Müxalifətlə dialoqa gedin - YAP-çı deputatlara tövsiyyə OLUNDU

Bu gün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların toplantısı keçirilib.

 Xüsusi iclasda qarşıda duran vəzifələr müzakirə olunub.

 Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.

 Onun sözlərinə görə, iclasda Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin ilk iclasında çıxışında səsləndirdiyi tövsiyələr barədə məsləhətlər verilib.

 “İclasda Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara aktiv olmaq, yerlərdə seçicilərlə görüşmək, partiyanın şəhər və rayon təşkilatları ilə əlaqələri gücləndirmək tövsiyə olundu”.

 

Tahir Rzayev həmçinin bildirib ki, siyasi partiyalarla dialoqun aparılması məsələsində YAP üzvlərinin fəal olması tövsiyə edilib:

 “Bildirildi ki, əhalinin rifahı, sosial-iqtisadi inkişafa xidmət edən məqamlar barədə müxalifətə geniş məlumat verilməli, bu kimi mövzularda dialoqa açıq olmaq əhəmiyyətlidir. Həmçinin sosial şəbəkələrdə, mətbuatda deputatların aktivliliyinin təmin edilməsi barədə fikirlər səsləndirildi”.

 Deputat bundan sonra iqtidar-müxalifət dialoqlarının artacağını istisna etməyib:

 “İclasda o da qeyd olundu ki, müxalifətdə olan simalar da təbii ki, azərbaycanlıdır. Lakin aqressiv müxalifət iqtidarla dialoqdan çəkinir, bu prosesdə iştirak etmək istəmir.

 Buna baxmayaraq, bir sıra siyasətçilər müəyyən məqamlarda bizimlə şərikdirlər. Ölkəyə hər birimiz xidmət ediriksə, birlikdə stol arxasında oturmaq, müəyyən fikirləri bölüşmək, problemlər varsa, bundan çıxış yollarını birlikdə müzakirə etmək lazımdır.

 Hökumət buna hazırdır. Ona görə, problemləri həll etmək əvəzinə şişirtmək, sosial şəbəkələrdə qarayaxma kampaniyası aparmaq məqsədəuyğun addım deyil.

 Qarşılıqlı müzakirə aparıb, ortaq nəticəyə gəlmək lazımdır”.






Fikirlər