"MÜHARİBƏ BAŞLASA, O ƏRAZİDƏ ERMƏNİ QALMAYACAQ" - “Sülhməramlıların vəzifələrinə düzəlişlər olmalıdır”

Tofiq Zülfüqarov: "Layk qazanmaq üçün çalışırlar ki, qorxunc fikirlərlə zəngin iddialar səsləndirsinlər... İnsanları real olmayan, şou xarakterli ”təhlillərlə" aldatmaq olmaz"

 

Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq get-gedə artır. Bu narazılığın fonunda Azərbaycanda bəzi siyasi analitiklər və siyasətçilər iddia edirlər ki, əslində Rusiya Qarabağı ələ keçirir.

Bəs “Rusiya Qarabağı ələ keçirir” iddialarının əsası varmı? Ələ keçirib neyləyəcək? Bunun hüquqi bazası varmı? Sülhməramlı qüvvələri ora yerləşdiribsə, sonra Qarabağı işğalmı edəcək?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirib ki, bəzi siyasi şərhçilər, bəzi siyasətçilər siyasi şərhləri şou-biznesin bir növünə çevirirlər, əsası olmayan rəylər verirlər. Layk qazanmaq üçün çalışırlar ki, qorxunc fikirlərlə zəngin iddialar səsləndirsinlər. Nəticədə isə çox ciddi məsələlərlə bağlı reallıqdan uzaq rəylər sosial şəbəkələrdə və saytlarda uçuşur. Bu, çox ziyanlı vəziyyətdir: “Azərbaycan ictimaiyyəti 44 günlük müharibədən sonra proseslərin gedişatını diqqətlə izləyir, insanları real olmayan, şou xarakterli ”təhlillərlə" aldatmaq olmaz.

Real mənzərəni hərtərəfli izləyib, mümkün olduğu səviyyədə informasiyalar əldə edib sonra şərhlər verilməsi vacibdir.

Cənab Prezident bugünlərdə “CNN” Türk telekanalına müsahibəsində bəyan etdi ki, biz Ermənistanın hər bir addımına cavab verməyə hazırıq və Azərbaycan heç vaxt olmadığı səviyyədə güc sahibidir, dəmir yumruq istənilən an məkrli niyyətlərin qarşısına çıxmağa hazırdır.

Beynəlxalq təcrübə onu göstərir ki, adətən sülhməramlılar hansısa mandatın əsasında fəaliyyət göstərirlər. Bizdə isə fərqli bir mənzərədir. Rusiya sülhməramlılarının fəaliyyəti, hüquqları, vəzifələri işçi müzakirələrin nəticəsində formalaşır. Biz görürük ki, 10 noyabrdan bu yana bəzi məsələlər öz həllini tapıb. Amma həll olunmayan məsələlər də var. Həll olunmayan məsələlərin nədən ibarət olduğunu biz cənab Prezidentin çıxışında da gördük.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, sülhməramlı qüvvələri qəbul eləyən ölkənin suveren hüquqları tam şəkildə qorunur. İndi Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarının vəzifəsi birinci növbədə təhlükəsizliyi təmin etməkdir. Həmin bölgələrin Azərbaycana inteqrasiya məsələsi tamamilə Azərbaycanın suveren hüquqlarıdır. Bu baxımdan sülhməramlıların vəzifələrinə, davranış qaydalarına daimi düzəlişlər olmalıdır. Düzəlişlər tədricən baş verir. İndi aktual olan mövzu ondan ibarətdir ki, sülhməramlıların yerləşdiyi və hazırda ermənilərin olduğu Azərbaycan ərazilərinə İrandan qeyri-qanuni yüklər daşınır, Ermənistandan hərbi maşınlar, hərbçilər, silah aparılır. Ermənistan və ona dəstək verən kənar qüvvələr görür ki, həmin ərazidən erməni əhali köçür, 25 mindən aşağı əhali qalıb. Bax indi bu prosesi dayandırmağa çalışırlar. Rusiya sülhməramlılarının vəzifəsi bu deyil və bu olmamalıdır. Onların vəzifəsi qeyd etdiyimiz kimi, təhlükəsizliyi təmin etməkdir. Azərbaycan bu məsələni qaldırmalı və həll etməlidir. Dəhliz verilibsə, bunun məqsədi təhlükəsiz gediş-gəlişin təmin olunmasıdır. Oraya gedib-gələn Azərbaycan əhalisinin təhlükəsizliyindən söhbət gedir. Deməli, orada Azərbaycan qanunları işləməlidir. Təhlükəsiz gediş-gəliş o demək deyil ki, kim istəyir gedib gələ bilər. İstənilən xarici ölkənin vətəndaşı dəhliz vasitəsilə Azərbaycan ərazisinə daxil olursa, Azərbaycanın razılığı, vizası olmalıdır. Sərbəst gediş-gəliş Azərbaycanın o bölgəsində yaşayan erməni əhali üçündür, Ermənistan vətəndaşları üçün deyil, Fransa parlamentinin nümayəndə heyəti, İranın yük daşıyan maşınları üçün deyil".

Sabiq nazir “Rusiyanın sülhməramlılar vasitəsilə Qarabağı ələ keçirdiyi və özünə birləşdirəcəyi barədə iddiaların əsası yoxdur. Prezident Vladimir Putin Azərbaycan haqqında elə bəyanatlar verir ki, Azərbaycandan başqa heç bir postsovet ölkəsi haqqında o cür fikirləri dilə gətirməyib”, - deyə qeyd etdi:“Putin bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycanın öz ərazilərində suverenliyini təmin etmək hüququ var, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır. Eyni zamanda Putin bəyan edib ki, Türkiyə ilə müttəfiqlik Azərbaycanın hüququdur. Türkiyə NATO ölkəsidir və göründüyü kimi, prezident Vladimir Putin Azərbaycanın NATO ölkəsi ilə müttəfiqliyinə qarşı olmadığını açıq bəyan edir. Baxın görün Putinin ərazisində separatizm ocaqları olan başqa respublikalarla bağlı bu cür bəyanatları varmı? Əlbəttə yoxdur. Rusiya ən yüksək səviyyədə Azərbaycanın həm ərazi bütövlüyünü bərpa etmək hüququnun olduğunu, həm də xarici siyasətində NATO ölkəsi olan Türkiyə ilə müttəfiqlik etmək hüququnu qəbul edir. Putin Azərbaycanın suveren hüquqlarını tanıyır. Mən bunları ona görə xatırladıram ki, ”Rusiya Qarabağ ələ keçirir, işğal edir" kimi şərhlər verənlərin mənzərəyə dar çərçivədən deyil, daha geniş baxması lazımdır. O zaman bəlli olacaq ki, reallıq və gedişat əslində nədən ibarətdir".

T.Zülfüqarov dedi ki, Ermənistanın müharibəyə cəhd etməsi intihar etməsi olacaq:“Ermənistanın 44 günlük müharibədən öncə ordusunun sayı 60 min nəfərə yaxın idi. Müharibədə həmin ordu darmadağın oldu. 10 min civarında itki, 10 mindən yuxarı fərari, 10 minlərlə yaralı. Bu rəqəmlər Ermənistan ordusunun məhv olduğunu göstərir. Yerdə qalanların ruh düşkünlüyünü, təminatlarının acınacaqlı halda olduğunu da nəzərə alsaq onda meydana sual çıxır ki, İrəvan Azərbaycanla nə ilə müharibə edəcək? Azərbaycan Ordusu ötənilki müharibədən sonra daha da güclənib. Ermənistanın çökmüş ”ordusu" özündən dəfələrlə güclü, böyük Azərbaycan Ordusu ilə döyüşəcək? Axı bəllidir ki, belə bir döyüş Ermənistanın olan-qalan hərbi qüvvələrinin də məhvi ilə nəticələnəcək. Ermənistan Rusiya sülhməramlılarının bölgədə olmasına arxayındırsa yanılırlar. Ermənistan unutmamalıdır ki, təkcə son bir ay ərzində Qarabağ deyilən həmin ərazini 5 min erməni tərk edib gedib. Müharibə başlasa, bu rəqəm elə həddə çatacaq ki, o ərazidə qısa müddətdə erməni qalmayacaq".






Fikirlər