaçqınlar niyə Türkiyədədir, nə üçün qaçıb ora gəliblər? Əvvəl Suriyada yaşayırdılar, abad ölkə idi, evlərində rahat ömür sürürdülər. Elə Türkiyə də abad Suriyadan ildə 15-20 milyard pul qazanırdı. Niyə Türkiyə Suriya hadisələri zamanı silahlı müxalifəti dəstəklədi? Niyə imkan verdi ki, onun ölkəsindən keçən şəxslər Əsədə qarşı vuruşsunlar? Yəni qaçqınların Türkiyəyə gəlməsi birdən-birə baş verməyib. Bu, həqiqətdir.

 - İdlib probleminə görə Rusiya-Türkiyə münasibətləri pozula bilərmi?

 - Türkiyə-Rusiya münasibətlərinin normal olması əslində hər iki tərəf üçün böyük gəlirlər gətirir. Həm iqtisadi, həm də siyasi. Bu, həqiqətdir. Hesab edirəm ki, hər iki dövlət münasibətlərin pozulmasını arzu etmir. Gözəl anlayırlar ki, bundan hər iki dövlət böyük zərər görəcək. O biri tərəfdən də daş qayaya rast gəlib. Rusiya imkan versə ki, Bəşər Əsəd devrilsin, bunun ardınca nələr baş verəcək? Mən deyim! Bu halda Rusiya üçün ən böyük təhlükə ondan ibarət deyil ki, Suriyada Hmeymim və Tartus bazalarını itirəcək. Bundan daha böyük təhlükə odur ki, Əsədin yıxılmasından bir il sonra Qətər Suriyadan keçməklə Aralıq dənizinə və oradan da Avropaya qaz boru xətti çəkəcək. Və bununla da “Qazprom”un bazarı bağlanacaq. Beləcə Rusiya büdcəsi azalır, bu ölkənin gəlirlərinin qarşısı bağlanır. Rusiya dövləti təhlükə qarşısında qalır. Rislar bunu bildiyi üçün Bəşər Əsədi müdafiə edir. Belə bir şəraitdə Putin imkan verər ki, İdlib bəhanəsi ilə Bəşər Əsədə qarşı müharibəyə başlansın?

 - Demək istəyirsiniz ki, lazım gəlsə, Rusiya İdlibdə Türkiyəyə qarşı vuruşacaq?

 - Əvvəla, indi amerikanlar Suriyada var, amma onların getmək məsələsi müzakirə edilir. ABŞ ona görə orada oturub ki, kürd silahlıları var, qiyamçı qoşunları var. Əgər bu qiyamçı qoşunlar əzilsə və Türkiyədə oradan çıxıb getsə, ABŞ orada necə oturacaq, hansı yalanla orada qala biləcək? Məsələn, vaxtında ABŞ Koreya ilə müharibə etmək üçün bəhanə tapdı. Bildirdi ki, kiçik katerlər onun gəmisinə hücum edib. İraqa girmək üçün elan etdi ki, Səddam Hüseynin kimyəvi qırğın silahları var. Bu yalan da ifşa olundu. İndi də Suriyada qalmaq üçün deyir ki, Əsəd qaniçən diktatordur. Bəşər Əsəd qaniçən deyil. Əslində digər ərəb liderləri ilə müqayisədə xeyli liberal insandır. Ərəb ölkələri içərisində Suriya, Tunis, Livan və Mərakeşdə az-çox Qərb demokratiyasına oxşar nələrsə tapmaq olardı. İkincisi, Rusiya Suriyada Türkiyəyə qarşı açıq savaş aparmayacaq. Elə Türkiyə də Rusiyaya qarşı açıq müharibə etməyəcək. Amma Suriya döyüş meydanında ola bilsin ki, ağır toqquşmalar baş versin. Orada İranın dəstəklədiyi şiə döyüşçüləri var. Üstəlik, Suriya dövlət qoşunları var. Yəni Rusiya və Türkiyə birbaşa toqquşmalardan yayınacaq, amma digərləri vasitəsilə ilə üz-üzə gələcəklər. Mən ümid edirəm ki, tərəflər kompromisə gələcək və belə ssenarilərə ehtiyac olmayacaq. /Teleqraf.om






Fikirlər