“Çovdarov orada-burada söyüşlə deyir ki...” - Hafiz Hacıyev
“Dövlət əmlakına zərər vuran şəxslərin əmlakının geri qaytarılması bir ənənə şəklini alıb və bu, gələcəyimiz, eləcə də Azərbaycan dövlətçiliyi üçün çox pis bir ənənədir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri hafiz Hacıyev deyib. O, KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin müsadirə olunan əmlaklarının geri qaytarılması faktından sonra Azərbaycanda bu məsələ ilə bağlı baş verən analoji hadisələri şərh edib. Xatırladaq ki, bundan öncə ləğv olunmuş MTN-in sabiq general-mayoru Akif Çovdarovun da həbs qoyulan əmlakı Ali Məhkəmə tərəfindən ona geri qaytarılmışdı. Öz növbəsində, H. Hacıyev söyləyib ki, bu tendensiya belə davam etsə, bundan sonrakı bütün məmur təbəqəsinin hamısı dövlətin əmlakını talayıb, gedib 1 il içəridə yatandan sonra çıxıb oğurladıqları əmlaklara yenidən sahib olacaqlar: “Elə bir kassada öz mallarını saxlayırlar. Sağ olsun, dövlətimiz də korrupsionerlərin var-dövlətini əlindən alıb bir müddət saxlayandan sonra özünə qaytarır. Hər halda bu heç də yaxşı ənənə deyil”. “Bunun da səbəbi odur ki, bu gün Ramiz Mehdiyevin kadrlarının əksəriyyəti mediaya rəhbərlik edir. Onlar Azərbaycan mediasını, eləcə də ölkəmizin xaricdəki imicini pis günə qoyublar. Ramiz Mehdiyevin kadrlarının hamısı bu gün Azərbaycan dövlətinin əleyhinə işləyən insanlardır. Biz nə qədər bu insanları tənqid etsək də, sonradan görürük ki, onların vəzifələrini artırırlar. Hələ Akif Çovdarovun özü orada-burada söyüşlə deyir ki, “baxın, gördünüz, nə etdim?”. O biriləri də eynilə. Bəxt yaxşı şeydir. Bunlar xalqın, dövlətin malını talan etsinlər, getsinlər içəridə yatsınlar, sonra da yığdıqlarının 1%-ni verib çıxsınlar və eyş-işrət içərisində yaşasınlar. Belə şey olmaz!”, – əlavə edib. Həmsöhbətimiz iddia edib ki, bu gün Əli Həsənovun vəzifədə qalan adamları xəyanətlə məşğuldur: “Bizim 30 illik “anaş” müxalifətdən daha çox onlar bu dövlətə xəyanət edir. Belə bir narahatçılıq var və biz bunu büruzə verməliyik. Onlar bu gün milli birliyi pozurlar, qoymurlar ki, Azərbaycanda dövlət başçısı ilə xalq arasında milli birlik daha möhkəmlənsin. Ramiz Mehdiyev də bununla onu sübut etmək istəyir ki, onun komandası hələ də üzdədir, gücdədir və onun dediyi olacaq. Biz artıq bunları deməkdən də yorulmuşuq. Təki hər şey daha yaxşı olsun, buna ümid edirəm”.