Qapalı ölkənin “BOZ KARDİNALI”- Dünyanın danışdığı SİRLİ QADIN

İddia olunur ki, Kim Yo-Çjin müəmmalı şəkildə yoxa çıxan Şimali Koreya liderinin bütün qərarlarının verilməsində iştirak edib, indi isə...

Şimali Koreya lideri Kim Çen Inın ətrafında müəmma davam edir. Xəbər verdiyimiz kimi, Kim Çen In sonuncu dəfə aprelin 11-də Siyasi Büro iclasında iştirakdan sonra ortadan qeyb olub. Hakimiyyətə gələndən sonra ilk dəfə 15 apreldə bütün ölkədə qeyd olunan "Günəş Günü"ndə iştirak etməməsi sualları daha da artırıb. Qapalı ölkə olması səbəbindən ilk günlər yalnız kəşfiyyat məlumatlarına əsasən, ABŞ bildirib ki, Kim Çen In xəstədir və böyük ehtimalla ürəyindən əməliyyat olunub. CNN də ABŞ-dakı adı açıqlanmayan bir rəsmi mənbəyə istinadən Şimali Koreya liderinin ürək əməliyyatından sonra "həyatının ciddi təhlükədə olduğunu” xəbər verib. Aprelin 22-də Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb. 

“Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, - deyə bildirilib.

Ehtimal edilir ki, əgər In ölərsə, onu əvəz etməyə ən real namizəd kiçik bacısı Kim Yo- Cjindir. “Şimali Koreyada Kim Çen Inı kiçik bacısı Kim Ye-Çjin ilə əvəz etməyə hazırlaşır”.

Bu barədə isə aprelin 23-də Yaponiyanın “Yomiuri” qəzeti Cənubi Koreya, Amerika və Yaponiyadakı mənbələrinə istinadən məlumat yayıb. Bu səbəbdən indi bütün dünyanın diqqəti o qadına yönəlib. Musavat.com onun haqqında topladığı məlumatları təqdim edir.

 

İsveçrədə təhsildən sonra hərbi forma

Kim Yo- Cjindir 1987-ci ilin 26 sentyabrında Pxenyanda anadan olub. Qardaşı Kim Çen Inla həmişə yaxın münasibətləri olub. Təsadüfi deyil ki, əvvəl 1996-2000-ci illərdə İsveçrədə, sonra isə Şimali Koreyada Hərbi Universitetdə birgə oxuyublar. Xaricdə olarkən bacı-qardaş ciddi nəzarət altında olub: KXDR Mərkəzi Komitəsi rəhbərinin müavininin şəxsi evində, təhlükəsizlik işçiləri və qulluqçularının əhatəsində yaşayıblar.

Evdən yalnız dərs üçün çıxdıqları səbəbindən Şimali Koreya lideri uşaqlarını əyləndirmək üçün sənətçiləri ölkəsindən İsveçrəyə göndərərmiş. Uzaqlığa baxmayaraq, valideynlər, digər qohumlar kimi, Berndəki uşaqlara mütəmadi olaraq baş çəkiblər. Son illərində anaları onları daha çox ziyarət edirdi. Çünki anaları İsveçrədə və Fransada döş xərçəngindən müalicə kursu keçirdi. Amma terapiya nəticə vermədi və 2004-cü ildə anaları vəfat etdi.

Mənbələr Şimali Koreya liderinin ən kiçik qızının gənclik illərinin necə keçdiyinə dair susurlar. Amma Kim Çen İr xarici həmsöhbətlərə qürurla deyərmiş ki, kiçik qızı hökumətdə karyera qurmaq istəyir.

Kim Yo- Cjin 2015-ci ilin yanvar ayında hökumət rəsmisinin oğlu Çoy Sonqla ailə qurub. Bəzi mənbələr onun həmin ilin mayında hamilə olduğunu qeyd edirlər, amma uşağı var, ya yox bilinmir. 2011-ci ildə atalarının ölümündən sonra hakimiyyətə yiyələn qardaşı ilə çox yaxınlığına baxmayaraq, uzun müddət kölgədə qalmağı bacarıb. İddia olunur ki, o, qardaşına bir sıra qərarların verilməsində daima yardımçı olsa da, üzdə görünməyib. Bu səbəbdən də Qərb mənbələri onu “xanım boz kardinal” adlandırıb.

Kameralardan qaçardı, amma bir gün...

2010-cu ilin sentyabrında Koreya İşçi Partiyasının üçüncü konfransı zamanı təsadüfən o da kamera obyektivinə tuş gəldi.
Əslində, bu onun mediada ilk görünməsi deyildi. 2011-ci ilin dekabr ayında atası Kim Çen İrin dəfn mərasimi zamanı qardaşının yanında bir neçə dəfə görünsə də, onun kimliyi diqqət çəkməmişdi.

2012-ci ilin əvvəlində o, Milli Müdafiə Komissiyasında turizm meneceri vəzifəsinə təyinat alsa da, bu barədə ölkə televiziyası məlumat vermədi. Amma 2012-ci ilin noyabrında Kim Çen In hərbi parad qəbul edərkən yenə qardaşının ən yaxınında idi.

2014-cü ilin mart ayının 9-da Xalq Məclisinə seçkilərdə o, nəhayət ki, qardaşının kölgəsindən çıxdı və ilk dəfə “Mərkəzi Komitəsinin yüksək vəzifəli məmuru" kimi təqdim olundu. 2014-cü ilin yanvar ayında silahlı qüvvələrə maddi təminat şöbəsinin rəisi oldu. Elə həmin il də Ali Milli Məclisin deputatı seçildi.

2014-cü ilin oktyabr ayında Kim Çen In indiki kimi yenə “yoxa çıxdı” və təxminən 1 ay görünmədi. Mediada yayılan məlumatlara görə, qardaşının bir ay müalicə olduğu müddətdə Kim Yo- Cjin dövlət idarəçiliyini üzərinə götürübmüş...

2014-cü ildə Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini təyin edildi. Amma 2015-ci ilin yayından o, mütəmadi olaraq Şimali Koreya liderini müşayiət etməyə başladı. Bildirilir ki, ölkədə qardaşın təbliğatının arxasındakı adam da bu qadın olub. Ölkədə bütün böyük ictimai tədbirləri təşkil edib.

2017-ci ilin yanvarında o, KXDR-də insan haqlarının pozulmasına görə ABŞ Maliyyə Nazirliyinin “qara siyahısına” salındı və okeanın o tayına yolları bağlandı. 2017-ci ildə isə o, Mərkəzi Komitənin Siyasi Büro üzvü təyin olundu. O, bu vəzifəyə təyin edilən ikinci qadın idi. Yeri gəlmişkən, ilk qadın xalası Kim Gen Hee idi.

Siyasi olimpə gedən yol...

2018-ci ildə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Şimali Koreya nümayəndə heyətinə Kim Yo- Cjin rəhbərlik etdirdi. Bu, hakim Kim sülaləsindən olan birisinin Koreya müharibəsindən sonra Cənubi Koreyaya ilk səfər kimi tarixə düşdü. O, Cənubi Koreya prezidenti tərəfindən yüksək səviyyədə qəbul da edildi.

Xanım Kim qardaşını 2018-ci ilin iyununda və 2019-cu ilin fevralında KXDR -ABŞ sammitində müşayiət etdi. 2019-cu ildə Şimali Koreya Mərkəzi Komitəsinin plenar iclasında Kim Çen Inın qəfil ölümü və ya başqa səbəblərdən ölkəni idarə edə bilməməsi halında bütün səlahiyyətlərin bacısı Kim Yo- Cjinə keçəcəyi qərara alındı.

Son aylaradək də diplomatik işlərdə iştirakını davam etdirən Çjin 2020-ci ilin mart ayında hərbi təlimlərlə əlaqədar Cənubi Koreyanın narahatlığını tənqid edən rəsmi bir bəyanat verdi.

İndi yazılanlara inansaq, tezliklə dünya Şimali Koreya kimi bir qapalı ölkənin rəhbərliyinə “boz kardinalı” kimi tanınan Kim Yo-Cjin gələcək. Gözləyək... (musavat.com)






Fikirlər