Rusiya tarixi boyu bu qədər yalnız qalmamışdı
Rusiya hazırda NATO-nun onun sərhədlərinə yaxınlaşmasına etiraz əlaməti olaraq fərqli bəhanə ilə Ukraynaya müdaxiləni davam etdirir. Rusiya KTMT-ni yaradanda və NATO sərhəddində olan Belarusu və ya Ermənistanı bu təşkilata üzv qəbul edəndə, ABŞ və ya Türkiyə ölü Ermənistana müdaxilə edə bilməzdi ki? Rahatlıqla edə bilərdi. Amma NATO bunu etmədi, çünki Şimal Alyansı və digər sivil qurumlar müstəqil dövlətlərin hansı blokda və kiminlə birgə təmsil olunacaqlarına müstəqil qərar vermək hüququnu tanıyırlar. Dünyada bu hüququ tanımayan bir ölkə qalıbsa, bu Rusiyadır.
NATO ilə Rusiya arasında əsas fərqlərdən biri dövlətlərin müstəqil qərar vermək hüququnu tanınıb-tanınmasından bundan ibarətdir. Digər bir fərq isə Rusiya seperatizmi dəstəkləməsindən və müraciət edən tərəfin kimliyindən asılı olmayaraq, saatlar ərzində onu orbitinə qəbul edir, NATO isə üzv olmaq istəyən ölkəni bəzən 10 il ərzində öz standartlarına uyğunlaşdırandan sonra sıralarına qəbul edir. Rusiyanın ruhuna əsrlərdir ki, “mənimlə olmayan mənim düşmənimdir” fəlsəfəsi hakimdir. Hazırda uçurumun kənarında olan Rusiyanın nə irəliyə yolu qalıb, nə də geriyə. Dünyanı 21-ci əsrdə də qan çanağına çevirməkdə davam edən Rusiyanın yanlış siyasəti ən azı 200 ildir ki, dəyişmir. Nəticədə böyük əraziyə və resurslara malik bir ölkə dünyada hərbi və siyasi nüfuzunu tam itirib. Hətta Suriya, Venesuela, İran və Şimali Koreya kimi Rusiya tərəfdaşları Kremlə dəstək bəyanatı belə səsləndirə bilmir. Rusiya tarixi boyu bu qədər yalnız qalmamışdı.
Tutaq ki, Rusiya Ukraynanı işğal etdi və hipotetik olaraq orada öz adamını hakimiyətə gətirdi. Belə olan halda Rusiya dağıtdığı infrastrukturu Çeçenistanda olduğu kimi bərpa etməlidir. Bunun üçün vəsaiti tapması isə mümkün deyil. Kremlin işğal fəaliyyətlərini dayandırıb geri çəkilməsi də çətin məsələdir. Bu zaman SSRİ- Finlandiya müharibəsindən daha rüsvayçı və biabır vəziyyətə düşə bilər. Buna görə də Rusiya nüvə silahı ilə Qərbin sanksiyalardan geri çəkilməsinə nail olmağa çalışır. Amma istənilən addım Rusiyanın ziyanına işləyir. Rusiyada ABŞ-ın adi kağız parçası kimi çap etdiyi dollar qıtlığı yaşanır. Bütün dünyanın yarısından çoxu Ukraynaya hərbi-siyasi dəstək verir. Avropa artıq silahı yerə qoyan rus əsgərinə sığınacaq təklif edir. Ukrayna da əsir düşən rus əsgərinə mükafat, silah və texnika ilə əsir düşənə isə əlavə olaraq vətəndaşlıq vəd edərsə, daha fərqli traqikomik səhnələr müşahidə edəcəyik.
Ədalət Verdiyev, hərbi ekspert