Əli Həsənovun QIRMIZI YALANI...
Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Sabiq məmur üç-dörd gündən bir özünün facebook səhifəsində insanları çaşdırmağa hesablanmış statuslar yazsa da, faktları qarışdırmaqla özünü də çətin vəziyyətdə qoyub. Əli Həsənovun ziddiyyətli açıqlamaları onun personasına olan marağı daha da artırıb. Xatırladaq ki, Əli Həsənov avqustun 19-da Azərbaycanı tərk edib. Buna səbəb kimi onun səhhətinin psləşdiyi göstərilib. Yaxın ətrafının verdiyi məlumatdan aydın olub ki, sabiq məmurun ürək-damar sistemindəki problemlər kəskin xarakter aldığı üçün o, uzun illərdən bəri müayinə olunduğu Türkiyəyə üz tutub. AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın qalmaqallı toy mərasiminin ictimailəşməsindən sonra Həsənovun xəstəliyinə siyasi rəng verənlərin sayı sürətlə artdı. Analitiklər kifayət qədər məlumatlı adam olan sabiq şöbə müdirinin vaxtında “aradan çıxdığını” iddia etdilər. Ümumi rəy belə oldu ki, Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra “tozanaq” qopacağını yaxşı bilən Həsənov çıxış yolunu ölkəni gecə ilə tərk etməkdə görüb. Qeyd edək ki, keçmiş köməkçinin səhhətinin kritik olduğuna dair məlumatlar da təsdiqlənmir. Bir neçə gün əvvəl əməkdaşımız "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlasa da, ordan sözügedən tibb ocağında Həsənov Əli Məhəmməd oğlu adlı pasiyentin olmadığını bildiriblər. Xəstəxana belə bir pasiyentlərinin olmadığını sonrakı günlərdə də dəfələrlə təkrarlayıb. Əli Həsənovun növbəti yalanı isə sahib olduğu mülklərin siyahısı yayılarkən verdiyi reaksiya zamanı üzə çıxdı. Təxmini hesablamalara görə keçmiş köməkçinin sərvətinin dəyəri 2 milyard manatdan çoxdur. Gözlənildiyi kimi, Həsənov bu məlumatları da təkzib etdi. O, yenə özünün facebook səhifəsində həmin mülklərin ona və ailəsinə aidiyyatı olmadığını, başqa adamlara məxsus olduğunu bildirdi. Halbuki 6 il əvvəl oxşar iddialara dərhal cavablandırmışdı. Söhbət 2014-cü ildə keçmiş köməkçinin və ailəsinin biznes şəbəkəsi barədə araşdırma yazısından gedir. O zaman Əli Həsənov hələ Prezidentin köməkçisi deyildi, ictimai-siyasi şöbənin müdiri vəzifəsini daşıyırdı. Lakin hakimiyyətin toxunulmaz fiqurlarından hesab edilirdi. Elə bu səbəbdən araşdırma məqaləsindəki faktlara saymazyana münasibət bildirmişdi. O, açıq şəkildə məqalədəki faktların doğru olduğunu bəyan etmiş və ailəsinin biznesi ilə fəxr etdiyini söyləmişdi: "Azadlıq Radiosunun yazdığı şeylərin hamısı doğrudur və mən ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm". Əgər 6 il əvvəl Həsənov ailəsinin sahib olduğu bizneslə fəxr edibsə, deməli, onlara məxsus olan şirkətlər rentabelli olub, ailəyə külli miqdarda gəlir gətirib. Yüksək rütbəli dövlət məmurunun himayəsi altında olan şirkətlərin qazanc gətirməsi anlaşılandır və Azərbaycan reallığında qeyri-adi qəbul olunmur. Bu isə o deməkdir ki, Əli Həsənov 6 il əvvəl daha səmimi olub. İndi isə səlahiyyət sahibi olmadığı üçün əvəlki qədər ürəkli deyil. KİF Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə cinayət işi açılandan sonra isə nəinki ürəkli davrana bilmir, hətta ürək xəstəliyinə tutulub. Əli Həsənovun 6 il əvəvlki açıqlaması ilə üç gün əvvəlki açıqlaması arasındakı ziddiyyətin bir səbəbi var: Həsənov indi yalan danışır. Həm də QIRMIZI YALAN... /Yenisabah.az