"Putin cəzasız qalmamalıdır" - Keçmişdən gələn imperiya düşüncəsi...

Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Yeni Sabah”a müsahibəsi:

–   Rusiya-Ukrayna müharibəsinin bəzi müşahidəçiləri güman edirlər ki, Putinin siyasi səhnədən gedişi ilə Rusiya işğalçılıq siyasətindən əl çəkə bilər. Lakin müşahidəçilərin digər qismi bu rəydədir ki, təcavüzkarlıq və işğalçılıq rusların qanındadır...

– Bu məsələ dövlətin marağı şəxsiyyətin marağı ilə uzlaşmır. Amma nəzərə alaq ki, Rusiya həmişə imperiya dövləti olub və müasir Rusiya Federasiyası özünü hüququ baxımdan sələflərinin varisi kimi təsnif edib.

Əgər Rusiya bu düşüncə tərzindən, bu xarici siyasətdən imtina etməyəcəksə, təbii ki, oxşar hadisələrə bundan sonra da rast gəlinəcək. Çünki bir aktor və beynəlxalq subyekt kimi Rusiya dövləti və onun başçıları maraqlarının Rusiyanın sərhədləri ilə ölçülmədiyini dəfələrlə bildiriblər. Bunu istər Suriyada, istərsə də Ukraynada əyani görmək olar. 

Bu cür düşüncə tərzindən imtina edilmədiyi təqdirdə Putin və yaxud başqa bir şəxsin hakimiyyət başında olmasından asılı olmayaraq, həmin siyasət, ona müvafiq olaraq da bir sıra hərbi tədbirlərin həyata keçirilməsi davamlı olacaq.

– XXI əsrdə təcavüz və işğal siyasəti Moskvaya nə vəd edir?

– Ərazi bütövlüyü BMT səviyyəsində, o cümlədən Rusiya tərəfindən də tanınıb, amma dinc insanlar qətlə yetirilirsə, şəhərlər viran qoyulursa, buna heç cürə bəraət qazandırmaq mümkün deyil. Bu, beynəlxalq normaların işləmədiyi bir mənzərədir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətin belə bir siyasət yürütməsi, təbii ki, digər dövlətləri ciddi narahat edir.

Putinlə bağlı məsələyə gəlincə, o, beynəlxalq səviyyədə cəzasız qalmamalıdır. Çünki hər hansı bir suveren dövlətin müəyyən bir yön seçməsi, hansısa təşkilata üzv olması, yaxud da onun sərhədləri yaxınında qoşun cəmlənməsi, özünü hər hansısa bir silaha sahib olma niyyəti bu cür həll olunmamalıdır. 

Əgər bu, presedent kimi cəzasız qalacaqsa, deməli, bundan sonra istənilən güclü dövlət iddia etdiyi, “tarixi ərazi” hesab etdiyi ölkəyə açıq şəkildə müdaxilə edə, hakimiyyətini qura və bunun tanınması yönündə diplomatik səylər də göstərə bilər. 

Buna görə də, beynəlxalq ictimaiyyət bu sayaq addımları nəinki qınanmalı, həm də hüquqi müstəvidə, beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləməlidir. Dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməli, sərhəd pozuntularına yol verməməli və hər bir məsələ yalnız və yalnız danışıqlar yolu ilə həllini tapmalıdır. 
Odur ki, XXI əsrdə Ukraynada baş verən hadisələr bəşəriyyət üçün üzqarasıdır.

– Rusiyanın davamlı işğalçılıq siyasəti I Pyotrdan başlayırmı? Axı “Velikaya derjava” (“Möhtəşəm dövlət”), “Novorossiya” (“Yeni Rusiya) anlayışları bu gün, yəni Putin Rusiyasında yaranmayıb...

– Rusiyanın hazırda etdikləri imperiya düşüncə tərzinin ifadəsidir. Bu düşüncə I Pyotrla başlamır. IV İvan dövründə, hətta ondan da əvvəl isti dənizlərə sahib olma, ərazini genişləndirmə, imperiya qurma istəkləri olub. 

Bu, yalnız Rusiya yox, digər orta əsr dövlətləri, müstəmləkə dövlətləri, eləcə də imperiyalar üçün səciyyəvi xüsusiyyətdir. Amma o zamanlar beynəlxalq normaların işləmədiyi bir mühit vardı, dövlətlərin məsələləri hüquqi müstəvidə, kollektiv şəkildə həll etmədiyi bir dövr idi. Amma son 100 ildə Millətlər Cəmiyyəti, sonra isə BMT yaranıb, beynəlxalq öhdəliklərin götürüldüyü bir şəraitdə bu cür addım təhdid mənbəyidir. 

Nəzərə alaq ki, söhbət həm də nüvə dövlətindən gedir.






Fikirlər