AŞ PA və ATƏT Əfqan Muxtarlının azadlığa buraxılmasını alqışladı
"AzerTaym.az" gununsesiaz.info-ya istinadən xəbər verir ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir hakimiyyətin 2017-ci ilin mayında Gürcüstanda oğurlandıqdan sonra həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtarlını azad etməsini alqışlayıb. “Cənab Muxtarlının sınağının nəhayət bitdiyini və onun ailəsinə qovuşduğunu eşitmək mənim üçün çox xoşdur”, deyə Evarsdottir bildirib. “Assambleya artıq Muxtarlını siyasi məhbus kimi tanıyıb, mən ötən ilin sentyabrında Azərbaycanda səfərdə olarkən ona baş çəkmişdim”, deyə məruzəçi bildirib. “Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır”, deyə o təklif edib. “Onlar, xüsusən, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının bütün elementlərini dərhal yerinə yetirməli və Assambleya ilə 2322 saylı qətnamədə (2020) əksini tapmış tövsiyələr üzərində konstruktiv işə başlamalıdırlar”, deyə Evarsdottir bildirib. Öz növbəsində, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir də müstəqil jurnalist Əfqan Muxtarlının azad edilməsini dəstəkləyib. “Çoxdan gözlənilən Azərbaycanlı jurnalist Əfqan Muxtarlının azadlığa buraxılmasını alqışlayıram. Onun işi ilə bağlı dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət etmişdim, ciddi narahatlığımı bildirmişdim və ona qarşı cinayət ittihamlarını ləğv edib onu azad etməyə çağırmışdım”, deyə Dezir bildirib. “Şadam ki, o, Almaniyada həyat yoldaşı Leyla Mustafayevaya və qızına qovuşa biləcək”, deyə Dezir qeyd edib.